İnsanlara hürriyət, millətlərə istiqlal!

Rey Kərimoğlundan özlərini yandırmaq istəyən Qarabağ əlillərinə etiraz

631 16.02.2014 09:22 Ölkə A A

İki gün öncə saat 15.30 radələrində Sumqayıt şəhərində yaşayan I qrup Qarabağ əlili Malik Qardaşxan oğlu Məcidov özünü yandırmaq istəyib. Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qabağına gələrək əlindəki butulkanın içərisindəki benzini üstünə tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib.
Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib. Malik Məcidov maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyib.

Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də maddi durumunun ağır olmasından şikayət edib.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyev ANS PRESS-ə deyib ki, heç kəs özünü öldürmək istəməyib. Deyilənlər yalandı. “Sumqayıtda problemi olanlar bizə müraciət edib və tərəfimizdən əhalinin bütün problemləri həll olunur”, - deyə Sahib Quliyev bildirib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü olan Rey Kərimoğlu Qarabağ əlillərinin problemlərdən çıxış yolu kimi intihara əl atmalarına həm özünün, həm də İctimai Birliyin qəti etiraz etdiyini dedi: “Hadisə Sumqayıtda olub. Sumqayıtda da bizim ”Qarabağ Qaziləri" İctimai Birliyinin şöbəsi var. Sumqayıt şöbəsinin sədri Elşən Mustafayev hadisə yerində olub. Məcidov Malikin özü ilə görüşüb, səhhəti ilə maraqlanıblar. Məcidov Malik özünü yandırmayıb, buna cəhd edib. Ətrafdakı insanlar da onun bu cəhdinin qarşısını alıblar. Qarabağ qazisi Zaur Həsənovun ölümündən sonra əlillər arasında intihara cəhd artıb. Bu insanların psixoloji cəhətdən problemləri var. Biz də dəfələrlə bu intiharların qarşısı alınsın deyə dövlət strukturlarına, mətbuata müraciət edirik. Söhbət burada tək bir problemin həllindən getmir. Həmin bu insanlar çox gərgin, aqressivdirlər. Biri intihar edib, sonra problemi həll olundusa, o biri də bu fikrə düşür. Amma bu, çıxış yolu deyil. Qarabağ əlillərinin, şəhid ailələrinin problemləri ilə yaxından məşğul olan iki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyidir. Bu strukturlarla görüşlərimiz olub. Çox ciddi söhbətlər aparılıb. Onu deyim ki, bizim qazilər birliyinin bu cür hallara münasibəti heç də yaxşı deyil. Arzu etməzdik ki, əlillər problemdən çıxış yolu kimi özlərini yandırsınlar. Bu, cəmiyyətdə sonra başqa istiqamətə yönəlir, cəmiyyət də buna yaxşı reaksiya vermir".

R.Kərimoğlunun fikrincə, bəzi Qarabağ əlilləri bəzi hallarda sui-istifadəyə yol verirlər: “Bu belə olmaz. Dövlətdən dəfələrlə ev almış, dəfələrlə müəyyən iş yerləri əldə etmiş adamlar da var ki, artıq şantaj yoluna keçiblər. Bu, qəti yolverilməzdir. Düzdür, bu, Məcidov Malikə aid deyil. Bizdə məlumatlar var ki, əlillər dəstə-dəstə toplaşıb müəyyən dövlət strukturlarına, firmalara, idarələrə gedib ”Qarabağ əliliyik, vəziyyət pisdir" deyə pul istəyirlər, tələb edirlər. Biz bu cür əlillərin yanında yoxuq, qəti şəkildə bunlara etiraz edirik. Qarabağ əlillərinin bir neçə problemi var, bizə bəllidir, hətta həll yolları da var. İnşallah o problemləri də həll edəcəyik".

Nərgiz YAQUBLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR