İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublika Prokurorluğu İlhamə Quliyevanın ölüm səbəblərini açıqladı

3734 26.02.2016 15:16 Son xəbər A A
Fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Bu barədə Respublika Prokurorluğundan müsavat.com-a daxil olan məlumatda bildirilir. Məlumata görə, baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməyib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlib və tibbi müayinə zamanı ölüm faktını qeydə alıb. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. 

Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilib ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olmuşdur.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Musavat.com xatırladır ki, öldüyü gündən etibarən İ.Quliyevanın zəhərlənməsi versiyası gündəmdədir. Ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında da bu ehtimal barədə danışan İ.Quliyevanın ölüm səbəblərinin müəyyən edilməsini də yaxınları xahiş edib. Hər halda, bu, ortada ciddi nüansların olduğundan xəbər verir. Mövzunu davam etdirəcəyik. 

Sevinc musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR