Nəzərə çatdıraq ki, N.Quliyev “Binə” Ticarət Mərkəzinin direktor müavini Dilşad Əmirova ilə müştərək qaydada bir neçə ay öncə Azər Ayxana qarşı daha bir iddia qaldırmışdı. Həmin iddia tamamilə qanunsuz şəkildə icraata götürülmüşdü. Belə ki, Nizami Rayon Məhkəməsinin hakimi Ziya Əliyev xüsusi ittihamçılar N.Quliyev və D.Əmirova olduğu halda, Nazimin qardaşı Bəhruz Quliyevi də xüsusi ittihamçı kimi tanımışdı. Bu, kobud qanun pozuntusu idi, çünki Bəhruz Quliyevin xüsusi ittihamçı kimi tanınmaqla bağlı ərizəsi olmayıb. Həmin ərəfədə bu qanunsuzluğu ona görə etmişdilər ki, Nazim Quliyevi xüsusi ittihamçı kimi tanımaq mümkün deyildi. Onun məhkıməyə göndərdiyi müvafiq sənədlər qaydasında deyildi. Bu səbəbdən onun əvəzinə Bəhruz Quliyevi saxtakarlıqla xüsusi ittihamçı kimi tanımışdılar. Müdafiə tərəfi bu və digər qanunsuzluqları aşkarlayıb hakim Ziya Əliyevə etiraz vermişdi. Etiraz qəbul olunmuş, hakim dəyişdirilmişdi. İşin aparılması hakim Vidadi Məmmədova həvalə olunmuşdu. Onun sədrliyi ilə keçirilən prosesdə isə maraqlı hadisə baş verdi.
Dilşad Əmirovanın vəkili Kamandar Nəsibov onların iddiasının Nazimin iddiasından ayrılması barədə vəsatət qaldırdı. Daha sonra K.Nəsibov Azər Ayxanın Hüquqlarını Müdafiə Komitəsinin sədri, deputat İkram İsrafillə söhbət edərkən dedi ki, Nazim Quliyev Dilşad Əmirovanın adından istifadə edir, onların heç bir yaxınlıqları yoxdur. Nəsibov həmçinin onların barışıq tərəfdarı olduqlarını bildirdi. Nazim Quliyev bundan sonra hiddətlənərək D.Əmirovanı da şantaj etməyə başlayıb və yenidən özü “Yeni Müsavat”ın rəhbərliyinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yeni iddia əvvəlkinin təkrarıdır, sadəcə, bu dəfə cavabdeh qismində Rauf Arifoğlu da göstərilib.
İddia ərizəsi yenə də qüsurludur, bu şəkildə iddia qətiyyən icraata qəbul oluna bilməz. Lakin bizi maraqlandıran başqa məqamlardır. Necə olur ki, bir residivist, cani 6 ay bundan öncə 13 il 3 ay müddətinə məhkum edildiyi halda, hələ də cəzaçəkmə müəssisəsinə göndərilmir, xüsusi yerlərdə (penitensiar sistemin müalicə mərkəzində) saxlanılır, içəridə oturub ölkənin nüfuzlu bir qəzetinə qarşı ardıcıl iddialar qaldırır. Nizami Rayon Məhkəməsinin hakimləri də bu iddiaları dərhal icraata yönəldirlər, məhkəmə təyin edirlər və sair... Məsələn, Nizami Rayon Məhkəməsi Nazim Quliyevin iddiası əsasında sabaha hazırlıq iclası təyin edib. Lakin redaksiya həmin iddia ərizəsini dünən günün ikinci yarısında alıb. Təbii ki, bu müddət məhkəməyə hazırlaşmağa, müdafiəni keyfiyyətli qurmağa kifayət eləmir. Ancaq Nizami Rayon Məhkəməsində Nazim Quliyevə xüsusi bir sayğı var və bu səbəbdən də onun bir iddiası əsasında ölkənin ən böyük qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana başqa yerə getməməklə bağlı qətimkan tədbiri görülüb...
Adam ən ağır maddələrlə həbsdə yatır, biz sadəcə onun əməllərinə dair keçirilən məhkəmə proseslərini işıqlandırmışıq, həmin yazılara görə bizi məhkəməyə verir. Hansı ki, Nazim bizim yazılarımızda qeyd olunanlardan daha ğır cinayətlər törədib.
Əcəba, onu durmadan “Yeni Müsavat”a qarşı absurd məhkəmə iddiaları qaldırmağa kim həvəsləndirir? Təbii ki, bu məsələlər Nazimin başının məhsulu deyil, kimlərsə ondan həbsxanada olduğu vaxtda da eninə-uzununa istifadə edir. Biz bir residivistin, caninin əli ilə “Yeni Müsavat” qəzetinin başını qatmaq istəyən, narahatlıq yaradan qüvvələrin kimliyi ilə bağlı araşdırmalar aparıb bəzi nəticələrə gəlmişik. Çox qısa müddətdə onların adlarını açıqlamaq qərarı verəcəyik. Hələlik proseslərin gedişini müşahidə etməkdəyik.
Qeyd edək ki, şantajçı residivistin iddiası üzrə məhkəmə hazırlıq iclası iyunun 18-nə təyin edilib. İş əvvəlki iddiaya baxan hakim Vidadi Məmmədovun icraatına verilib. Maraqlıdır ki, Nazimin əvvəlki iddiası üzrə Azər Ayxana qarşı eyni iddialar üzrə məhkəmə işi də V.Məmmədovun icraatında davam etdirilir və bu gün növbəti proses keçiriləcək.
İyunun 18-nə yeni iddia üzrə təyin olunan məhkəmə prosesində isə R.Arifoğlunun iştirakı mümkün olmayacaq, çünki o, iyunun 17-də xaricə səfərə yola düşür.
Bir residivistin əli ilə oynanılan bu oyunlarına münasibət bildirən Rauf Arifoğlu qeyd etdi ki, bu proses təkcə Nazimin başının məhsulu deyil: “Hakimiyyətdə ona dəstək verən müəyyən dairələr var. Bu adama qol-qanad verənlərin, onu himayə edənlərin kimliyini bilirik. Bizi davamlı şəkildə Nazimin əli ilə məhkəməyə cəlb etmək prosesi davam edərsə, biz Nazimi buraxıb onun arxasında duranlarla mətbu mübarizəmizi aparacağıq. Onlardan xahişimiz və tələbimiz odur ki, Nazim kimiləri ilə yol getməsinlər, belələrinin arxasında gizlənib bizi vurmağa çalışmasınlar. Məhkəmələr isə bu cür iddiaları, qüsurlu hazırlanmalarına baxmayaraq, icraata qəbul edirlər. Məhkəmələrdən və hakimlərdən xahişimiz odur ki, bizi vadar etməsinlər ki, bu cür iddialarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə və beynəlxalq təşkilatlara müraciət edək və ciddi aksiyalara başlayaq. Bizə qarşı kampaniyanın hakimiyyətin müəyyən dairələrindən qaynaqlandığını bildiyimiz üçün həmin qaynaqların, təsisatların, onların rəhbərlərinin evlərinin qarşısında piketlər təşkil edəcəyik. Əgər bu iyrənc kampaniya dayanmasa, ”Yeni Müsavat"ın əməkdaşları qeyd edilən ünvanlarda etiraz aksiyaları keçirəcəklər. Biz “Yeni Müsavat”dan əl çəkin!", “Nazim Quliyevin arxasından çəkilin!” kimi şüarlarla həmin şəxslərin üzərinə getməyə məcbur olacağıq".
Azər Ayxanın Hüquqlarını Müdafiə Komitəsinin sədri İkram İsrafil isə qeyd etdi ki, A.Ayxana qarşı keçirilən sonuncu məhkəmə prosesində D.Əmirovanın vəkilinin barışıq təklif etməsindən sonra Nazimin növbəti iddia qaldırması təəccüblü görünür: “Dilşad xanımın vəkili Kamandar Nəsibov da dedi ki, Nazimə öz əməllərindən nəticə çıxarmağı tövsiyə edib. Nazim bu dəfə təkbaşına iddia qaldırıbsa, bu onun özünün qərarı deyil. Görünür, kimlərsə ondan istifadə edir. Biz müdafiə komitəsinin fəaliyyətini daha da gücləndirib, bu işi ”Yeni Müsavat"ın qələbəsi ilə başa çatdıracağıq".






