Səhər yeməyinə belə qəmgin rənglərlə başlamaq istəməzdim, amma neyləməli, heç şux boyalara açıq deyiləm bu günlərdə. Və bu günlərdə Türkiyənin rəsmi, Azərbaycanın ruhən vətəndaşı, məşhur müğənni, qatı türkçü bir insanla tanış oldum. Bu, qəlbində sonsuz türk sevdası və imperiyalara nəhayətsiz nifrət gəzdirən, beynində tarixdən tutmuş, fəlsəfəyə qədər bitməz-tükənməz bilgilər daşıyan, qoltuğundan isə bədii ədəbiyyat əskik olmayan Ahmet Şafakdır.

Onu səhər yeməyinə dəvət eləyənə qədər artıq bir neçə dəfə görüşmüşdük. Mən Sovetlərdən, o Göy Türklərdən, mən Lenindən, o Ziya Göyalpdan, mən solçuluqdan, o türkçülükdən bol-bol danışmış, mübahisə eləmiş, bəzən razılığa gəlib, bəzən davaya çıxmışdıq. Amma bütün bu söhbətlərin ən gözəl tərəfi bir-birinə həm də yeni informasiyalar ötürməkdən, bildiklərini bölüşməkdən, müzakirə etməkdən hədsiz məmnunluq duymaq idi. Bəzən Ahmetin (öz tələbidir: «Mənə «bəy» deyil, «Ahmet» deyəcəksən! ) gözəl şair olan böyük qardaşı Eyyubun, bəzən mənim dostlarımın (Qan Turalı, Elmin Həsənli, Emin Aslan, Türkel Rüstəmxanlı) iştirakı ilə keçən bu söhbətlərdə biz ağzımızı açıb, müğənni kimi tanıdığımız adamın başının nə qədər biliklə, məlumatla dolu olduğuna heyrətlənirdik.
Travelers-Coffeyə isə Ahmet artıq bir müğənni və ya bir qonaq kimi deyil, dost kimi gəldi. Sərbəst cins şalvarda, üzü narın saqqallı, uzun saçlarını yellədə-yellədə... Ümumiyyətlə, onun bütün hərəkətlərində, geyimində, çılğın danışığı və sonsuz ünsiyyətcilliyində, ən elit və ən sıradan məkanlara sərbəstcə girib-çıxmağında keçmiş jurnalistin xisləti hiss olunur. Görüşdük, masaya oturar-oturmaz bura gəlməzdən əvvəl getdiyi tədbirdən danışdı. Universitetlərdən birində tələbələrlə görüşmüşdü. Və danışdığı qədərilə onları şoka salmışdı öz bilikləri, fəlsəfəsi, mövzuları ilə.

- Türkçülükdən, tarixdən, fəlsəfədən sonra onlara dedim ki, başa düşürəm, siz burada müğənni ilə söhbət edəcəyinizi gözləyirdiniz, odur ki, axırda da sizə bir mahnı oxuyum...
- Amma doğrudan o uşaqlara yazığım gəlir...
- Niyə?
- Çünki tanıdığım qədər deyə bilərəm ki, siz onlara bütün Göy Türklərin əvvəlini-axırını danışmısınız...
Güldü. O, Bakıya gələndən solçuluğuma salıb, tez-tez onun millətçiliyinə işarə ilə «O Göy Türklərin axırı nooldu?» deyə soruşurdum və Ahmet hər dəfə zarafatıma ürəkdən gülürdü.

- Ya, belə demə, Günel! Sən bir türksən! Ümumiyyətlə, sizin bu gəncliyin ciddi problemləri var. Çox qarışıqsınız, beyniniz, düşüncələriniz qarmaqarışıqdı. Maraqlıdı, hibrid bir gəncliyiniz var: öz xalqını tənqid edən, ruslara vurğun, rok dinləyən...
- Öz xalqını tənqid etməkdə nə var ki? Məncə, ziyalı xalqını tənqid etməyə haqqı olan adamdır. Xalqın da xislətində pis şeylər ola bilər və əgər bunu tənqid etməsən, o necə düzələcək?
- Xalqın pis tərəfi ola bilər, amma mənə maraqlıdır, sizin gənclik niyə həmişə öz xalqının pis tərəflərini görür? Bu xalqın Əli Bəy Hüseynzadəsi, Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri də var. Əli Bəy Hüseynzadənin əsrin əvvəllərində Türkiyədə elədiyi çıxışların səviyyəsi bizdə hələ bu gün də yoxdur. Belə dəyərli ziyalıları olan xalqın gəncliyi niyə belə nihilizmə meyllidir? Hardandır onlarda bu inkarçılıq, nihilizm?
- Ahmet, məncə nihilizm bütün xalqların gəncliyinin keçməli olduğu bir dövrdür. Yəni hər dövrün gəncliyi müəyyən bir vaxt ərzində nihilist olmalıdır. Gənclik elə öz etirazçı, inkarçı ruhu ilə gözəldir, maraqlıdır...

- Razıyam, amma bu nihilizm keçici olanda gözəldir. Sizin gəncliyinizi gördüyüm qədərilə isə deyə bilərəm ki, nihilizminiz hələ keçib getmir...
- Niyə ki? Bizim üçün də toxunulmaz insanlar var. Azərbaycanın maarifçiləri hər dövrün gəncliyi üçün toxunulmaz, əslində toxunulmaz deyil, yəni xidmətləri inkar olunmaz tarixi şəxsiyyətlər hesab olunub. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir...və adlarını sadalamadıqlarım da daxil olmaqla, bu maarifçilərin əksəriyyəti rus ziyalı mühitinin arasında yetişmişdi. Siz də bizi ruslara vurğunluqda qınayırsınız. Əgər bizə kitab oxutmağı o ruslar öyrədibsə, niyə də ruslara vurğun olmayaq? Sovetlər dövründə Azərbaycanda məktəbi və kitabxanası olmayan bircə dənə də kənd olmayıb. Universitetlərimizin çoxu o vaxtdan qalmadır. Elə kitab oxuma vərdişimiz də...
- Günel, 37-ci illərdə Stalin repressiyası olmasaydı, o illərdə ən seçmə Azərbaycan ziyalıları güllələnməsəydi, sürgün olunmasaydı, sizə kitab oxumağı elə öz ziyalılarınız öyrədəcəkdi, ruslar deyil.

- Amma elə o ziyalılar da rus burjuasının, rus ziyalı mühitinin xidmətləri idi...
- Sən nə danışırsan?! Bəs Zeynalabdin Tağıyevin dəstəyi ilə xaricdə oxuyanlar? Bəs inqilabdan əvvəlki Azərbaycan milyonçularının xidmətləri...
Həəə, burada artıq güzəştə getməyə məcbur idim....
Ofisiant qız başımızın üstünü kəsdirib, heç nə demədən çılğınlıqla danışan bu türk millətçisinin danışıqlarını heyran-heyran dinləyirdi. Ahmetə «artıq bir şey sifariş etməyin vaxtıdır» işarəsini verib, onun diqqətini sarışın və qəşəng ofisiant xanıma yönəltməyə çalışsam da, qonağımın qızdan ilk soruşduğu şey:
- Xanım, burda menyu niyə rus dilindədir? Niyə öz dilinizdə menyunuz yoxdur? – oldu.
Xanım ana dilində menyunun birinci mərtəbədə olduğunu, ikinci mərtəbədə isə adətən rusdillilərin, xaricilərin oturduğunu deyib, sifariş almağa tələsdi.
Tanış olduğumuz bir neçə gün ərzində Ahmetin iştahası əla adam olduğunu görmüşdüm. Belə deyək, danışmağı necəydisə, yeməyi də elə idi. Amma bu gün yemək «performansı» elə də gözəçarpan olmadı: bir kasa toyuq bulyonu ilə məhdudlaşdırdı seçimini. Bu görüşdə o yeməkdən çox, danışmağa, Azərbaycan mədəniyyəti, gəncliyi, ədəbiyyatı barədə ürəyin boşaltmağa köklənmişdi.
Mənsə göbələk şorbası sifariş verib, qonağımın söhbətinin göylərdən enməyən türkçülük, millətçilik, patriotluq mövzularından bir az uzaqlaşdırmağa, söhbətin ayağını dartıb yerə endirməyə çalışdım.

- Ahmet, sən İstanbulda doğulmusan?
- Hə. Amma atamla anam Rizedəndi. Qaradəniz bölgəsindən...Rize qəribə ruhu olan bir yerdi. Bir tərəfi dəniz, bir tərəf dağlar. Buna görə o yerin insanlarında qəribə bir xasiyyət var: dağlardan gələn sərtlik və dənizin verdiyi azadlıq duyğusu. Amma bunun mənim üçün heç bir fərqi yoxdur. Mənim üçün məmləkət, ölkə, millət var. Bölgəçiliyi, belə xırda ayrı seçkiliyi xoşlamıram. Hətta öz bölgəmdəki insanlar bəzən məndən inciyirlər də. Qaradəniz musiqisinə meyl eləmirəm, heç bir televiziya proqramında, müsahibələrimdə Rizəli olduğumu vurğulamıram...
Görüşdüyümüz gün sentyabrın 18-i Üzeyir Hacıbəyovun doğum günü, Milli Musiqi günü və teatrların açılış günü idi. Hamısından danışdıq. Ahmetə baxmalı bir neçə yerli tamaşa məsləhət gördüm. Dedi ki, yaxşı olar, çünki hazırda bir film çəkməyə hazırlaşırdı və filmdəki baş rola bir azərbaycanlı aktrisa axtarırdı ki, onu da teatrlarda tapacağına ümid elədi. Yeri gəlmişkən, Ahmetin çəkəcəyi filmin mövzusu Qarabağla bağlıdır. Özü isə həmin filmdə baş rolu oynayacaq. Zarafata saldım:
- Adətən təvazökar rejissorlar öz filmlərində epizodik rolları oynayırlar. Eldar Ryazanov özünün bütün filmlərində çox xırdaca rollar oynayıb.
Gülür:
- Mən də rejissor olsam, öz filmimdə epizodda oynayaram. Amma mən bu filmin rejissoru deyiləm. Yapımçısıyam.
Yeməklərimiz Ahmetin azərbaycanlı dostu Cahandarla birlikdə gəldi. Ümumiyyətlə, qonağımın buradakı çevrəsi o qədər genişdi ki, onu tək tutmaq, tək söhbət eləmək demək olar ki, mümkün deyil. Cahandar bəy salam verər-verməz söhbətimizə «bu kafedə hamı rusca danışır» deyə qatılanda, qonağımla dostunun arasındakı əsas bağın nə olduğu mənə o dəqiqə məlum oldu. Cahandar bəy də hər havasından qatı millətçiyə oxşayırdı və mən söhbəti yenə bu mövzudan uzaqlaşdırmağa çalışdım. Çünki mənim romantik solçuluğum bu iki qatı millətçinin göylə gedən türkçülüyünün, millətçiliyinin qarşısında məzlum-məzlum boynunu burmalı olacaqdı.
- Ahmet, maraqlıdır, Azərbaycanda bir çox ziyalının yeni nəsil ədəbiyyatdan xəbəri olmadığı halda, sən demək olar ki, hamısını oxuyursan, yerli saytlarımızı izləyirsən. Bu yaxın ünsiyyət, maraq hardandı?
- 14 ildir, Azərbaycana gəlib-gedirəm. Burada çox gözəl dostlarım var. Onlardan biri də Anar Yusifoğludur. Sizin nəslin gənclərini o mənə tanıtdı. Onların yazılarını, əsərlərini oxumağımı məsləhət gördü. Mən də indi demək olar ki, hamısını izləyirəm. Aqşini, Qan Turalını, səni, Elmin Həsənlini, Mirhehti Ağaoğlunu...aralarında çox bəyəndiklərim də var, razılaşmadıqlarım da. Nələrlə razılaşmadığımı bayaq danışdıq. Nihilizm, ruslara vurğunluq, milli köklərinə laqeydlik, bəzən də ateizm... Amma düzünü desək, mən bunları müvəqqəti bir şey sayıram. Məncə, hamınızın içində millətçilik də var, iman da. Məsələn mən inanıram ki, elə sən özün bir müddətdən sonra qatı millətçi də olacaqsan, hətta namaz qılıb, oruc da tutacaqsan.
- Onda gərək mən çox dindar və çox millətçi bir adama aşiq olum. Yoxsa başqa cür mümkün deyil...

- Mütləq!
Gülüşdük. Yox, mən daha bacarmırdım. Söhbəti hardan, hansı mövzudan, hansı bucaqdan gətirirsən, gətir, qonağım onun bir ucunu gətirib türklərin, şərəfli türk tarixinin, Metenin, Atttilanın, Alp Ər Tonqanın, Şah İsmayıl Xətainin, ən yumşaq halda isə Ziya Göyalpın üstünə çıxarırdı.
Axırda belə razılaşdıq. Ahmet mənə türkçülüklə bağlı kitablar qoyub gedəcəkdi. Mən onları oxuyacam və sonra biz məfkurələrimizi, yəni solçuluqla türkçülüyü döşləşdirəcəyik.
Səhər yeməyimiz bitdi, biz Ahmet gedənə qədər hələ bir neçə dəfə də görüşdük və hələ növbəti «raunda» başlamamış etiraf elədik ki, onun içində bir az solçuluq, mənimsə içimdə bir az türkçülük var...
O, milliyyətindən asılı olmayaraq, insanı, mənsə ancaq Türk atlarının ayaqları dəyən yerlərdə bitən Yovşanı sevirəm...






