İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyevi nazir postuna aparan fəaliyyəti - deputatdan açıqlama

1863 28.01.2021 09:40 Ölkə A A

Aydın Mirzəzadə: “Vətən müharibəsi dövründə Azərbaycan peyklər vasitəsilə beynəlxalq hüquq normalarını pozmadan düşmənin fəaliyyətini izləyə bildi”

Yanvarın 26-da Prezident İlham Əliyev Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Rəşad Nəbiyev yeni nazir təyin edilib. Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. 2002-2004-cü illərdə  Mərkəzi Bankın Bazar əməliyyatları departamentində işləyib. 2004-2011-ci illərdə R.Nəbiyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli sərəncamına əsasən, “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdi.

Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin etdikdən sonra onu videobağlantı formatında qəbul edərkən “Azərkosmos”un işinə yüksək qiymət verib. Xüsusilə də “Azərkosmos”un 44 günlük müharibə dövründə yaxşı işlədiyini vurğulayıb.

Prezident Rəşad Nəbiyevi nazir təyin etdi | No Comment

Qeyd edək ki, bir çox ekspertlər adıçəkilən qurumun peyklərinin müharibə dövründə PUA-larla bağlı ciddi və effektiv fəaliyyət göstərdiyini bildirirlər. Prezidentin də yeni naziri qəbul edərkən bu kimi fikirləri dilə gətirməsi təsadüfi deyil. Görünür, bu amil Rəşad Nəbiyevin vəzifədə irəli çəkilməsinə səbəb olub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezidentin Rəşad Nəbiyevi nazir təyin edən zaman dediyi fikirlərin hər biri müəyyən bir ciddi tezisdir: “Əvvəla, yeni naziri təyinatı münasibətilə təbrik edirəm. O, Azərbaycan cəmiyyətində tanınmış simadır. Eyni zamanda hesab edirəm ki, Rəşad Nəbiyev kimi gənc kadrlarımız müstəqil Azərbaycanın, xüsusilə də cənab Prezidentin dövlətimizə rəhbərlik etdiyi dövrdə yetişən yüksək səviyyəli kadrlarının bariz nümunəsidir. Cənab Prezidentin Rəşad Nəbiyevi nazir təyin edən zaman dediyi fikirlərin hər biri, hesab edirəm ki, müəyyən bir ciddi tezisdir. Birincisi, Rəşad Nəbiyevin ”Azərkosmos" yaradılan gündən ona rəhbərlik edərək, bu qurumu nüfuzlu, Azərbaycana ad və eyni zamanda səmərə gətirən bir təşkilata çevirməsini cənab Prezident yüksək qiymətləndirdi. Kosmik tədqiqatlar, informasiya texnologiyaları Azərbaycan üçün yeni bir sahədir. Bununla belə, Rəşad Nəbiyev öz komandası ilə bu gün Azərbaycan peyklərini həm Azərbaycan, eyni zamanda dünya üçün faydalı bir mexanizmə çevirə bilib. O, artıq Azərbaycan büdcəsinə gəlir gətirir, Azərbaycanın ərazilərinin öyrənilməsində çox böyük fayda verir. Vətən müharibəsi dövründə həmin peyklər vasitəsilə Azərbaycan beynəlxalq hüquq normalarını pozmadan öz ərazisində düşmənin fəaliyyətini izləyə bildi. Bütün bu mexanizm dövlətin dəstəklədiyi, apardığı siyasət, eyni zamanda Rəşad Nəbiyev kimi bacarıqlı, savadlı kadrların sayəsində mümkün oldu. Cənab Prezidentimiz buna yüksək qiymət verdi".

Aydın Mirzəzadə: "İcra başçısının tutulması göstərir ki..."

Aydın Mirzəzadə

Deputat hesab edir ki, “Azərkosmos”a verilən qiymət artıq bütün dövlət təşkilatları üçün bir nümunə, bir oriyentir olmalıdır. Dövlət təşkilatları göstərilən etimadı doğrultmalı, onlara yönələn vəsaitin səmərəli, ölkə üçün xeyir gətirəcək, Azərbaycanın nüfuzunu qaldıracaq bir səviyyədə istifadə edilməsinə bütün gücləri ilə çalışmalıdır: ““Azərkosmos”un artıq keçmiş rəhbərinin nazir səviyyəsində fəaliyyətini də bu istiqamətdə quracağını keçmiş fəaliyyəti göstərir. Həmçinin cənab Prezident nazirlik qarşısında duran böyük vəzifələrdən danışdı. Birincisi qeyd edim ki, Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi artıq sovet dövrünə xas olan sex prinsipi ilə işləməyəcək. Dövlətin rabitə, nəqliyyat və informasiya texnologiyaları sahəsində siyasətin həyata keçirilməsinə çalışacaq. Ayrı-ayrı sahələr üzrə dövlət istehsalat müəssisələri var, eyni zamanda özəl sahələr yaranıb və dövlətin bu sahədə siyasətinin yerinə yetirilməsində bilavasitə bu nazirlik öz fəaliyyətini quracaq. Həmçinin, Prezident nazirlik qarşısında işğaldan azad olunan zonalarda kommunikasiyaların qurulmasında layihələrin smart şəhər, smart kənd formatında reallaşmasına öz töhfəsini verməsi kimi ciddi tapşırıqlar qoydu. İşğaldan azad olunmuş ərazilərdə sadəcə, olaraq, yaşayış məskənləri bərpa edilməyəcək, dünyanın bu gün şəhərsalma, eyni zamanda strukturun qurulmasında ən müasir nümunələrini nazirlik Azərbaycanda tətbiq etməlidir. Onlar həm də dünya üçün bir nümunə olacaq. İnanıram ki, yeni nazir Prezidentin onun qarşısında qoyduğu yeni vəzifələri uğurla həyata keçirəcək. Bunun üçün cənab Prezidentimizin ona etimadı var, Prezidentin onun qarşısında proqram xarakterli qoyduğu vəzifələr var. Bunun üçün əvvəl işlədiyi təşkilatda Rəşad Nəbiyevin təcrübəsi də var. Ən əsası isə Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi yeni vəzifələrə hazırdır və cənab Prezidentin qarşıya qoyduğu proqramın həyata keçirilməsində, sadəcə olaraq, çalışmaq lazımdır. Bunu da biz yeni təyinatda görürük".

A.Mirzəzadə qeyd etdi ki, eyni zamanda cənab Prezident əvvəlki nazir Ramin Quluzadənin fəaliyyətinə də müsbət qiymət verdi: “Ramin Quluzadə nazir olduğu müddətdə həmin nazirliyin dövrün tələblərinə uyğun vəzifələrinin yerinə yetirilməsinə böyük iş görüb. Keçmiş nazirə yeni təyinatda da uğurlar arzulayırıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR