İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakı yeni savaşı əvvəlcədən legitimləşdirdi: Kreml və İrəvan buna hüquqi əsaslar verir

4246 17.07.2022 18:55 Analitika A A

Prezident İlham Əliyev Paşinyan hakimiyyətinə anlatmağa çalışır ki, əgər, Ermənistan hərbi hissələrini Xankəndi və ətraf bölgədən çıxartmasa, bunu Azərbaycan ordusu çox qısa zaman ərzində edəcək... Kreml indiyə qədər öz öhdəliklərini icra etməyindən, Azərbaycan ordusunun atacağı addımlara etiraz etmək hüququnu da artıq itirib...

Cənubi Qafqaz regionunda geopolitik proseslər həlledici mərhələyə daxil olmaq üzrədir. Bu mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hansı istiqamətdə inkişaf edəcəyi böyük ölçüdə aydınlaşa bilər. Və gərginliyin artıb-artmayacağı da yəqin ki, kənar təsirlərin intensivliyindən aslı olacaq.

Məsələ ondadır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi hazırda ABŞ və Qərblə Rusiya arasında ciddi rəqabət platformasıdır. Hər iki tərəf bu prosesdə təşəbbüsü ələ almağa və Cənubi Qafqazda əsas sülh yaradıcısı statusu qazanmağa can atır. Və indiki situasiyanın yaranmasında Rusiyanın Ukrayna savaşında çətin vəziyyətə düşməsinin də xüsusi rolu mövcuddur.

Rusiyanın vasitəçilik missiyasına hazırda əsasən Avropa Birliyi Şurası ortaq çıxmağa, Brüssel prosesini ön plana keçirtməyə cəhd göstərir. Rusiya müqavimət göstərir, Brüssel prosesini iflasa uğratmağa çalışır. Və belə bir vəziyyətdə ABŞ ilə yaxın münasibətləri hələlik aktual olan Gürcüstanın da vasitəçi dövlət statusu qazanmaq şansı diqqəti çəkir.

ceyhun bayramov mirzoyan 533[1].png (378 KB)

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Rusiyada deyil, məhz Gürcüstanda keçirilib. Ancaq Gürcüstan hələlik vasitəçi dövlət deyil və görüş yeri kimi əhəmiyyət daşıyır. Çünki, Azərbaycan və Ermənistan arasında Rusiyanın təmsil olunmadığı ikitərəfli görüşün keçirilməsinə imkan yaradıb.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşündə müzakirə olunmuş məsələlər də artıq açıqlanıb. Rəsmi Bakı 44 günlük savaşda itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini istəyib. Və eyni zamanda, I Qarabağ müharibəsində 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyini də gündəmə gətirib.

Təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı proses əsas müzakirə mövzusu olub. Rəsmi Bakı bu prosesin uğur qazanması baxımdan, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli anlaşmaların bütün müddəalarının qeyd-şərtsiz icra edilməsinin vacibliyini qabardır. Və ona görə də, həmin üçtərəfli anlaşmalara istinad edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi ön plana çıxarır.

Göründüyü kimi, rəsmi Bakı 44 günlük savaşın sona çatmasının ardından kapitulyasiya aktını imzalamış Ermənistana üçtərəfli anlaşmaları icra etmək üçün yetərincə zaman tanıyıb. Ancaq rəsmi İrəvan bu anlaşmalara riayət etməyə qətiyyən həvəs göstərməyib. Və Ermənistanın belə bir niyyətinin olduğu da qətiyyən müşahidə edilmir.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Ona görə də, rəsmi Bakının səbri artıq tükənməyə başlayıb. Azərbaycan tərəfi Ermənistanın təxribatçı davranışlarına daha zaman xərcləmək istəmir. Rəsmi Bakı regionda mövcud olan hərbi-siyasi problemləri mümkün qədər tez bir zamanda həll edib, əsas diqqətini Azərbaycanın inkişaf perspektivlərinə yönəltmək niyyətindədir. Və Ermənistanı üçtərəfli anlaşmaların icrasına məcbur edəcək addımların atılmasından da çəkinməyəcəyini biruzə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında rəsmi Bakının radikal və həlledici addımlara hazır olduğuna yönəlik açıq mesajlar diqqəti çəkir. Azərbaycan liderinin “Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir" xəbərdarlığı, rəsmi Bakının Ermənistanı üçtərəfli anlaşmaların icrasına hərbi yolla məcbur etmək variantını müzakirə etməyə başladığını göstərir: "Əgər, Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmaq istəmirsə, onda bizə bunu açıq şəkildə desin ki, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

Göründüyü kimi, əslində, Azərbaycan Prezidenti Ermənistanın üçtərəfli anlaşmaları icra etməyəcəyi təqdirdə, rəsmi Bakının atacağı addımı üstüörtülü şəkildə anlatmağa çalışır. Prezident İlham Əliyev vurğulayır ki, Ermənistanın hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxartmaması 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulmasıdır. Həmin anlaşma məhz savaşın dayandırılması məqsədilə imzalanmışdı və rəsmi İrəvan öz üzərinə konkret öhdəliklər götürmüşdü. Ancaq rəsmi İrəvan həmin öhdəlikləri yerinə yetirmirsə, 10 noyabr üçtərəfli anlaşmasını kobud şəkildə pozursa, deməli, Azərbaycan yenidən hərbi əməliyyatlara başlamaq hüququ qazanmış olur.

Ona görə də, hesab etmək olar ki, əslində, rəsmi İrəvan öz pozucu davranışları ilə Azərbaycanın Ermənistana qarşı başlaya biləcəyi yeni hərbi əməliyyatların legitimliyini təmin edir. Rəsmi Bakı üçtərəfli anlaşmalara uyğun olaraq, Ermənistandan öz silahlı birləşmələrini çıxartmağı tələb edir. Üstəlik, rəsmi İrəvana bu tələbi yerinə yetirmək istəmədiyi təqdirdə, bu barədə Azərbaycanın məlumatlandırılmasını məsləhət görür. Yəni, rəsmi Bakı Paşinyan hakimiyyətinə anlatmağa çalışır ki, əgər, Ermənistan hərbi hissələrini Xankəndi və ətraf bölgədən çıxartmasa, bunu Azərbaycan ordusu çox qısa zaman ərzində edəcək.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB)

Təbii ki, bu problemin həlli qarşısında bir də Rusiya faktoru mövcuddur. Çünki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində hazırda Rusiya sülhməramlı qüvvələri müvəqqəti olaraq dislokasiya olunublar. Deməli, Azərbaycan ordusu bölgədə olan Ermənistan silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamazdan öncə Rusiya sülhməramlı qüvvələrinin verəcəyi reaksiyanı da nəzərə almalıdır. Azərbaycan Prezidentinin açıqlamasından belə anlaşılır ki, rəsmi Bakı bu məsələnin həlli istiqamətində də önəmli məsafə qət edib. Və hətta mövcud situasiyada Rusiya da üçtərəfli anlaşmalara riayət etməyən tərəf durumuna düşmək üzrədir.

Məsələ ondadır ki, Prezident İlham Əliyev bir neçə ay bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli təmsilçisinin ölkəmizdə səfərdə olarkən, Azərbaycan Müdafiə Nazirliyinə iyun ayına qədər erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılacağına söz verdiyini vurğulayıb. Ancaq indiyə qədər bu məsələnin öz həllini tapmadığından ciddi şəkildə narazı olduğunu da qətiyyən gizlətməyib: "Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları da onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir".

Azərbaycan Prezidentinin bu xəbərdarlığı da təbii ki, məhz Rusiyaya ünvanlanıb. Rəsmi Bakı Kremlə xatırladır ki, Rusiya Azərbaycana verdiyi vədi yerinə yetirməyib. Və Rusiya üçtərəfli anlaşmalar ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etmir.

Buradan belə nəticə çıxartmaq olar ki, rəsmi Bakı Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, Rusiyanın neytral qalmağa borclu olduğunun mesajını verir. Çünki, əgər, Rusiya Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamasını həqiqətən istəmirdisə, onda rus sülhməramlılar erməni silahlı dəstələrini Xankəndi və ətraf bölgədən çıxartmalıydılar. Əgər, Kreml indiyə qədər bunu etməyibsə, bundan sonra Azərbaycan ordusunun atacağı addımlara da etiraz etmək hüququnu itirib. Yəni, Azərbaycanın bundan sonra reallaşdıracağı hərbi əməliyyatlar artıq əvvəlcədən hüquqi cəhətdən legitim xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR