Ermənistanda revanşist mövqeyi və Azərbaycan əleyhinə çıxışları ilə tanınan politoloq Benyamin Matevosyan hesab edir ki, ölkə yaxın illərdə ciddi iqtisadi və geosiyasi problemlərlə üzləşə bilər.
Musavat.com xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində danışıb.
Matevosyan Rusiyanın Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etməməsini və Ermənistan məhsullarına qarşı məhdudiyyətləri davam etdirməsini İrəvanın xarici siyasət kursu ilə əlaqələndirib.
Onun fikrincə, Ermənistan cəmiyyətində seçkilər “sülh və müharibə arasında seçim” kimi təqdim edilsə də, Moskva hadisələrə fərqli prizmadan baxır.
“Rusiyada hesab edirlər ki, Ermənistan Avropa İttifaqına və ya türk dünyasına inteqrasiya etməyə çalışaraq özünü Rusiyaya qarşı olan düşərgəyə yaxınlaşdırır. Seçkilərin nəticələri də bu kursun davam etdiriləcəyini göstərdi”, – deyə o bildirib.
Matevosyan iddia edib ki, Moskvanın seçkilərin nəticələrinə soyuq münasibəti məhz bu amillə bağlıdır.
Politoloq Avropa İttifaqının Ermənistana iqtisadi dəstəyinin Rusiyanın mümkün məhdudiyyətlərini tam kompensasiya edə biləcəyinə də şübhə ilə yanaşıb.
“Rusiya 2014-cü ildən idxalı əvəzləmə siyasəti aparır və hələ də problemlərlə üzləşir. Əgər belə resurslara malik Rusiya çətinlik çəkirsə, Ermənistanın qarşılaşacağı problemləri təsəvvür etmək çətin deyil”, – deyə o bildirib.
Matevosyanın sözlərinə görə, problem yalnız Ermənistan məhsullarının Rusiya bazarına çıxışının məhdudlaşması ilə bağlı deyil.
“Biz (Ermənistanı nəzərdə tutur-red.) təkcə satış bazarını itirmək riski ilə üzləşmirik. Eyni zamanda idxal və təchizat problemləri də yarana bilər. Ermənistan həm ixrac, həm də idxal baxımından ciddi çətinliklərlə qarşılaşa bilər”, – deyə o bildirib.
Politoloq hesab edir ki, hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, Ermənistanı yaxın dövrdə mürəkkəb iqtisadi və siyasi sınaqlar gözləyir.
Qeyd edək ki, Benyamin Matevosyan son illərdə Nikol Paşinyanın siyasətini sərt tənqid edən və Ermənistanın Rusiya ilə daha sıx əməkdaşlığını müdafiə edən ekspertlərdən biri kimi tanınır.
Musavat.com






