Rəqqasə Oksana xalq artisti ilə filmə çəkildi - FOTOLAR
Rəqqasə Oksana Rəsulova Nizami Kino Mərkəzində media nümayəndələri ilə biraraya gəlib.
Musavat.com xəbər verir ki, rəqqasə sahibi olduğu "OksiMedia" prodakşının ekranlaşdırdığı "Şər qarışanda" filminin treylerini təqdim edib.
Ekran işi haqda təəssüratlarını bölüşən Oksana yeniliyə imza atdığını bildirib: "Filmdə baş rolları xalq artisti Ramiz Novruz ilə mən canlandırıram. Kinonun treylerini dekabrın 19-da, doğum günümdə təqdim etmək istəyirdim, amma alınmadı. Filmin ssenarisi Fariz Əliyevə məxsusdur. Fərqli və maraqlı filmdi. Triller-dram janrında çəkilən ekran işi şər qüvvələri canlandıran Fərruxla, xeyri təqdim edən Günelin mübarizəsindən bəhs edir. Rejissor Samir Kərəmoğlu ilk dəfədir ki, bu janrda film çəkir. Film çox maraqlıdır. "Şər qarışanda" martın 3-də təqdimat ediləcək".
Xalq artisti Ramiz Novruz isə fərqli ssenari olduğu üçün film təklifini qəbul etdiyini deyib: "Tamaşaçılar məni ilk dəfə belə bir obrazda görəcəklər. Çəkilişlər maraqlı keçdi. Çəkiliş zamanı Oksananı bir aktrisa kimi kəşf etdim. O, həm yaxşı prodüser, həm də yaxşı aktrisadır".
Filmdə rol alan aparıcı Şəhriyar Əbilov çəkilişlərin maraqlı keçdiyini bildirib: "Ötən ildən özümü aktyor kimi sınayıram. Fərqli obrazlarda çəkilmək mənim üçün avantajdır. Oksana yaxın dostumdur. Dost olduğumuz üçün deyil, Oksananın keyfiyyətli iş ərsəyə gətirəcəyinə əmin olduğum üçün təklifini qəbul etdim. Film haqda danışmağa icazə olmasa da, tamaşaçıları maraqlı ekran işi gözlədiyini deyə bilərəm. Hər kəsi martın 3-də filmin təqdimatında gözləyirik".
Qeyd edək ki, filmin rejissoru Samir Kərəmoğludur. Rolları Ramiz Novruz, rəqqasə Oksana ilə yanaşı, İlhamə Qasımova, Şəhriyar Əbilov, Qurban İsmayılov və başqaları canlandırıblar.
Könül İbrahim,
Musavat.com






