Dünyada olduğu kimi ölkəmizdə də karantin günləri davam edir. Aprelin 27-dən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılsa, bəzi sahələr öz fəaliyyətini bərpa etsə də, tanınmışların həyatında heç nə dəyişəyib və onlar evdə qalmağa davam edir. Çünki nə teatrlar fəaliyyətini bərpa edib, nə serial və film çəkilişləri başlayıb, nə də ki, toylar, tədbirlərə qoyulan qadağa aradan qalxıb.
Bəs, evdə qalan sənətçilər karantin günlərində nələr edir?
Xalq artisti Aygün Kazımova karantin günlərində də sənətlə məşğuldur. Bir müddət öncə əməliyyat olunan müğənni həmkarı Miri Yusiflə ifa etdiyi “İcazəli” duetini təqdim edib. Mahnı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə o, Xalq artisti Aygün Səmədzadənin koronavirusla mübarizəyə həsr olunmuş layihəsində yer alıb.
Sözügedən layihədə Aygündən başqa Xalq artisti Brilliant Dadaşova, müğənnilər Günay İbrahimli, Zamiq Hüseynov və başqaları da iştirak edib.
Müğənni Günay İbrahimli bir neçə gün öncə isə “Bu zamandan sonra” adlı mahnısını və klipini təqdim edib.
Müğənni Zamiq isə karantin günlərini evində keçirir. Sosial şəbəkədən aktiv istifadə edən müğənni evində çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşür. İdman zallarının bağlı olması ilə əlaqədar Zamiq idmanla evdə məşğul olaraq formada qalmağa da çalışır.
Xalq artisti Röya Ayxan da vaxtını övladı ilə evdə keçirir. O tez-tez sosial şəbəkədə oğlu Hüseynlə fotolarını paylaşır. Röya evdən çıxmasa da, yeni geyim kombinləri edərək öz şəxsi səhifəsində bölüşür.
Aparıcı-aktyor Şəhriyar Əbilov rəsmə maraq salıb. Rəssam kimi özünü sınamaq çoxdankı arzusu olduğunu bildirən Əbilov əl işlərini instaqramda paylaşır. O dostu, rəqqasə Oksana Rəsulovanın da rəsmini yağlı boya ilə çəkərək hər kəsi təəccübləndirib.
Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva Təmiz karantin günlərinin həyatında dəyişiklik etmədiyini deyib: “Ana olduqdan sonra vaxtımı evdə oğlumla keçirirəm. Karantin bizim üçün bir şey dəyişməyib. Övladıma baxıram, o yatandan sonra ev işləri görürəm. Yeni yemək reseptləri öyrənib onları hazırlayıram və sosial şəbəkələrdə izləyicilərim ilə bölüşürəm”.
Müğənni Nadir Qafarzadə şəhərdən kənarda istirahət edir: “Hazırda bağda dostumun evindəyəm. Təsərrüfatla məşğulam, burada toyuq-cücə, inək var. Hətta inək sağıram, qatıq çalıram. Bəzən şəhərə gedib evimə baş çəkirəm. Efirlərə dəvət edəndə də evdən çıxmağa məcbur oluram. Lazım olmadıqca isə evdən çıxmıram. İnsanlara da dövlətimizin qoyduğu qaydalara əməl etməyi məsləhət görürəm. Çünki hər şey sağlamlığımız üçündür”.
Müğənni Zenfira İbrahimova isə karantin günlərində burnundan əməliyyat olunaraq kompleksindən xilas olub.
Könül,
Musavat.com






