İnsanlara hürriyət, millətlərə istiqlal!

Tullantılardan təmizlənib, "cənnət"ə çevrilən Böyük şor gölü... - REPORTAJ, FOTOLAR

15634 04.09.2015 19:47 Reportaj A A
Vaxtı ilə neft tullantıları və çirkab suları ilə əhatə olunan Böyük şor gölü artıq bir istirahət məkanına çevrilib. Bir neçə il öncəyə qədər baxımsız, bərbad bir halda olan ərazi artıq hər kəsin gedib, istirahət etmək, təmiz hava almaq istədiyi yerə çevrilib. 

Bəhs etdiyimiz ərazidə böyük abadlıq işləri görülüb. Göl təmizlənərək, normal hala gətirilib. Ətraf ərazidə ağaclar əkilib, yaşıllıq salınıb. Abadlıq işləri aparılan ərazinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib, yerində park salınıb. Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. 

Hər tərəfdə parkda dincəlməyə gələnlər üçün skamyalar qoyulub. Reportaj zamanı havanın günəşli olması, burada dincəlməyə gələn sakinləri az görməyimizə səbəb oldu. Çünki havaların isti keçməsi, ətrafda yaşayan sakinlərin günün əsasən axşam saatlarında parka gəlməsinə səbəb olur.


Səhərlər parka qaçmaq, idman etmək üçün gələnlərin də sayı yetərincədir. Buna səbəb, həm qaçış üçün parkın əlverişli olması, həm də ərazidə idman alətlərinin yer almasıdır. Hər kəs burada pulsuz və rahat şəkildə idman edə bilər.

Parkda uşaqların əyləncəsi də yaddan çıxmayıb. Bulvarın ərazisində bir neçə yerdə balacalar üçün oyun yerləri quraşdırılıb. 


Valideynlər yaradılmış şəraitdən razıdırlar: "Uşaqları rahat şəkildə özümüzlə gətiririk. Çünki bilirik ki, darıxmayacaqlar, başları oynamağa qarışacaq. Biz də rahat şəkildə oturacağıq. Evə də yaxındır. Hava nə qədər isti olsa da, burada külək əsir, sərin olur". 

Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün Günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir. Ərazinin daim küləkli olması, bu qurğuların işləmə funksiyasını artırır. Məlumata görə, bu qurğu hər 20 dəqiqədən bir suyun müxtəlif keyfiyyət parametrlərini, duzluluq, oksigen, temperatur, yosunların səviyyəsi və sair məlumatları mərkəzi ofisə ötürür. 


"Təmiz Şəhər" ASC-in mətbuat katibi Vüqar Babayev musavat.com-a açıqlamasında bildirdi ki, Böyükşor gölünün kompleks bərpası layihəsi prezidentin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il tarixli fərmana uyğun olaraq, həyata keçirilir: "Layihə 2 hissədən ibarətdir. Birinci hissə 2014-cü ildə başlayıb, 2015-ci il may ayınadək yekunlaşması nəzərdə tutulurdu və həmin tarixdə də təhvil verildi. İkinci hissənin isə 2015-2020-ci illəri əhatə etməsi planlaşdırılır. İlkin mərhələnin icrası üçün göl 2 hissəyə bölünərək, işlər hissə-hissə həyata keçirilir. Birinci mərhələnin layihə ərazisinin təcrid edilməsi məqsədilə 1570 metr uzunluğunda bənd çəkilərək, Böyükşor gölü iki hissəyə ayrılıb. Əvvəlcə gölün Olimpiya Stadionuna yaxın olan hissəsi bərpa edilib. Gölü 2 hissəyə ayırmaq üçün çəkilən bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək 8 xətli magistral yolun özülü olacaq. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək".


Vüqar Babayevin sözlərinə görə, əvvəllər gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılıb. İndi isə layihənin birinci mərhələsindəki ərazidə bu mənbələr tamamilə ləğv edilib: "Qalan sahədə isə 20-yə endirilib və bu göstərici azalmaqdadır. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. 


Neftlə çirklənmiş əsas ərazi - layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa edilib. Eyni zamanda yüz ildən artıq müddətdə gölün dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülüb".

V.Babayev onu da qeyd etdi ki, ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur: "Layihənin ilkin mərhələsində 2,8 milyon kubmetr həcmində çöküntü gölün dibindən çıxarılaraq, gələcəkdə zərərsizləşdirilməsi üçün müvəqqəti təcrid edilmiş anbar ərazisinə toplanıb. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib. Göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb.


Gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Həmçinin gölün şərq sahilində metal lövhələrlə çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub".


Mətbuat katibi sonda bildirdi ki, gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün Günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir: "Sahilboyu gəzinti zolağının uzunluğu 2.5 kilometrdir. Burada idman və uşaq oyunu meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, velosipedlərlə təmin edilib, 80 minə yaxın ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün Günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir. Böyükşor gölünün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq".

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR