İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının iki üzü - biri ağ, biri qara... - FOTOLAR

4846 07.03.2015 23:39 Reportaj A A

İlk dəfə olaraq Bakıda keçirilməsi planlaşdırılan Avropa Oyunlarına qızğın hazırlıqlar davam edir.
 
Şəhərin bir çox yerlərində tikinti və bərpa işləri aparılır. Yeni yollar çəkilir, müasir idman kompleksləri tikilib və tikilməkdə davam edir. Bütün bunlarla yanaşı yolların kənarları hasarlanmaqda da davam edir.
 
Belə ki, Bakının bir çox əsas küçələri, gözlə görünən hissələrindəki ərazilər hasarlanır. Və beləliklə əhalinin kasıb olması, bərbad halda olan küçələr, evlər hasarlar arxasında gizlədilir. Belə gizlətmə əməliyyatı həm də binalarda edilir.
 
Köhnə, “hay-hayı gedib, vay-vayı qalmış” binaların görünən hissələri elə bəzədilir ki, 10 ildir həmin mənzillərdə yaşayan sakinlər, öz binalarını tanımamağa başlayıblar. Çünki binaların görünən hissələri çox təcrübəli şəkildə bəzədilir.
 
Bu yazımızda sizi bu tipli binaların bir neçəsi ilə tanış edəcəyik. Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 5 mərtəbəli binalarda da eyni işlər görülür. Binaların fasad hissəsi xüsusi materiallarla bəzədilir. Sanki yeni tikilmiş bina halına salınır.
 
Adını çəkdiyimiz ərazidə olduğumuz zaman, tikintidə istifadə edilən materialları da gördük. Burada əsasən iki növ tikinti materialından istifadə edilir. Biri binanın fasadına, binanın öz örtüyündən 10-15 santimetr aralı məsafədə, xüsusi üsulla düzülür. Kənardan baxdıqda daş örtük kimi görünən bu xüsusi plastikə bənzər material, çox asan şəkildə alışıb, yana bilir.
 
Üstəlik, onun divardan aralı şəkildə vurulması, hər hansı yanğın zamanı daha da alışmasına səbəb olur. Həm də bəzi məlumatlara görə, bu örtüyün kənardan əsl bina üzlüyünə bənzəməsi, burada da böyük miqdarda pulların mənimsənilməsinə yol açır. Əsl bina fasadı üçün nəzərdə tutulmuş örtüyün qiymətinə “başa gələn” material, bəzilərinin cibini qalınlaşdırır. Əslində isə bu material çox ucuz başa gəlir. Və istehsalı da Azərbaycanda gerçəkləşir.
 
“Ört-basdır” əməliyyatında istifadə olunan digər material isə birincidən daha təhlükəlidir. Penaplas adlanan bu tikinti məhsulu, əsasən yükdaşımalarda istifadə edilir. Daşınan yükə ziyan dəyməsin deyə, ətrafı penaplasla örtülür. Biz əsasən penaplas materialı ilə televizor, soyuducu və bu kimi əşyalar aldığımız zaman tanış olmuşuq. Ağ rəngli, tez parçalanan bu material, artıq Bakıda tikinti zamanı istifadə edilir.
 
Onun üzəri rənglənərək, daş örtük forması verilir. Tezalışan bu material gözəl görünüş versə də, həm də həyat üçün çox təhlükəlidir. Kiçik bir yanğın hadisəsi, bu material sayəsində böyük faciələrə yol aça bilər.

Adı çəkilən ərazidə yaşayan sakinlərlə söhbətləşdik. Saleh adlı bina sakininin sözlərinə görə, onlar binanın belə formada bəzədilməsinin əleyhinədirlər: "Bizə belə "təmir" lazım deyil. Yalandan kənardan görünən hissəsini bəzəyirlər. Guya təmir edirlər. Belə təmir olar? Binanın çatlayan, uçulan hissələri olduğu kimi qalıb. Üstünə plastikə bənzər material düzüblər. Kənardan baxanda adama elə gəlir ki 4-5 ayın binasıdır. Ən müasir standartlarla tikilib. Amma binanın digər üzünə baxanda əsl həqiqət üzə çıxır. 

Üstəlik, bu material çox təhlükəlidir. Xırda yanğın olsa, bütün bina yana bilər. Əgər xaricdən gələn turistlərə ölkəmizi yaxşı göstərmək istəyirlərsə, bunu binaları yalandan bəzəməklə yox, həqiqətən təmir etməklə həyata keçirsinlər".  

"Gülməli haldır. İndi bunlar bu yalançı təmiri ona görə edirlər ki, kənardan yaxşı görünsün. Yaxşı, binanı kənardan yaxşı görən adam, binanın həyətinə keçəndə əslində binanın xaraba günə qaldığını görməyəcək?" - bu sözləri bina sakinlərindən biri olan Afət Quliyeva deyib. 

O, bu sözləri ilə öz şikayətlərinə davam edib: "Bizim binanı da bəzəyirlər. Nə qədər narazılıq etsək də, xeyri olmadı. Dedilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığıdır. Binaların fasadları belə olmalıdır. Əslində təəccüblü deyil. Şəhərin hər tərəfini hasarlayıblar. Xarabalıqları, kasıbçılığı bu formada gizlədirlər. Amma alınmayacaq. Heç kim kor deyil. Mən yaşlı ola bilərəm, amma avam deyiləm". 

Binaların bəzədilməsi üçün istifadə olunan materiallar ucuz və həyat üçün çox təhlükəlidir: "Bu yaxınlarda bir yanğın oldu. Çox adamın bundan xəbəri var. Balaca bir alov, yekə bir mənzili və içində də 4 nəfərlik ailəni az qalsın məhv edəcəkdi. Xoşbəxtlikdən sadəcə balkon yandı. Mən özüm ustayam. Ona görə bu materiallardan yaxşı anlayıram. Divara vurulan material Azərbaycanda istehsal olunur. Zavodun sahibi bu bəzəmə sayəsində yaxşı pul qazanır. Bu material elə bir tərkibdən ibarətdir ki, alova qarşı həssasdır. Tez alışır. Üstəlik bunun divara vurulması da fərqlidir. Belə ki, divardan 5- 10 santimetr aralı məsafədə taxta konstruksiyalar quraşdırılır. Bunları da ona bərkidirlər. Arada qalan boşluq, yanğın zamanı küləyin çoxalmasına və bu yolla da alovun böyüməsinə səbəb olur. İndi belə bir materialdan istifadə edib, öz ayıblarının üstünü örtürlər. Amma binada yaşayan insanları düşünən yoxdur".

Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR