Avqustun 14-də Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə, Braziliyanın Rio de Janeyro şəhərinin Bələdiyyə teatrında, Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr edilmiş konsert keçirilib.
Səfirlikdən musavat.com-a verilən məlumata görə, konsertdə, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi və soprano Selcan Nəsiblinin iştirakı ilə Braziliya Simfonik Orkestri ifasında Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Nəsimi haqqında nağıl”, Qara Qarayevin “Don Kixot”, Maurice Ravelin “Şəhrizad” və Claude Debussynin “L’Apres-midi d’un Faune” əsərləri ifa edilib.
Rio De Janeyro şəhərinin ən məşhur teatrında keçirilən tədbir yerli auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edilməlidir ki, Bakı şəhəri ilə qardaşlaşmış Rio de Janeyro şəhərində artıq üçüncü dəfədir ki, Yalçın Adıgözəlovun dirijorluğu altında keçirilən konsertdə Rio de Janeyro şəhərinin və Ştatının rəsmiləri iştirak edib və konserti yüksək qiymətləndiriblər.
Keçirilmiş tədbirdə çoxsaylı tamaşaçılarla birlikdə, Rio de Janeyro şəhər meriyasının nümayəndələri, Rio de Janeyro Federal Universitetinin tələbə və professor heyyəti, eləcə də Braziliya Milli Konqresinin üzvləri iştirak ediblər.
Yerli mətbuat tərəfindən işıqlandırlımış konsertin yazısı, bir ay müddətində yerli radiolarda səsləndiriləcək.
Musavat.com







