Bakı Şəhər İcra Hakimiyyəti də öz növbəsində həmin əraziləri bələdiyyələrin balansına verib. Bələdiyyələr də həmin torpaqları vətəndaşlara satıb. Vətəndaşlar bu torpaqlarda ev tikib və özəlləşdiriblər - onların mülkiyyət hüququnu dövlət tanıyıb. Yəni burada qanunsuz torpaq zəbt edilməsindən söhbət belə gedə bilməz. Ancaq buna baxmayaraq, Neft Şirkəti həmin əraziləri zor gücünə öz balansına qatmağa çalışır.
Mənbə deyir ki, istənilən halda Dövlət Neft Şirkətinin bu torpaqların ona məxsus olduğunu sübut etmək mexanizmi yoxdur. Çünki ARDNŞ-in neft çıxarılan torpaqların xəritəsi hələ təsdiq edilməyib. Xəritə isə Dövlət Neft Şirkətinin baş geoloqunun imzası ilə təsdiqini tapmalıdır. Hələlik belə bir xəritə yoxdur, Neft Şirkəti ötən əsrin 80-ci illərinin xəritəsinə istinad etməklə belə iddialarla çıxış edir. Ancaq köhnə xəritənin təsdiqlənməsinin üstündən 30 ildən çox keçib və bir sıra torpaqlar artıq neft xəritəsindən tam şəkildə çıxarılıb. Yəni həmin ərazilər neft hasilatı üçün yararsızdır. Məhz həmin torpaqlar Y.Camalovun məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə verilib.
Qaynaq onu da deyir ki, ARDNŞ-in Y.Camalovun Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi torpaqları geri almağa çalışması həm də Rövnəq Abdullayevlə müdafiə sənayesi naziri arasında olan köhnə münaqişədən qaynaqlanır.
Yada salaq ki, Y.Camalov 2006-cı ilin əvvəlinə qədər ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. Neft emalı zavodları istisna olmaqla, neftlə bağlı bütün müəssisələr “Azneft” İB-in tərkibində olub. Y.Camalov İB-in baş direktoru işləyərkən mühüm postlara öz yaxınlarını, qohumlarını yerləşdirə bilmiş, faktiki olaraq ARDNŞ-də muxtar status əldə etmişdi.
2006-cı ilin əvvəlində R.Abdullayev ARDNŞ prezidenti postunu ələ keçirəndən sonra Y.Camalovun muxtariyyətinə son qoyuldu və münaqişə başladı. Münaqişəyə hakimiyyətin üst qatının müdaxiləsi ilə ara verildi - Y.Camalov neft sektorundan tam şəkildə uzaqlaşdırıldı və müdafiə sənayesi naziri təyin edildi. Ancaq bir azdan münaqişə yenidən alovlandı. R.Abdullayev Y.Camalovun yaxınlarını işdən çıxartdı. Ən başlıcası isə “Azneft” İB-in təchizatı Y.Camalovun qardaşı Əlihüseyn Camalovun (hazırda Müdafiə Sənayesi Nazirliyinə məxsus olan Milli Aerokosmik Agentliyin baş direktor müavini vəzifəsində işləyir - red.) rəhbərlik etdiyi şirkətdən alındı. Bu, Y.Camalovun ən əsas maliyyə qaynağı idi. Təchizat adıyla hər ay on milyonlar hesabdan silinir və şəxsi ciblərə ötürülürdü.
İndi R.Abdullayev Y.Camalovun dövründə Bakı Şəhər İcra Hakimiyyətinə verilən torpaqları geri almaqla rəqibinə növbəti zərbəni vurmağa çalışır. Bir sözlə, ənənəvi olaraq iki məmur arasında gedən münaqişənin qurbanı yenə də sadə insanlardır.






