İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının axirət problemi: ölüyə yer tapılmır, dirilərin isə qəbri hazırdı - FOTOLAR

3578 13.03.2016 15:20 Reportaj A A


Əhalisi son illərdə sürətlə artan paytaxt Bakıda qəbiristanlıqlarda boş yer tapmaq artıq müşkül məsələdir. Bu hal əsasən paytaxtın ən böyük qəbiristanlıqları olan Yasamal və Keşlədə müşahidə olunur. Qəbiristanlıqlarda yer qıtlığının yaranmasının bir neçə əsas səbəbi var. Bu səbəblər dəfn olunanların sayının artması və imkanlı şəxslərin ailə üzvlərinə və qohumlarına onlar dünyasını dəyişmədən məzar yerləri almasıdır. 

Bakıdakı müxtəlif qəbiristanlıqlarda hasara alınan boş əraziləri, üzərində doğum tarixi, adı və soyadı yazılan baş daşlarını, büstləri görmək mümkündür. Cəmiyyətimizdə imkanlı şəxslər qəbiristanlıqlarda da seçilir. Onların baş daşları dəbdəbəli olmaqla yanaşı, məzarın ərazisi də geniş olur. Onlarla qəbirin ola biləcəyi ərazilər bir nəfərlik məzarlıq kimi hazırlanır. Bu da öz növbəsində qəbiristanlıqlarda yer sıxlığının yaranmasına səbəb olur. 

İndi Bakıdakı qəbiristanlıqlarda boş yer tapmaq çətin olduğu kimi həddən artıq da bahadır. Bakıdakı qəbiristanlıqlarda yer almaq ən ucuz halda 600 manata başa gəlir. Bakının kəndlərinə doğru uzaqlaşdıqda məzar yerlərinin qiyməti ucuzlaşır. Ancaq Bakıdakı qəbiristanlıqlarda 5 min manatdan baha satılan yerlər də var.

Məlum olduğu kimi, dəbdəbəli baş daşlarından, qəbristanlıqlarda yaranan sıxlıqdan və qəbir yerlərinin baha satılmasından xilas olmaq, öləndən sonra belə varlı-kasıb seçiminin olmaması üçün yeni qanun layihəsi hazırlanır. Artıq uzun zamandır müzakirəsi davam edən “Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında” qanun layihəsi hazırlanıb. Yeni layihə bizə məlum olan şərtləri ilə qəbul olunsa və icra edilsə, illərdir müzakirə mövzusu olan böyük bir problem öz həllini tapacaq.

Yeni qanun layihəsinə əsasən qəbir yerlərinin standart qiymətləri və qəbir daşlarının standart forması müəyyənləşdiriləcək. Bununla da aztəminatlı ailələrin dəfn mərasimlərində qarşılaşdıqları əsas problemin öz həllini tapması gözlənilir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni qanun layihəsində Bakı şəhərində qəbir yerlərinin standart qiymətlərinin müəyyənləşdirildiyini, paytaxt ərazisində qəbir yerlərinin qiymətinin minimum əmək haqqının iki misli miqdarında olacağını qeyd edib.

Yeni layihədə aztəminatlı ailələrin qəbir yerləri ilə yerli bələdiyyələr hesabına təmin edilməsi, şəhidlərin, milli qəhrəmanların, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının ailələrinə isə qəbir yerlərinin pulsuz verilməsi də nəzərdə tutulub. Maraqla gözlənilən qanun layihəsinə əsasən Nazirlər Kabineti tərəfindən yeni qəbiristanlıqlar üçün ərazilərin ayrılması nəzərdə tutulur.

Hazırda ən dəbdəbəli qəbir daşlarının, ən çox geniş və hasara alınmış boş məzarlıq ərazilərinin olduğu yer Yasamal qəbiristanlığıdır. Bu qəbiristanlığın ərazisi artıq demək olar ki, tam şəkildə dolub. Qəbiristanlığın 3-cü Fəxri Xiyaban adlanan ərazisində də artıq yerlər tamamilə dolub. Lakin qəbiristanlığın yamacları qazılaraq yeni məzar yerlərinin salınmasına da başlanılıb. Bu qəbiristanlığın ərazisi geniş olsa da qəbirlərin sayı azdır. Çünki qəbiristanlığın ərazisinin böyük bir hissəsi qəbirlər olmadan hasara alınıb. 

Qəbiristanlıqda qəbirlərə nəzarət edən şəxslər musavat.com-un əməkdaşına bildiriblər ki, yeni qanun layihəsinin hazırlanmasından xəbərdardırlar. Amma qanun layihəsi qəbul olunsa və icrasına başlanılsa, bu, burada görülən işlərə heç bir təsir göstərməyəcək: “Burada elə yerlər var ki, 10-15 ildən artıqdır ki, alınıb. İmkanı olan, istəyən qəbrin ətrafını geniş alıb. Elə adam var ki, Azərbaycanda yaşamır, ancaq özünə və ailə üzvlərinə qəbir yerlərini indidən ayırıb. Bu məsələ indi gündəmə çıxarılıb və müzakirə olunur. Belə bir istəyi olan, ailə üzvləri və özü üçün məzarlıq ayırtdıran hansısa bir şəxsə kimsə etiraz edə bilməz. Çünki bu, onun öz istəyidir. Yəqin ki, yeni layihə bundan sonra salınacaq qəbiristanlıqlara nəzarət olunmasına aid ediləcək. İndi kiminsə aldığı qəbir yerlərini əlindən almaq və ya dəbdəbəlidir deyə baş daşının dəyişdirilməsini istəmək olmaz. Bunu jurnalistlər tez-tez gəlib soruşur. Ancaq özünüz fikirləşin, axı kimə deyə bilərsən ki, sənin qohumunun baş daşı dəbdəbəlidir və bunu sökməlisən. Təbii ki, bunu heç kim qəbul etməz. Ancaq yeni yaradılacaq qəbiristanlıqlarda bu qadağaların və standart məzarların olması yaxşı olar”.

İ.Muradov,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR