
Roma Papasının “soyqırım” ifadəsinə Türkiyənin cavabı nə olacaq?
Elxan Şahinoğlu: “Avropa İttifaqı və Vatikan Türkiyəni hədəfə alıblar”
Roma Papası Fransiskin Ermənistana iki günlük səfəri çərçivəsində növbəti dəfə “soyqırım” ifadəsini işlətməsi son günlərin əsas müzakirə mövzularından biri oldu. Əvvəlcədən papanın bu ifadələrə yer verməyəcəyi deyilirdi, amma gözləntilərin əksi baş verdi.
Səfər ərəfəsində Fransiskin çıxışının mətninin hazırlandığı və jurnalistlərə paylandığı, orada “soyqırım” ifadəsinin olmadığı barədə xəbərlər yayıldı. Amma göründüyü kimi, papa son anda fikrini dəyişib.
Burada ermənilərin təsirimi oldu, yaxud başqa səbəblər bunu papaya dedirtdi?
Bu suallar ətrafında müzakirələr getdikcə artmaqdadır. Qeyd edək ki, ötən il də Roma papası bu ifadəni işlətmiş və Türkiyə Vatikandakı səfirini geri çağırmışdı. Sonradan əlaqələr yenidən bərpa olunmuşdu. İndi qardaş ölkənin hansı addımlar atacağı suallar doğurur.
Politoloq Elxan Şahinoğlu papanın son açıqlamalarının Türkiyə ilə yanaşı Azərbaycanda da ciddi narazılıq doğurduğunu bildirdi: “Roma papası əvvəlcədən “erməni soyqırımı”nı tanıyıb. Bu ifadəni də əvvəlcədən işlədib. Sadəcə indiki həssas məqamda səfəri çərçivəsində bu ifadəni işlətməsi Türkiyə və Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Çünki son zamanlar Azərbaycan və Vatikan arasında münasibətlər istiləşmişdi. Heydər Əliyev Fondu Vatikandakı muzeylərin bərpasında mühüm rol oynayırdı. Bunu Vatikan rəhbərliyi anlayır və dəyərləndirirdi. Bu ilin sonlarında Roma Papasının Gürcüstan və Azərbaycana da səfəri nəzərdə tutulub. Hansı ölkəyə səfər edirsə, Roma Papası həmin xalqa xoş gəlmək üçün bu cür açıqlamalar verir. Ermənistanda bu açıqlamaları verib, görək biz də hansı açıqlamaları verəcək. Hər halda durub deməz ki, Dağlıq Qarabağa azadlıq verin. Rəsmi kanallar vasitəsilə bu məsələləri bir daha dəqiqləşdirməliyik. Bunu hər kəs düşünməlidir. Əslində Avropa İttifaqı və Vatikan Türkiyəni hədəfə alıblar. Almaniya Parlamentinin qəfil qərarı və papanın səfəri zamanı bu ifadəni işlətməsi ikiüzlü siyasətdən xəbər verir. Papa açıq şəkildə ayrı-seçkilik salır”.

Politoloq Türkiyənin atacağı addımlardan da söz açdı: “Türkiyənin xüsusi bir addımlar atacağını gözləmirəm. Çünki bu açıqlama parlament səviyyəsində deyil. Əlbəttə Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı müəyyən açıqlamalar verə bilər. Sərt qərarla olmayacaq. Vatikanla yaxın əlaqələr də yoxdur. Mətnin dəyişməsi ilə bağlı fikirlərə inanmıram. Roma Papası tanınmış fiqurdur. Əvvəlcədən bilir ki, səfərində nə deyəcək. Çıxışların hazırlanması doğrudur. Ermənistan səfərində əvvəlcədən məqsəd bu idi ki, “soyqırım” ifadəsi işlədiləcək. Bu olmasaydı, heç səfər də olmazdı”.
Cavanşir ABBASLI
Musavat.com






