İnsanlara hürriyət, millətlərə istiqlal!

Riqa sammiti Qarabağ danışıqlarına yeni hərəkətlilik verə bilər

1045 15.05.2015 08:25 KİVDF layihələri A A

Bir həftə sonra Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” Sammiti öz işinə başlayacaq. Artıq bəllidir ki, sammitdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyann da iştirak edəcəklər. Doğrudur, onlar arasında Dağlıq Qarabağla bağlı görüş olacağı haqda məlumat yoxdur. Bununla belə, AB rəsmisi bunu istisna da etməyib və bildirib ki, qurum hər zaman münaqişə tərəfləri arasında ən yüksək səviyyədə təmasların tərəfdarıdır, çünki bu, ən azından müharibə riskinin azalmasına xidmət edir.

O da var ki, AB və onu qanunverici orqanı olan Avropa Parlamenti Qarabağ nizamlanmasında birbaşa iştirak eləmir, danışıqlar prosesində adətən ATƏT-in Minsk Qrupunun (MQ) mövqeyini dəstəkləyir. Ancaq məsələ də ondadır ki, Minsk Qrupu bir çox ekspertlərin də etiraf etdiyi kimi, artıq tükənib. Atəşkəsdən keçən 21 ildə bu format çərçivəsində heç bir real həll modeli, təklif reallaşmayıb.

Bu və digər səbəbdən Riqa sammitində ümumən postsovet məkanında konfliktli ərazilər, separatçı hərəkatlarla bağlı ortaq bir yanaşma-bəyanat qəbul edilməsi işin yalnız xeyrinə ola bilərdi. Belə bir sənəd həm də ona görə vacibdir ki, “Şərq Tərəfdaşlığı”na üzv 6 ölkənin dördündə Rusiyanın əli ilə etnik-ərazi münaqişələri qızışdırılıb və körüklənməkdədir. 
Nüfuzlu beynəlxalq təşkilat olaraq AB-nin beynəlxalq hüquq normalarına sadiqliyini təkcə Ukrayna (Donbas) münaqişəsi zamanı deyil, ümumən postsovet məkanındakı konfliktlər fonunda bir daha Riqa sammitində bəyan eləməsi çox əhəmiyyətli olardı. Eyni zamanda Rusiya başda olmaqla, Avrasiya məkanındakı bütün işğalçılara ciddi mesaj olardı. 

Söz düşmüşkən, AB-nin digər bir rəsmisi bugünlərdə bəyan eləmişdi ki, “Şərq Tərəfdaşlığı” proqramının bir üzv ölkəsinin digərinin ərazisini işğal eləməsi yolverilməzdir. Söhbət əlbəttə ki, Ermənistandan gedir. Nəzərə alsaq ki, Riqa sammitində Minsk Qrupunun üçüncü həmsədr dövləti olan Fransanın prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Avropanın digər liderləri də iştirak edəcək, o zaman belə bir sənədin əhəmiyyəti daha böyük sanbal daşıya bilər və növbəti Əliyev-Sərkisyan görüşünün effektindən də böyük olar.

 

Hər necə olmasa, nüfuzlu qurumlar “tüstülənən” Qarabağ münaqişəsinin təzədən alovlanmaması üçün vaxtında və gərəkən addımlar atmaq zorundadır. O sırada AB məxsusən və daha ciddi rol oynaya bilər, çünki onun ATƏT-dən fərqli olaraq ölkələrə konkret təsir-təzyiq rıçaqları var. Nə qədər ki, bu vasitəçilik və mexanizmlər Ermənistana münasibətdə işə düşməyib, Dağlıq Qarabağ məsələsində Minsk Qrupundan irəliləyiş, İrəvandan isə konstruktivlik gözləmək sadəlövhlük olardı...    

*    *    *    *    *
“Minsk Qrupunun vasitəçiliyi AB tərəfindən dəstəklənir, amma AB-nin Minsk Qrupuna dəstəyi kifayət qədər politoloji tədqiqata əsaslanmır. Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ideya və resurs baxımdan tükəndiyini çoxdan bəyan edilib. Qurumun davranışı da bunu sübut edir. Vasitəçilər bu vaxtadək heç bir yeni ideya irəli sürməyiblər. Digər qurumlardan irəli sürülən ideyaları isə boğmaqla məşğuldurlar”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, Mübariz Əhmədoğlu deyib (“Trend”).
Politoloq hesab edir ki, MQ-yə daxil olan ayrı-ayrı dövlətlərin qrupun qalan üzvlərinin də işini canlandırmaqla bağlı ideyaları həmsədrlər tərəfindən dərhal neytrallaşdırılıb: “Həmsədrlərin irəli sürdüyü təklifləri tərəflərdən biri qəbul etmir və o zaman dərhal həmsədrlər bu təklifi daha aşağı statuslu, daha az təsirli təkliflə əvəzləyirlər”.


Onun sözlərinə görə, bəzi avropalı deputatlar və siyasətçilər də Qarabağ münaqişəsinin tənzimləməsinə qeyri-məntiqi yanaşma sərgiləyirlər: “Məsələn, onlar Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyini əsas götürüb Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfərlər edirlər. Azərbaycan BMT, ATƏT, AŞPA, AB-nin ”Şərq Tərəfdaşlığı" Proqramının üzvüdür. Avropada sərbəst yerdəyişmə azadlığı prioritetdirsə, ortaya sual çıxır: bəs onda niyə Dağlıq Qarabağda işğaldan öncə yaşamış azərbaycanlılar indi Dağlıq Qarabağ ərazisinə gedə bilmirlər? Ağdam, Füzuli və ya Cəbrayılın bir kəndinin sakini o biri kəndə ayaq basa bilmir?"

Əhmədoğlu hesab edir ki, Ermənistanın münaqişənin yalnız dinc yolla tənzimlənməsinin tərəfdarı olması da tənzimlənməni yubatmaq üçün istifadə etdiyi rıçaqlardan biridir: “Ermənistan münaqişənin yalnız Minsk Qrupu müstəvisində tənzimlənməsinin tərəfdarıdır. Minsk Qrupu da konsensus mexanizmi ilə işləyir. AŞ PA, AB və BMT-də isə qərarlar ya majoritar, ya da qarışıq səsvermə mexanizmi üzrə qəbul edilir. Vəziyyət o həddədir ki, Ermənistan hətta münaqişənin tənzimlənməsi üçün AŞ PA-da Alt Komitə yaradılmasının, orada müzakirəsinin əleyhinədir. Vasitəçilər AŞ PA-nın tənzimləmədəki rolunun ziyan və ya faydalı olmasına heç bir münasibət bildirməyib. AŞ PA yalnız ideyalar, təkliflər ortalığa qoya bilər. Amma Avropa Şurası nəhayət ki, vəziyyətdən çıxış yolunu tapa bildi. Bütövlükdə MDB məkanındakı münaqişələri müzakirə etmək üçün Alt Komitə yaratdı. AB istəsə o da bu variantdan yararlana bilər. Vacib olan AB-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə həqiqətən məşğul olmaq niyyətidir. Bu varsa, AB Minsk Qrupunun tənzimləmədəki rolunu tədqiq edib müvafiq nəticələr çıxara bilər. Ermənistanın davranışı xüsusi tədqiq edilməlidir. Minsk Qrupu və Ermənistanın birgə davranışı regionu müharibəyə sürükləyir”. 

“AB-nin Riqa sammiti münaqişənin tənzimlənməsində ideya qıtlığını və pərakəndəliyini aradan qaldırmaq, tənzimləməyə yeni stimul vermək, MQ-nin fəaliyyətini gücləndirmək məsələlərinə mühüm töhfə verə bilər” - əlavə edib o. 

*    *    *    *    *
Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi, bütövlükdə Qərb postsovet məkanındakı konfliktlərin köklü həllinə əsas maneənin Rusiya olduğunu bilir. Demək, Kremli bu münaqişələrin həll müstəvisindən bacardıqca uzaqlaşdırmaq lazımdır. Avropa Birliyi belə bir müstəvi rolu oynaya bilər. Mexanizmini tapmaq isə artıq rəsmi Brüsselin işidir. Riqa sammiti bu yöndə uğurlu başlanğıc ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR