“Almanlar səhvi bağışlamırlar”
Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasını qəbul edəcək. Musavat.com xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov da iştirak edib.
Sadıqov matçla bağlı bunları deyib: “Qrupun ən güclü komandası Almaniyadır. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadır. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadı. 90 dəqiqə diqqətli olmalıyıq. Almanlar səhvi bağışlamırlar. Sabahkı matç haqda çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdır”.
- Sabahkı oyuna demək olar ki, bilet qalmayıb. Belə görünür ki, stadion tam dolu olacaq. Rəqib isə gücü hər kəsə məlum olan Almaniyadır. Bu durum sizə necə təsir edəcək?
- Əgər sırf azarkeşlərlə bağlıdırsa, bu bizim üçün əlavə stimuldur. Azarkeş dəstəyi bizə güc verəcək. Stadionlarımız çox vaxt boş qalır, biz buna alışmışıq. Amma sabah stadionda fərqli görüntü olacaq. Tamamı ilə azarkeş dolu stadion görmək üçün darıxmışıq.
- Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədir?
- Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidir, amma təsdiqini tapmamış məlumatdır. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudur. Azərbaycan yığmasını seçməsi sevindirici haldır. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandır. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib.
Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir






