İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəqs geyimi milli geyimlə qarışdırılır” - Bakı milli geyim evindən REPORTAJ, FOTOLAR, VİDEO

8017 07.06.2018 19:50 Reportaj A A

Azərbaycanda geyim mədəniyyəti 16-17-ci əsrdən başlayıb və 17-18-ci əsrlərdə inkişaf dövrü keçib. Artıq 18-ci əsrdə hər bölgənin özünəməxsus geyimi olub. Azərbaycanın xanımlarının milli geyimləri çox zəngin olub: üst geyim, arxalıq, çəpkən, ləbbadə və s...

Bütün bu sadaladıqlarımızı görmək üçün Bakı milli geyim evindəyik. Geyim evi 2008-ci ildə Könül Vəlibəyli tərəfindən təsis olunub. 2010-cu ildən hazırlanmış 100-ə yaxın geyim “Ənənədən gələcəyə” adı ilə beynəlxalq arenada təqdim olunur. Geyimlər çox olduğundan qərar verməkdə çətinlik çəkirəm. Bir-birindən gözəl, zərif milli geyimlər arasında Qarabağ xanımının 18-ci əsrdə geydiyi paltarda qərarlaşıram...

Geyimlər haqda Bakı milli geyim evinin bədii rəhbəri Könül Vəlibəyli danışır: “O dövrdə evli, subay, yaşlı, dul qadınlar geyimlərinə görə seçiliblər. Bir xanım gələndə artıq onun kimin qızı olduğu, gənc, subay, evli, ya da dul olduğunu geyiminə görə təyin etmək olurmuş. Azərbaycan milli geyimlərinin özəlliyi və xüsusiyyəti ondan ibarət olub ki, daim inkişaf edib. Məsələn, bizim Qarabaği geyimimizin qolundakı gözəl bir bant 18-ci əsrdə rus geyim mədəniyyətindən bizim geyimlərə gəlib. İndi kişilərin qalstuk kimi istifadə etdikləri kəpənək 18-ci əsrdə Qarabağ xanımlarının geyimlərinin qolunda olub”.

Milli geyimlərimiz bölgələrə görə dəyişir. Tarixən Qarabağ mədəniyyət mərkəzi olub. Müsahibimiz Azərbaycanda ən zəngin geyimlərin Qarabağ xanımlarının olduğunu deyir: “Qarabağ xanımları zəngin və geyiminə diqqət yetirən olublar. Xanımlarımızın bel kəməri qızıl, ya gümüşdən olub. İrəvan, Naxçıvan geyimləri bölgənin dağlıq və soyuq olmasına görə arxalıqları uzun olması ilə seçilib. Qırçınlı yaxa Şuşa xanımlarıın sevimli geyimi olub. Uzun arxalıqlı çəpkən Bakı və Şamaxı bölgəsində olub. Qarabağ xanımlarının geyimlərində açıq rənglərdən istifadə olunubsa, İrəvan və Naxçıvan bölgələrindəki geyimlər daha çox tünd, qəhvəyi və qızılı rənglərdə olub. Qazax, Borçalı bölgəsinin geyimləri də fərqli olub. O bölgənin xanımları at üstündə gəzib. Tərəkəmə, daim at üstündə olan xanımların geyimləri daha praktik olub. Xanımların at belində daha rahat və hərəkətli olması üçün onlara qırçınlı, enli tumanlar tikilib.

Bu gün biz geyimlərimizi tesma, muncuq, daş-qaşlarla bəzəyirik. O vaxtın bəzəkləri metaldan olub. Hər birinin də adı olub: şahbəsən, zarbafta, zəncirə, güləbətin və s. Milli geyimlə məşğul olmayan müddətdə elə düşünürdüm ki, parça adlarıdır. Sonradan öyrəndim ki, bunlar qızıl saplardan işlənmiş incə tesma olub. Milli geyimlərimiz qızıl pullar, qızıl əşyalar, qızıl saplarla bəzənib. Təəssüf ki, bu gün qızıl saplar olmadığından biz onu qızılı rəngdə muncuqlarla bəzəməyə çalışırıq”.

Keçmişdə xanımlarımızın maraqlı baş bağlamaları da olub. Araxçın başda rahat dursun deyə çənəbənddən istifadə edilib. Çənəbənd qızıl pullardan hazırlanıb. Alının açıq qalan hissəsinə isə təpəlik, dingə ilə örtülüb. Geyim evinin bədii rəhbərinin sözlərinə görə, bizim araxçınlarımız daha sadə olub: “Onu da xanımlarımız zövqə görə bəzəyiblər. Xalça naşısı, Günəşin simvolu, ay, buta, təsvir olunub. Təbiətdə, səmada nə görmüşüksə, onu geyimlərimizə toxumuşuq. Azərbaycan qadınları Qafqazda, müsəlman aləmində çox sərbəst olublar. Başlarına bir kəlağayı atıblar, vəssalam... Qapanmayıblar. Bizim qadınlar at üstdə, kişilərlə yanaşı olublar. Qadınlarımızın evdə söz haqqı olub. Bu gün Azərbaycan qadını ziyalılığı, ailəsinə bağlılığı ilə bir çox xalqın qadınlarından fərqlənir. Çünki bizim ailə ənənələrimiz var”.

Bizə çatan milli geyimlər 18-19-cu əsrə aiddir. Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub, saxlayan çox az adam olub. Əlimizdəki şəkillər də çox azdır. Bu gün bizə çatan milli geyimlər Xurşudbanu Natəvanın geyimləridir.

Müsahibimiz deyir ki, tarixdə rəqs geyimi olmayıb. Rəqs qrupları, ansamblları Azərbaycanda sovetlər dövründə yaranandan sonra bu ansamblların qızlarına geyim hazırlamaq üçün muzeydəki Azərbaycan milli geyimlərindən kəsimlər götürülüb: “Təəssüf ki, rəqs geyimləri milli geyimlə qarışdırılır. Son yüz ildə milli geyim kəsimindən rəqs geyiminə əlavələr olunub. Biz də elə düşünmüşük ki, milli geyim rəqs geyimidir. Səhnədə onu gördüyümüz üçün hətta milli geyimə qeyri-ciddi yanaşmışıq. Bu gün milli geyimlərimizi tam olduğu kimi yox, amma ən azından bənzəri kimi hazırlasaq, inanıram ki, xanımlarımız bəyənərək geyinərlər. Bu gün bir çox ziyalı xanımlar, alimlər, diplomatlarımız milli geyimlərimizi geyinir, Azərbaycanı beynəlxalq tədbirlərdə qürurla təmsil edirlər.

Mili geyimlərimiz tək qadın geyimlərindən ibarət deyil. 17-19-cu əsrlərdə Qafqazda kişi geyimləri ümumiləşib. Ləzgi, gürcü, azərbaycanlı və s. xalqların kişilərinin geyimləri demək olar, eyni olub. Azərbaycan kişisi üçün papağın xüsusi əhəmiyyəti olub. Zaman keçdikcə 15-17-ci əsrlərdəki papaqlar da dəyişib. Mirzə Fətəli Axundov papağı deyəndə bilirəm ki, dik papağı nəzərdə tuturlar. Gənc papağı deyəndə, buxara papaq istədiklərini başa düşürəm”.

Uzun illərdir ki, bu işlə məşğul olan Könül Vəlibəyli hələ də bu xəzinəni araşdırır: “Hər il təzə nə isə tapıb, üzə çıxarırıq”.

Ləman Mustafaqızı,
Musavat.com,
Fotolar və video Elçin Əkbərovundur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR