Rəsul Quliyev: “Müsavatın liderlərinə bu cür böhtan atmaq ən azı mənəviyyatsızlıqdır”
Z.Quliyev dünən “Yeni Müsavat”a açıqlamasında xeyli əvvəl verdiyi proqnozunun reallığa çevrildiyindən təəssüfləndiyini bildirdi: “Təəssüf ki, həmin dövrdə görünən təhlükənin qarşısının alınması üçün lazımi addımlar atılmadı. Proqnozlar doğruldu. O dövrdə gözlənilən təhlükənin qarşısının alınması istiqamətində addımlar atmaq əvəzinə, SOS siqnalı siqnalını verdiyim üçün məni tənqid obyektinə çevirmişdilər. Siyasi analitikin, politoloqun əslində missiyası ondan ibarətdir ki, hansısa problemlər haqqında proqnozlar verməlidir, təkliflərini irəli sürməlidir. Azərbaycanda isə təəssüf ki, hansısa politoloq hansısa qurum haqqında reallığı, gözlənilən proses barədə fikirlərini deyəndə həmin qurumdan buna çox qərəzli yanaşırlar, hesab edirlər ki, politoloq belə danışmamalıdır, göz yumub susmalıdır. Təəssüf ki, Milli Şuranın rəhbərliyi və yeni seçilmiş sədri Cəmil Həsənli də daha çox bir partiyanın mövqeyindən çıxış etməyə üstünlük verdi. Faktiki olaraq, yaranmış vəziyyətdən narazılıq bildirən fərdlərə, partiyalara qarşı qeyri-obyektiv mövqe tutuldu. Yaranmış vəziyyət ona gətirib çıxardı ki, Milli Şuranı yaradan partiyalardan biri-Müsavat çıxmaq barədə qərar verdi. Cəmil Həsənli El Hərəkatına qarşı heç nəyə əsaslanmayan bir mövqe nümayiş etdirdi. Gördük ki, təkliflər nəzərə alınmır, problemin olduğunu dilə gətirənlərə qarşı sərt mövqe ortaya qoyulur. Bundan sonra mən, mənim ardımca bir neçə El təmsilçisi də istefa verməli olduq. Sonuncu sessiya da göstərdi ki, Milli Şurada müsbətə doğru dəyişiklik baş vermədi, sessiyada Milli Şuradakı böhranlı vəziyyəti ört-basdır etmək istədilər, görüntü xarakterli addımlar atıldı, lakin böhranın mahiyyəti dəyişmədi. Sessiyadan dərhal sonra yeni istefalar da buna görə oldu”.
Z.Quliyev vurğuladı ki, MŞ son sessiyada və sessiyadan sonra daxildə olan problemləri həll etməyin əvəzinə günahı kənarda axtarmağa başladı: “Yeni Müsavat”a qarşı hücumlar xüsusilə təəccüb doğurur ki, Milli Şuranın rəhbərliyi daxillərindəki problemi həll etmək əvəzinə müstəqil bir qəzeti günahkar sayır, qəzetə qarşı hücum edir. Milli Şura özünü müxalifət qurumu sayırsa və bu rola uyğun hərəkət etmək istəyirsə, ilk növbədə çalışmalıdır ki, günahı kənarda axtarmasın, öncə öz daxili ilə məşğul olsun. Milli Şura iki partiya və iki qəzet arasında gedən ideoloji müharibədə tərəf tutmamalıydı. Xüsusilə Milli Şuranın sədri Cəmil Həsənli heç bir tərəf tutmadan barışdırıcı mövqedən çıxış eləməli idi. Təəssüf ki, MŞ-nın bir partiyanın dominantlığı vəziyyətində olması buna imkan vermədi. Cəmil Həsənli Milli Şurada bir partiyanın dominantlığına qarşı addım atmadı, sanki reallıqla barışmalı oldu və dominantlıq edən partiyanın mövqeyini müdafiə etməyə başladı. Bu isə Milli Şuranı daha dərin böhrana və parçalanmağa doğru aparır. MŞ-da yeni yaradılan Koordinasiya Şurası da faktiki olaraq dominantlıq edən partiyanın təklifləri əsasında yaradılıb. Həmin Koordinasiya Şurası da bir partiyanın dominantlığı ilə razılaşan bir qurum olacaq".
MŞ-nın sabiq üzvü, eks-spiker Rəsul Quliyev də bildirib ki, MŞ-nın Koordinasiya Şurası yaratmaqla uğur qazanacağına inanmır. Moderator.az-a açıqlamasında R.Quliyev deyib ki, keçmişi bir-iki, bu günü bir cümlə ilə yazılmış və gələcəyinə heç cümlə də tapılmayacaq ambisioz adamın qumdan ev tikməsi, buna Koordinasiya Şurası adını qoyması və onu Azərbaycanda yeni mərhələ adlandırmasını heç komik tragediya fantaziyasının hüdudları olmayan Cəlil Məmmədquluzadə də ağlına gətirə bilməzdi: “Çox təəssüflə qeyd etməliyəm ki, həmin Koordinasiya Şurasında konkret işlə məşğul olan, reallığı qiymətləndirə bilmək qabiliyyətlərinə inandığım və həmişə hörmətlə yanaşdığım bəzi insanlar da iştirak edirlər.
Bu “köhnə-yeni” təşkilat əgər bu formatda qalarsa 2015-ci və 2018-ci illərdə də eyni ariyanı eyni operadan oxuyacaqlar. Mənim Müsavat Partiyasının liderlərinə münasibətimin neqativ olduğu bəllidir. Ancaq onlara qarşı belə geniş cəbhə ilə müharibə elan etmək böhtan və yalan xarakterli materiallar vermək ən azı mənəviyyatsızlıqdır.
Sizin köhnə və ya yeni mərhələdə nəsə konkret bir iş görəcəyinizə heç kim inanmır və bədbəxtçilik ondadır ki, siz özünüz də inanmırsınız. Siz yeni mərhələlərinizlə hökumət daxili müxalifətin də yaranmasına mane olursunuz".
Etibar SEYİDAĞA






