İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanş savaşına qalxarkən belindən vurulmaq – ermənilərin yeni avantürasının cavabı vaxtında verildi

3419 14.09.2022 19:45 Analitika A A

Dünyanın dörd bir yanında yaşayış uğrunda mübarizə gedir. Bir çox yerlərdə artıq əndazə aşılıb, mövcudluq uğrunda mübarizə qanlı savaşa çevrilib.

1988-ci ilin fevralından biz də xalq olaraq bu qanlı müharibəyə cəlb olunmuşuq və başımızın salamatlığını qorumaq üçün, demək olar ki, hər il qurban vermişik – qızğın müharibə illərində çox, atəşkəs illərində az. Şəhidsiz ayımız, ilimiz olmayıb.

Acı gerçəklik belədir ki, ermənilərlə biz qatı, qəvi, amansız düşmənlərə çevrilmişik. Qarşılıqlı düşmənçilik çox dərinə işləyib.

1992-ci ilin fevral ayının 26-da törədilən Xocalı qətliamı göstərdi ki, ermənilərin əlində əlac olsa, bu 10 milyonluq millətin bir yarısını qırar, bir yarısını əsir edər, yerdə qalanını da Qafqazdan kürüyüb atar.

1993-cü ildən, 200 min göyçəli, vedili və irəvanlının, 600 min qarabağlı və zəngəzurlunun didərgin düşməsindən sonra hansı tipdən olan düşmənlə üz-üzə qaldığımızı dərk etmişdik.

803046_p9r0g5i9ry.jpg (20 KB)

O gündən bəridir ki, iki dövlət arasında müharibə davam edir. Arada nosbi sakitlik, atəçkəs olsa da, təmas xəttində atəş səsi heç vaxt kəsilməyb, elə bir gün olmayıb ki, düşmən biz tərəfə atəş açmasın və cavabını almasın. “Snayper müharibəsi” də heç vaxt səngiməyib. 2020-ci ilin sentyabrına qədər ermənilər bunu ona görə edirdilər ki, biz onların yatmadıqlarını, düşmənçiliklərini sürdürdüklərini bilək.

Erməni hərbçilərlə bizim hərbçilərin arasındakı sakitlik yalnız 44 günlük müharibədən sonrakı bir neçə ay ərzində bərpa olundu. O da ona görə ki, ermənilər məğlub olmuşdular, əldə olunan atəşkəs sazişini qənimət bilirdilər, onu pozmaqdan çəkinirdilər. Daha sonra rus sülhməramlılarının qanadı altına qısılaraq toparlanmağa çalışdılar.

Başqa sözlə, Qarabağın işğal altında olan rayonları azad olunsa da, ordumuz strateji yüksəkliklərə yiyələnsə də, hərtərəfli üstün vəziyyətdə olsa da, müharibə bitməyib. Ermənilər məğlubiyyətlə barışmaq, hesablaşmaq istəmirlər, Onlar var qüvvələri ilə toparlanmaq, güclənmək, xarici havadarlardan güc alaraq yenidən meydana çıxmaq, məğlubiyyətin qisasını almaq istəyirlər və bunu heç də gizli etmirlər.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlyə bu kontekstdən baxmaq lazımdır. Bu, məhz Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.

55.jpg (35 KB)

Elə Ermənistanın baş naziri Nikol Paşinyanın da Brüssel və Moskva arasında vurnuxmasının, Brüsseldə sülh danışıqları aparandan sonra bir cür, Moskvada Putinlə görüşəndən sonra başqa ritorika ilə çıxış etməsinin əsl səbəbi indiki şərtlərlə sülh sazişi imzalanmasına qarşı olmasından irəli gəlirdi. O da, komandası da, Ermənistan müxalifəti də bacardıqca sülh sazişinin imzalanmasını uzatmaq, bir gün vəziyyəti dəyişmək, yalnız ondan sonra, özlərinə sərfəli varinda sülhə getmək istəyirlər.

Ermənilərdə belə bir hakim rəy var ki, onlar ən azı Şuşa və Hadrutu, eləcə də Suqovuşanı özlərinə qaytarandan sonra danışıqlar masasına oturmalıdırlar. Ermənistanın 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırmasının əsas səbəbi budur.

Təbii ki, ermənilərin hansı niyyətdə olduqlarını, yaxın və uzaq perspektivə hesablanmış planlarının təfərrüatlarını Azərbaycan rəhbərliyi də görür və izləyir. Buraya təkcə mətbuatda gedən bəyanat və açıqlamalardan çıxarılan nəticələr aid deyil. Əldə dəqiq kəşfiyyat məlumatları da var. Əgər düşmənin bir bölgəyə gizli-gizli ordu birləşmələri, texnika topladığını, silah-sursat logistikasını intensivləşdirdiyi müşahidə olunursa, bunun xeyirliyə olmadığını anlamaq çətin deyil.

s300-vurulmasi.jpg (55 KB)

Belə bir vəziyyətdə preventiv tədbirlər görməmək böyük səhv, hətta cinayət olardı. Sabah Azərbaycan hərbçiləri düşmən aqressiyası qarşısında qalanda və daha böyük itkilər verəndə, bunu nə dövlət, nə də hərbi rəhbərlik özünə bağışlaya bilməzdi.

Bu, dünya praktikasında da belədir. Məsələn, nüvə silahı əldə etmək istəyən və onunla hansı dövləti yer üzündən siləcəyini gizlətməyən dövlətin nüvə layihəsinə qarşı preventiv tədbirlər görülür və sona qədər də görüləcək. Çünki bu, ölüm-qalım məsələsidir.

Ermənistanın da Rusiya, ABŞ, Hindistan və bəzi Avropa ölkələrindən vur-həşir silah alması prosesi onun niyyətinin nə olduğunu aydın göstərirdi və bunun qarşısının alınması vacib idi. Ermənistan Qarabağdakı hərbi birləşmələrini regiondan çıxamaq əvəzinə onu vaxtaşırı komplektləşdirməsi orada yeni müqavimət nöqtəsinin yaradılmasına cəhd idi.

Son aylarda səngiməyən gərginliyin ləbələb dolu bardağını daşıran damla isə Ermənistanın baş naziri Nikol Paşinyanın Vladivostokda keçirilən forumda çıxış edərkən yeni hərbi qarşıdurma iddiası səsləndirməsi oldu. Bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu idi və ciddiyə alınması zəruriydi.

66.jpg (338 KB)

Əslində hələ 2020-ci ilin son aylarında belə erməni xalqının revanşizmə aşırı halda meylli olmasını bilənlər qeyd edirdilər ki, bu dövlət bir az özünə gələn kimi qisas haqqında düşünəcək və onların öncəgörməsi doğrulmaq üzrəydi. Laçının və yaxın qəsəbələrinin bizə təhvil verilməsi isə həm Ermənistan hakimiyyətinin, həm də erməni xalqının revanşizmə köklənməsini sövq edən daha bir səbəb oldu. Artıq ermənilər “öldü var, döndü yox” moduna girmiş kimi görünürdülər.

Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulunda ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatın bənzəridir. O vaxt da Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək zorunda qalmışdı. Həmin vaxt general-mayor Polad Həşimov başda olmaqla bir qrup yüksək rütbəli zabitimizin xaincəsinə qətlə yetirilməsi xalqımızın qəzəbi daşırmaqla yanaşı, dövləti də artıq təsirli tədbirlərin görülməsi haqqında düşünməyə vadar etdi və “düşmənim generallarını belə vurduq” deyə eyforiyaya qapılmış ermənilərin təxribatı davam edincə, olanlar oldu: savaş bayrağı açan düşmən 44 gündən sonra boş qalmış Xankəndini qorumaq üçün ağ bayraq qaldırdı.

Bu baxımdan Ermənistanın növbəti avantürasının cavabı vaxtında verilməliydi və verildi. İndi onlar həmişəki kimi beynəlxalq mediada özlərini təcavüzə məruz qalmış kimi göstərir, haray-həşir salırlar. Baş nazir Paşinyan həmişəki kimi yenə telefona sarılıb və gümanı gələn dövlət başçılarına, hərbi bloklara kömək üçün müraciətlər edir, Azərbaycanı təklətməyə səy göstərir. Ancaq fakt budur ki, Ermənistanın Azərbaycanın Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər artıq darmadağın edilib. Bu qurğular Azərbaycanln təhlükəsizliyinə ciddi təhdid yaradırdı və onların məhvi labüd idi. İndi o obyektləri bərpa etmək üçün Ermınistana 4-5 il vaxt lazımdır.

88.jpg (69 KB)

Bu da o demıkdir ki, biz əl-qolumuzu yanımıza salıb oturmalı deyilik. Elə bu məqsədlə Azərbaycan ordusu həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, mühüm yüksəklikləri nəzarətə götürüb. Artıq Ermənistan orada yüksək təchizatlı hərbi baza yarada və Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Son döyüşlərdə Ermənistanın məruz qaldığı itikilər - xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu), prinsipcə, bu dövləti idarə edənlərin, eləcə də gündən-günə militarist ovqata qapılan ictimai qrupların ağlını başına gətirməlidir.

Bir sözlə, vətən müharibəsi davam edir. Biz ya indiyədək əldə etdiyimiz hərbi nailiyyətlərlə kifayətlənərək, düşmənin güclənməsini, revanş kampaniyasına başlamasını gözləməliyik, ya da vaxtaşırı lokal və preventiv tədbirlər görməliyik. Düzdür, bu zaman biz də itkilər veririk, amma bu, Xocalı qətliamında verdiyimiz itkilərdən daha ağır, daha üzücü deyil.

Allah əsgərimizi, xalqımızı, dövlətimizi qorusun. Onun ucalan bayrağının kölgəsi düşən yer millətin öz başının salamatlığını yoruya biləcəyi məkandır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR