İnsanlara hürriyət, millətlərə istiqlal!

“Restorana gedir, amma məhkəməyə gəlmir”- Prokuror xanım şirkət rəhbərinə cəza istəyəcək

1843 01.10.2021 13:36 Kriminal A A

Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin (IGEC MMC) rəhbəri Ülviyyə Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, proses Xətai rayon Məhkəməsində keçirilir.

Ülviyyə Cəlilzadə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq; təkrar törədildikdə), 178.2.4 (dələduzluq; xeyli miqdarda zərər vurmaqla törədildikdə) və 308.1-ci maddələri ilə ittiham olunur.

Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror ev dustaqlığında olan Ü.Cəlilzadəyə cəza istəməlidir. Lakin Ü.Cəlilzadə məhkəmə proseslərinə gəlmir. O, sonuncu iclasa da gəlməyərək teleqram vurub ki, səhhətində problem var.

Amma zərərçəkmiş Telman Əmirov Musavat.com-a deyib ki, Ü.Cəlilzadəni “Port Baku”da məşhur restoranlardan birində görüb: “Məhkəməyə gəlmir, amma restorana gedir. Bu adamın səhhətində nə problemi var?”.

T.Əmirov bildirir ki, Ü.Cəlilzadə zərərçəkmişlərin pulunu ödəmir: “Mənə dəyən zərərin yarısını ödəyib. Başqa bir zərərçəkmişin övladı xəstədir. Məhkəmədə Ülviyyə Cəlilzadəyə dedi ki, heç olmasa zərərin yarısını ödə, uşağım xəstədir. Ülviyyə də deyir ki, məhkəmənin qərarına baxıb, sonra pulları qaytaracam”.

Qeyd edək ki, Zərərçəkmiş şəxslər pulları Ülviyyə Cəlilzadəyə Kanada və ABŞ-da təhsil almaq məqsədi ilə veriblər.

Belə ki, Cəlilzadə Kanada və ABŞ-da yerləşən universitet və kolleclərlə partnyorluq müqavilələrinin olduğunu bildirib. O, həmin şəxsləri universitet və kolleclərdə təhsil almağa göndərəcəyini vəd edib.

Vədinə əməl etməyən Ülviyyə Cəlilzadə həmin şəxslərin vəsaitini də geri qaytarmayıb. Adı çəkilən zərərçəkmişlərin şikayətinə əsasən Ülviyyə Cəlilzadə barəsində 2019-cu ilin oktyabr ayında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb. Məhkəmə araşdırması hazırda Xətai Rayon Məhkəməsində davam etdirilir.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş var. Onlar arasında İran və Türkiyə vətəndaşları da yer alır. Zərərçəkmişlərə dəymiş zərərin az bir hissəsi ödənilib.

Qeyd edək ki, ABŞ-da olan Ülviyyə Cəlilzadə ötən il axtarışa verilib. Azərbaycana qayıdan gün həbs edilən Ülviyyə Cəlilzadə sonra ev dustaqlığına buraxılıb.

Ülviyyə Cəlilzadə istintaqdakı ifadəsində özünü dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilməyib.

Bildirib ki, rəhbəri olduğu şirkətdə xaricdə təhsilin təşkili və ingilis dilinin öyrədilməsi fəaliyyəti ilə məşğul olub. Əlavə edib ki, şirkəti hazırda işləmir, şirkətin maddi vəziyyəti ağırdır və heç bir işçisi də yoxdur.

O, 2019-cu ildən təhsili və müalicəsi üçün ABŞ-da olduğunu deyib.

Ü.Cəlilzadə pulların harada olması ilə bağlı suala cavab verən zaman deyib ki, şirkətin Dövlət Sosial Müdafiə Fonduna borcu olduğu üçün bank hesablarına həbs qoyulub. Buna görə də ödənişləri nağd şəkildə alıblar.

Sualların davamında Ü.Cəlilzadə aldığı pulların hara xərclədiyini izah etməyib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR