Rəsul Quliyev isə öz bloqunda buna sərt reaksiya verib. ACP lideri deyib ki, onun Azərbaycana dönməməyini İsa Qəmbər Əliyevlərdən çox istəyir.
Müsavat Partiyası isə Rəsul Quliyevin iddiasının əsaslı olmadığını bildirir. Bu barədə açıqlamasında Müsavat başqanın müavini Gülağa Aslanlı dedi ki, Müsavat və partiya başqanı İsa Qəmbər hər bir Azərbaycan vətəndaşının öz ölkəsində yaşamasına şərait yaradılmasını dəfələrlə tələb edib: “O cümlədən Rəsul Quliyevin də Azərbaycana gəlişinə şərait yaradılmalı olduğunu Müsavat rəhbərliyi dəfələrlə bəyan edib. Rəsul Quliyevin Azərbaycana dönməsi Müsavat Partiyası üçün heç bir problem yaratmır. İsa Qəmbərin məlum müraciətə imza atmaması orada 1995-ci ildə xalqın seçimi ilə deputat seçkisi keçirilməsi parlamentin spikeri seçilməsi fikrinin əksini tapması ilə bağlı olub. İsa bəy bu fikrə etiraz edib və düzgün olaraq etiraz edib. Başqa heç bir problem yoxdur. Bütün xalq və beynəlxalq müşahidəçilər bilir ki, 1995-ci ildə Azərbaycanda azad, demokratik seçki keçirilməyib. Parlament xalqın iradəsi ilə formalaşmayıb. Azərbaycanda spiker seçkisinin də təyinatla olduğunu Rəsul Quliyev hamıdan yaxşı bilir. Bunu Azərbaycanda bilməyən yoxdur”.
G.Aslanlı vurğuladı ki, Rəsul Quliyevin Azərbaycana gəlişini ən çox istəyənlərdən biri də İsa Qəmbərdir. Bunu konkret fakt da təsdiqləyir: “2005-ci ilin payızında Rəsul Quliyev Azərbaycana gələn zaman onu Ukraynanın Simferepol şəhərində saxlamışdılar. O zaman bilirsiniz ki, İsa Qəmbər Ukraynaya getdi və Yuşşenko hökuməti ilə danışıq apararaq Rəsul Quliyevin sorğuya çəkilməsinin, incidilməsinin qarşısını aldı. Eyni zamanda Rəsul Quliyevə onunla birlikdə Azərbaycana gəlmək təklifini edib. Rəsul Quliyev isə bundan imtina edib. İsa Qəmbər özünün həbs olunma təhlükəsini belə göz önünə gətirib Rəsul Quliyevə o təklifi vermişdi. Rəsul Quliyevin Azərbaycana gəlişi Müsavat başqanı və Müsavat Partiyası üçün heç bir problem yaratmır. Rəsul Quliyev düşmənlərini və onun Azərbaycana dönməsini istəməyənləri başqa düşərgədə axtarsa daha yaxşı olar”.






