İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərdən Paşinyan və partiyasına qarşı terror təhdidi: müxalifət son üsula keçir - 3 rəy

686 28.07.2023 08:13 Siyasət A A

Ermənilərin təkcə deputatları deyil, revanşist siyasi ekspertləri də Paşinyana qarşı ritorikalarını getdikcə sərtləşdirirlər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri də radikal-revanşist müxalifətə yaxın olan politoloq Stepan Danielyandır.

Danielyan öz Facebook səhifəsində bunları yazıb: “Üç sualım var: 1. Müharibədən sonra kim Britaniya təşkilatına Qarabağda, Azərbaycan qoşunlarının sonradan müdafiə xəttini yardığı və irəlilədiyi ərazilərdə minalardan təmizləmə işləri aparmağa kim icazə verdi?

BMT ofisinin “Ermənistan hökumətinin Qarabağa ərzaq göndərilməsi prosesinin təşkili üçün onlara rəsmi müraciət etmədiyi” dediyi doğrudurmu?

Hansı səbəbdən hakim “Vətəndaş partiyası”nın üzvləri aramızda dinc yaşaya biləcəklərinə əmindirlər?"

Sonuncu bəndə diqqət. Yəni baş nazir Nikol Paşinyan başda olmaqla, hakim partiya üzvlərinə açıq terror hədəsi görünür. Hələ Paşinyan Azərbaycanla heç bir ikitərəfli sülh sənədi imzalamayıb. İmzalasa, nə olar? Radikal-terrorçu qüvvələr onu və silahdaşlarını linç edə, 1999-cu ilin 27 oktyabr terroruna bənzər terror aktı törədilə bilərmi? (o zaman parlamentə silahlı hücum zamanı spiker, baş nazir və daha 6 nəfər qətlə yetirilmişdi). Xatırladaq ki, o vaxt da Azərbaycanla Ermənistan arasında ABŞ-ın (ovaxtkı dövlət katibinin müavini S.Telbotun) vasitəçiliyi ilə ATƏT-in noyabr İstanbul sammiti çərçivəsində mühüm bir sənədin imzalanması gözlənilirdi.

Azad Vətən Partiyasının sədri Akif Nağı ermənilərin terrora əl atmağa güclərinin qalmadığını düşünür: “Ermənilər təbiət etibarı ilə terrorçudurlar. Bu, onların baş ideoloqu Njdedən gəlir. Njdenin sexakronizm nəzəriyyəsi, daha doğrusu, cızma-qarasının əsas tezisi terrorizmin təbliğindən ibarətdir. Ermənilər on illərdir ki, bu tezislərlə tərbiyə olunur. Ona görə bu gün bu cür radikal bəyanatların ortaya çıxması təsadüfi deyil. Onlar sovet dövründə erməni fondlarına pul verməyən erməniləri terrorla qətlə yetirirdilər.

Bir mifik “erməni işi” quraşdırıblar. Bu “iş”ə xəyanət edənləri məhv edirlər. Paşinyan və onun ətrafındakıları hədələməklə onların “erməni işi”ndən kənara çəkildiklərini göstərmək istəyirlər. Ola bilər ki, terror da etsinlər. Amma onların terror yuvaları bu gün yox dərəcəsindədir. Terrora əl atacaq gücləri yoxdur. Əl atsalar da, nəticəyə nail ola bilməyəcəklər, əksinə, terroru lənətləyən dünyanın gözündə özlərini bir daha ifşa edəcəklər".

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə Paşinyana real təhlükə görmür: “Ermənistanda revanşist qruplar əsasən Rusiyaya bağlıdır. Həmçinin erməni lobbisinin sifarişini, kilsəyə bağlı olaraq hakimiyyəti təhdid edirlər. Hazırda Ermənistan hakimiyyəti Azərbaycanla sülh danışıqları aparır. Buna mane olmaq üçün konkret fəaliyyətə keçiblər. Kilsə, erməni lobbisi və Rusiyanin təlimatı ilə revanşistlərin fəaliyyəti sülh prosesinə mane olmaq və hakimiyyəti yenidən ələ almaqdır. Paşinyan da onların planını çox yaxşı bilir. Ona görə də sülh müqaviləsinin bağlanmasına tələsmir. Hazırda Nikolun hədələməsi qanunaziddir. Hakimiyyət istəyərsə, onlara qarşı cinayət işi aça bilər. Təbii ki, 1999-cu ilin terror aktı indi revanşistlərin əl atdığı və hakimiyyəti təhdid etdiyi bir olaydır. Məhz həmin fakta söykənərək hakimiyyəti təhdid edirlər. Amma indiki şərtlər daxilində bu çətindir. Nikolun mühafizəsi yüksək səviyyədədir. Ona görə də prezident iqamətgahına köçüb. Amma revanşistlər terrora əl ata və qətliamlar edə bilərlər. Nəzərə alsaq ki, kilsə də bu terrorun yanındadır. Eçmiədzin bu gün Nikol Paşinyana qarşı hərəkatın mərkəzidir. Düşünürəm ki, sülh müqaviləsi bağladıqda terror və silahlı qətliam olar. Amma Paşinyan siyasi iradə göstərib, bunların qarşısını ala bilər”.

Azərbaycanla İran arasında iqtisadi layihələr sual altına düşməyib" - Aqşin  Kərimov

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Paşinyan iri güclərə lazımi kadrdır: “Ermənistanın ekspert çevrələrində və siyasi elitasında həyəcana səbəb olan amillərdən biri də Azərbaycanla Böyük Britaniyanın əməkdaşlığını format etməsi, Londonun qlobal maraqları kontekstində Bakı ilə münasibətlərə xüsusi əhəmiyyət verməsidir. Bu mövzu ətrafında çox sayda fikirlərim olub, yenə də ümumi şəkildə onu təsvir etmək istəyərdim.

Birincisi, Britaniyanın Azərbaycana minatəmizləmə sahəsində köməklik etməsi təkcə humanitar missiya kimi yadda qalmır, yəni Londonun kisəsindən pul xərcləməsi - özəl təşkilatlar və ya dövlət səviyyəsində - strateji maraqların təmininə yönəlib ki, bu da Bakının prioritetlərinə müsbət cavabdır.

İkincisi, Azərbaycanın təhlükəsizlik sferasının qlobal çaxnaşmalar fonunda Britaniya üçün vacib olmasıdır, çünki ölkəmizin yerləşdiyi coğrafiya həssaslığı ilə seçilir, burada hər hansı təhdidlərin uçuşması Britaniyanın geoiqtisadi və geostrateji maraqlarının ziddinədir.

Üçüncüsü, Azərbaycanın Qarabağ münaqişəsi bitdikdən sonra yaşıl enerji ilə bağlı ixrac potensialını nümayiş etdirməsidir. Bu, qlobal siyasətində iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidi əsas tutan Britaniyanın Cənubi Qafqaz siyasətində yeni cəbhə açır. Bu fonda regional qarışıqlıq yaranmasında episentr Ermənistan olur. Çünki ona strateji yatırımlar yoxdur, bu isə Nikol Paşinyan hakimiyyəti üçün təhdidləri artırır. Çünki mümkün xaotik vəziyyət hakimiyyətə gedən yol üçün bir açardır. Ancaq Paşinyanı nə devirmək mümkün olub, nə də ona qarşı sui-qəsd baş tutub, bunun mümkün səbəblərindən biri də Qərblə Rusiyanın Paşinyan hakimiyyətinə münasibətdə ortaq neqativ məxrəcə gələ bilməməsidir.

Ermənistanda çevriliş qlobal güclərdən birinin təşviq və qızışdırıcılığı ilə deyil, onların hamısının uzlaşdırılmış mövqeyi əsasında baş tutur - Ter-Petrosyanın istefası, Serj Sərkisyanın Paşinyanla əvəzlənməsi buna əyani misal ola bilər. Hələlik isə Paşinyan yıxılası yox, ayaqda qalası fiqur kimi Qərbə də, Rusiyaya da lazımdır. Lakin müəyyən olunan oxdan çıxma vəziyyətində kartlar da dəyişə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR