Rəsul Quliyevlə gənclər arasında qalmaqal
Nəhayət, dünən Rəsul Quliyev özünün facebook səhifəsində sosial şəbəkələrdə barəsində təhqiramiz ifadələr işlədən istifadəçilərə müraciət edib. ACP lideri gəncləri onun fikirlərinə olmasa da, yaşına hörmət etməyə çağırıb: “Hörmətli mənim yazılarımı oxuyanlar və oxumadan hədyan yazanlar sizlərdən xahişim olacaq. Siz bu yazıları oxuyarkən 3-4 cümlədən sonra hiss etsəniz ki, anlaya bilmirsiniz, sizin beyninizin xörəyi deyil, ardını oxumayın, çünki davam etsəniz başa düşməməyiniz sizi daha da əsəbləşdirəcək və nəticədə normal insana xas olmayan cümlələrdən istifadə edəcəksiniz. Yazılara diqqət yetirsəniz hər biri sadə izahatdan başlayıb daha mürəkkəb analizlərə tərəf gedir, ona görə ilk cümlələrdən qərar verin. Yazıları oxuyub başa düşənlərin bu hədyanları yazanlara cavabları da daha çox qaldırılmış məsələlərin ətrafında olsa yaxşıdır. Yoxsa ”tərbiyəniz olsun, ağsaqqal kişiyə o nə sözlərdir yazırsınız" kimi cümlələr əxlaqsız adamları daha da qızışdırır. Özü də Azərbaycanda bir çox anlayışlar kimi ağsaqqal anlayışı da mücərrəddir. Normal ölkələrdə başqalarının şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmağı 3 yaşından tərbiyə edirlər, Azərbaycanda guya ağsaqqala hörmət etmək bizim qanımızdadır nəzəriyyəsi yalandır".
R.Quliyev daha sonra yazıb ki, sadəcə olaraq hər bir kəs cavan və ya yaşlı olmasından asılı olmayaraq başqasının fikirlərinə hörmətlə yanaşmalıdır, əgər bacarmırsa ağzını yummalıdır, tərbiyəsizliyini daxilində saxlamalıdır, yazıya çevirməməlidir: “Bunları ona görə yazıram ki, mənim insanları öz haqları uğrunda mübarizəyə çağıran analitik yazılarım davam etdiriləcək, heç bir şey oxumadan hədyan yazanların səhifəyə daxil olmaqlarının qarşısını almaq həvəsim yoxdur”.






