İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşanə rəqqasə ilə idmançının əlbəyaxa davasından danışdı: “Mən nə edə bilərdim ki…” - QALMAQAL, VİDEO

2952 08.06.2018 15:30 Qalmaqal A A

ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramında növbəti dəfə böyük qalmaqal yaşanıb. Belə ki, Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi verilişdə məşqçi Taleh Qəhrəmanovla rəqqasə Simona Əmir arasında əlbəyaxa dava olub. Buna səbəb isə rəqqasənin çıxışı zamanı məşqçinin qulaqcıq taxaraq, mahnıya qulaq asması olub. O, oriyental rəqsi bəyənmədiyini, Simonaya baxmaq istəmədiyini deyib. 

Rəqqasə isə Talehin tərbiyəsiz olduğunu söyləyib. Onun bu addımı Talehi özündən çıxarıb və Simonun üstünə su töküb. Bu isə tərəflər arasında davaya səbəb olub. 

Sözügedən görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Kimisi  tərəfləri tənqid edib, kimisi Rövşanə Ağasəfqızını proqramda səhnəciklər qurmaqda ittiham edib.

Musavat.com məsələ ilə bağlı aparıcının fikirlərini öyrənib. R. Ağasəfqızı  yaşananlara belə aydınlıq gətirib: “Biz verilişə əks fikirli insanları dəvət edirik ki, eyni ağaca döyəcləməsinlər, fərqli fikirli insanlar qonaq olsun. Sözügedən verilişə oriyentalı bəyənənlər və bəyənməyənlər dəvət olunmuşdu ki, fərqli fikirlər səsləndirisin, proqram maraqlı olsun. Hər şey gözlənilməz oldu. Taleh Qəhrəmanov sosial şəbəkədə tanınmış simadır. O demişdi ki, oriyental rəqsi bəyənmir, müsəlmanlığa zidd sayır. Biz də qonaq dəvət edəndə araşdırma aparırıq, xəbər portallarını, sosial şəbəkələri izləyirik, insanların fikirləri ilə tanış oluruq. Bizim studiya teatr salonu deyil. Yaşananlar qəfil baş verir.

Mən də gözləmirdim ki, tərəflər dalaşacaq. Orada susdum. Bəzən bu cür hadisələr olanda müdaxilə edirəm, səbirsizlik göstərirəm. Bu dəfə isə gözlənilməz aqressiya yarandığı üçün verilişi saxladıq, davam etmədik. Qurma olsaydı, verilişin əvvəlində edərdik,  sonra da qalmaqalı davam etdirərdik. Amma biz o davadan sonra tamaşaçılar ilə sağ ollaşdıq. Təəssüf ki, bizdə qarşı kontur fikrə münasibət birmənalı deyil. Hər kəs özü fikrinin doğru olduğunu deyir. Mən aparıcı olduğum üçün neytral qalıram. Biz insanların fikrinə hörmətlə yanaşmalıyıq. Qarşındakının fikrini qəbul etməyə bilərsən, amma hörmətlə yanaşmalısan. Hər kəsin fərqli və fərdi fikri var. Hörmətlə yanaşmalıyıq”.

Aparıcı verilişindəki qalmaqallara görə onu peşəkarlıqdan uzaq adlandıranlara da cavab verib: “20 ildir ki, televiziyadayam. Üzdə olan 5 aparıcıdan biriyəm. Dövlət televiziyasından bu yana bir çox telekanallarda illərlə çalışmışam. Verilişimdə yaşananların mənim peşəkar olmağıma aidliyi yoxdur. 20 illik təcrübəsi olan adama qeyri-peşəkar demək absurddur. Mən sözümü deyən aparıcı olmuşam, indi də eləyəm. Bəzən mənə deyirlər ki, çox şeyə tənqidi yanaşırsan. Mənə də tənqidi yanaşanlar var. Hörmətlə yanaşıram”.

R.Ağasəfqızı  sosial şəbəkədə haqqında yazılan şərhlərdən də söhbət açıb: “Hər zaman demişəm ki, “İnstagram” və “Facebook” istifadəçiləri fərqli kateqoriyalardandır. ”İnstagram” izləyiciləri daha çox yıxıb-sürüyür. Yazanlara neqativ nə isə deyə bilmərəm. Hər kəs fikir bildirmək istəyir, aqressiyasını göstərir. Sözügedən görüntülər barədə də xeyli şərh yazıldı. 500 nəfər şərh yazmışdısa, 400-ü harada baxa biləcəyini soruşurdu. Insanlara maraqlıdır. Mən də soruşaram ki, qalmaqal sizə maraqlı deyilsə, niyə izləyirsiniz? Parodoksal görüntü yaranıb. Həm tənqid edirlər, həm can atıb baxırlar.

Mən tamaşaçının can atdığı verilişi podnosda təqdim edirəm, buna məcburam. Əgər bir anonsu 80 min insan izləyib, hadisə haqqında ətraflı öyrənmək istəyirsə, mən nə edə bilərəm? Hər bir aparıcı istəyir ki, proqramı baxımlı olsun. Dünyanın hər yerində  realiti şoulara, maqazin xəbərlərinə, qalmaqallı proqramlara tələbat var. Biz 50 il öncəki kimi verilişlər təqdim etsək, heç kim televiziyalara baxmaz. Mən tamaşaçımın istədiyini verirəm. Deyirlər ki, televiziya kütləni arxası ilə aparmalıdır. Razıyam. Amma hazırkı durum bunu tələb etmir, bazar, televiziya tamaşaçının istəyini reallaşdırır. Biz də o parçadan biriyik”.

Məsələyə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov da münasibət bildirib.  O, “Qafqazinfo”ya açıqlamasında deyib ki, “Sirdaş Rövşanə” də baş verən əlbəyaxa davada məsuliyyəti aparıcı daşıyır: “Burada gərginlik iştirakçılar arasında baş verib. Əsas məsuliyyət və tələblər aparıcıya aiddir. Əgər aparıcı da bu gərginlikdə tərəf olsaydı, məsələyə başqa cür qiymət verə bilərdik. Amma yenə də deyirəm, şoudur, müzakirə verilişidir. Müəyyən fikir ayrılıqları, mübahisələr, gərginliklər ola bilər. Bu, xarici ölkə televiziyalarında da olur. Bəzən görürsən ki, iştirakçılar arasında gərginlik yaşanır, aparıcı və ya digər personal vəziyyəti nəzarət altına almaqda çətinlik çəkirlər. Lakin bütün bunlarla yanaşı, bütün yayımçılar, xüsusilə verilişlərin yaradıcı heyəti dəvət olunan iştirakçıların seçilməsində diqqətli olmalıdırlar. Ümumilikdə bu sektorda çalışan hər kəs milli efirimizin səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır”.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR