İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət dəbdəbəli yas mərasimlərinə qadağa qoydu

8516 22.08.2014 08:37 Reportaj A A

Azərbaycanda uzun illərdir az qala ictimai bəlaya çevrilmiş israfçı yas mərasimlərinə son qoyulur. Özü də birbaşa dövlətin müdaxiləsi ilə. Redaksiyamıza çatan məlumata görə, artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adətini” ləğv etməyə qərar verib. 

Bu günlərdə Bakı şəhərinin rayonlarında yerli ruhanilər, dini icma rəhbərləri rayon icra hakimiyyətlərinə dəvət olunub. Ruhanilərə bildirilib ki, artıq bundan sonra yas mərasimlərində ehsan süfrəsində xörək, meyvə və bu kimi digər qidaların verilməsi qadağan olunur. Yas mərasimlərində ehsan süfrələrinə yalnız çay verilə bilər. 
Din xadimlərinə o da bildirilib ki, uzun illər hökumət bu sahədə tənzimlənmənin olmasına çalışıb, ancaq təbliğat və ya çağırışla bu, mümkün olmayıb. Buna görə də artıq qərar məcburi olacaq və yas mərasimlərində yemək vermək qadağan ediləcək. O da bildirilib ki, bu məsələ birbaşa ölkə başçısının diqqətindədir, yas məclislərində israfçılığın aradan qaldırılması üçün din xadimlərinin dəstək verməsi, insanlara çağırış etməsi tövsiyə olunub. 


Qeyd edək ki, Azərbaycanda bir neçə dəfə yas mərasimlərindəki israfçılığın qarşısını almaq cəhdləri olsa da, bu, nəticəsiz qalıb. Yalnız Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb. İndi isə analoji qayda bütün ölkə boyu tətbiq ediləcək. Uzun illər Azərbaycanda mütərəqqi din xadimləri, mətbuat bu sahədə çağırışlar etsə də, xalq arasında formalaşmış ehsan süfrələri ənənəsini aradan qaldırmaq mümkün olmayıb. Bu qaydanı aradan qaldırmaq üçün yeganə yol məcburiyyət, yəni bu adətin məcburi qaydada xüsusi qadağa ola bilərdi. Bu mənada hökumətin bu addımı mütərəqqi din xadimləri, ziyalılar və ölkə əhalisinin böyük hissəsində rəğbətlə qarşılanacağı şəksizdir.

Onu bildirək ki, bizə çatan bilgilərə görə, bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Dini əlamətdar günlər, o cümlədən Ramazan və Məhərrəm ayları mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb. 
Qeyd edək ki, Azərbaycanda zaman-zaman yas və toy mərasimlərinin sadə keçirilməsi ilə bağlı çağırışlar olub. media bu mövzuya böyük diqqət ayırıb. Ancaq bu cür çağırışlar faktiki olaraq nəticəsiz qalıb. Bəs, ölkənin baş dini idarəsi olan Qafqaz Müsəlmanları İdarəsi hökumətin bu qərarına nə deyir? 

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, QMİ hökumətin bu addımını dəstəkləyir: “Dövlətin bu təşəbbüslərə münasibətini, əsl dini qaydaların təşəkkül tapmasını dəstəkləyirik”.   

QMİ-nin sözçüsü onu da bildirdi ki, İdarə bir neçə il əvvəl bu barədə geniş toplantı keçirərək ictimaiyyətə toy və yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı çağırış edib. R.Dadaşova onu da bildirdi ki, “Təzəpir” məscidində yerləşən mərasim zallarının girişində lövhələrdə mərasimlərin təşkili, dinin israfa münasibəti, din adı ilə mərasimlərin keçirilərək dindən sui-istifadə olunması ilə bağlı məlumatlar yerləşdirilib. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının 2011-ci il iyulun 13-də keçirilən toplantısında xalqa müraciət edilib. QMİ-nin saytında yerləşdirilmiş müraciətdə qeyd olunur ki, hazırda keçirilən yas və toy mərasimləri israfçılıqdan uzaq olmalıdır. Bəyanatda bundan sui-istifadə edənlərin olduğu qeyd edilir: “Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd (s) aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir. Mərasimlərdə imkansızlara, ehtiyacı olanların ailələrinə yardım və ehsan etmək islama görə məqbul sayılır”.

Müraciət QMİ insanların daha sadə mərasim keçirmələrinə çağırış edir: “Ehsan hərfi tərcümədə ”yaxşılıq etmək, gözəl iş görmək" mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünmür ki, Rəbbimizin əmr və qadağalarına asilik bağışlanılmaz günahlardandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur".

KƏNAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR