İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Bakı ABŞ-ın Ermənistana 40 milyon yardım ayırması xəbərinə reaksiya verdi - ÖZƏL

2198 24.06.2019 16:38 Gündəm A A

Leyla Abdullayeva: “Bu təklif ilkin mərhələdə keçib, amma...”

“Ümumiyyətlə, ABŞ-ın Ermənistana 40 milyon yardım ayırması barədə qərar verdiyini qeyd etmək düzgün deyil. Çünki bu, ABŞ Konqresində büdcə ilə bağlı çox uzun davam edən bir prosesin bir mərhələsidir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Qeyd edək ki, ötən həftə ABŞ Konqresi Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılması barədə təklif edilən düzəlişi təsdiqləyib. 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif də dəstəkləyiblər. Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi isə Konqresdə Tice Koks irəli sürüb.

Картинки по запросу Leyla Abdullayeva

L.Abdullayeva təsdiqlədi ki, Ermənistana 40 milyon yardım ayrılması ilə bağlı təklifi demokratlar tərəfindən irəli sürülən düzəlişdir: “Bu təklif ilkin mərhələdə keçib. Amma dediyim kimi, bu, uzun bir prosesin ilkin mərhələsidir və hələ bir neçə müzakirələrdən keçməlidir. Ona görə də bunu “ABŞ Ermənistana 40 milyon dollar yardım ayırıb” şəklində təqdim etmək düzgün deyil”.

Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığın Dəstəyi Aktı” adlı qanun qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına ABŞ hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılıb, lakin birdəfəlik ləğv edilməyib. İşğala məruz qalan ölkənin başı üzərində sanksiya qərarının asılmasına rəğmən, işğalçı Ermənistana, hətta separatçı ermənilərə yardım ayrılması məntiqə sığmır.

Azərbaycan XİN rəsmisi qeyd etdi ki, 907-ci düzəlişin dayandırılması ilə bağlı hər il qərar qəbul olunur və bu il də o düzəliş hazırda qüvvədə deyil: “Yəni onun dayandırılması ilə bağlı qərar qəbul olunub. Ümumiyyətlə, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində, o cümlədən enerji təhlükəsizliyi və digər sahələrdə geniş əməkdaşlıq mövcuddur”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR