İnsanlara hürriyət, millətlərə istiqlal!

Borçalı torpaqlarında Suriya erməniləri üçün qəsəbə salınır

4735 23.05.2014 08:40 Reportaj A A

Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ təbliğat turu” çərçivəsində Gürcüstanda növbəti görüşlərini Borçalı bölgəsində, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə keçirdi. Tiflisin 102 km-liyində, Ermənistan sərhədində yerləşən Yırğançay kəndinə gedərkən yolboyu soydaşlarımızın yaşadığı məntəqələrdə ayaq saxlayıb onların problemləri ilə maraqlandıq. Azərbaycanlıların kompakt yaşadığı Orzman və Hamamlı kəndlərində də olduq.

500 təsərrüfatlı Hamamlı rayonun ictimai-siyasi həyatında önəmli rola və çəkiyə malikdir. Hamamlı ağsaqqalları ilə maraqlı görüş oldu. Biz kəndə çatarkən pensiya paylanırdı. Hər ayın 17-si səyyar bankomat gəlib pensiya paylayır. 150 lari (75 AZN) pensiya alan sakinlər deyir ki, ayda 70 lari sosial yardım verilir və kimsəsizlər 60 lari təqaüd alır. Buradakı kənd kitabxanası isə bərbaddır. Kitabxana müdiri Qənirə Musayeva təmir üçün müraciət etdiklərini, lakin nəticə olmadığını dedi: “Bizim Azərbaycan dilli ədəbiyyata ciddi ehtiyacımız var. Xahiş edirik Azərbaycan dövləti bizə kömək etsin”. 

Kitabxananın uçuq-sökük hissəsində kiril əlifbası ilə Azərbaycan nəşrləri də qalaqlanmışdı. Bolinisi rayonunun Kolayır (Tamarisi) kənd sakinləri işsizlikdən, Qırmızı Körpü buraxılış məntəqəsindəki maneələrdən gileyləndilər. 2 min əhalisi olan kənddəki cavanlar deyir ki, işsizlikdən çarəsiz duruma düşüblər. “Hərə 25-30 sotluq pay torpağında kartof-soğan əkir. Onun da məhsulunu sata bilmirik. Əvvəl Azərbaycan bazarına aparırdıq, gömrük rüsumunu o həddə qaldırıblar ki, əkməyə də dəymir. Üstəlik, Azərbaycandan bura kartof gətirilir deyə, burda qiyməti öldürüblər” - deyə, gənclərdən biri bildirdi. Dediklərinə görə, Daşlı Qullar, Hasan Xocalı kimi kəndlər də eyni vəziyyətdədir.

 Burada torpaqlar o qədər münbitdir ki, ildə iki dəfə məhsul götürmək olur. Sadəcə, məhsulu bazara çıxarmaq üçün soydaşlarımız Azərbaycan dövlətindən yardım istəyirlər. Yeganə xahiş gömrükdəki maneələrin aradan qaldırılmasıdır. Onlar deyir ki, Gürcüstan-Ermənistan sərhədində Gürcüstan erməniləri üçün ideal şərait yaradılıb.  
Əlibala Əsgərov: “Ən böyük problem odur ki, milli kadrlar gedib qurtarıb”

QAT sədri Akif Nağı, Qarabağ döyüşçüləri Fəxrəddin Səfərov, Sərvər Musayev, Nəsib Cəfərovun növbəti görüşü Marneulidə oldu. Qeyd edək ki, 135 min azərbaycanlının 92 mini Marneulidə yaşayır. “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov da QAT-ın rəhbər şəxsləri ilə görüşdə Borçalının əsas problemlərindən danışdı: “Ən böyük problem odur ki, milli kadrlar gedib qurtarıb. Biz 4 ildir SOS siqnalı çalırıq. Ona görə də ən birinci addım olmalıdır ki, iki ölkənin nazirləri görüşsün və pedaqoji kadrların hazırlanması ilə bağlı ali məktəbin yaradılması haqda qərar verilsin. Bu barədə Bakıda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşdə də demişik, fikrimizlə razılaşıblar. Azərbaycan ali məktəblərinə kvotanın ayrılması isə bizə sərf etmir. Sovet dövründə kvota var idi, bir nəfər geri qayıtmadı. Gərək tələbələrin qarşısında şərt qoysun ki, Bakıda oxuyub geri qayıdacaqsan. Azərbaycan dövləti öz işini asanlaşdırmaq üçün bizi gürcü dilli təhsilə yönəltməsin. Gürcüstana inteqrasiya ilə bağlı deyilənlər boş söhbətlərdir. İnteqrasiya yox idisə, 5 min il burda necə yaşamışıq?! Azərbaycan dövləti bizə sahib çıxmırsa, bu, dövlətin çatışmazlığıdır. Bu gün Borçalıdan Azərbaycanda 4 nazir işləyir. Biz istəyirik ki, Ermənistanın xaricdə apardığı milli siyasəti Azərbaycan aparsın. Abxaziya erməniləri üçün İrəvanda kvota var. 30 min erməninin olduğu Abxaziyadan erməni tələbələri aparıb oxudurlar, geri göndərirlər. Düşmən də olsa, belə şeyləri ondan öyrənmək lazımdır”. 

Koroğlu qalasının üstündəki...xaç və erməni təhlükəsi 

Özündə 7 kəndi birləşdirən, 14 minə yaxın əhalisi olan Sadaxlıya gedən yolun sağ-solunda ermənilər məskunlaşdırılıb. 

Şualaver, Xoceli, Zobda erməni və azərbaycanlılar birgə yaşayır. Şaumyan, Qırmızıkənd, Dəmyə, Ağkörpü, Güllübağda ermənilərin say üstünlüyü yaradılıb. Daştəpədə isə azərbaycanlı, gürcü və ermənilər bir yerdə yaşayır. Bu ərazilərdə addımbaşı xaçlarla rastlaşırıq. Hətta dağın zirvəsindəki nəhəng Koroğlu qalasının üstünə xaç basdırılıb. Türk məskəni olan bu ərazilərdə indi ermənilər kompakt yaşayır. 

Yol bələdçimizdən öyrəndik ki, Suriya erməniləri təkcə Qarabağa köçürülmür. Saakaşvili dövründə Yuxarı Saral və Aşağı Saralın arasındakı əraziyə, Sadaxlıya gedən yolun sağ-soluna Suriyadan gələn iş adamları köçürülüb. Onların ixtiyarına 80 ha torpaq verilib. Onlar dəvəquşu yetişdirilməsi üçün fermer təsərrüfatı yaratdıqlarını deyiblər və burada məskunlaşıblar. Ancaq 5 ildir fəaliyyətə başlasalar da, tikililərdə bir dənə də olsun dəvəquşu yoxdur. İrəvan və Gürcüstandan gələn ermənilər də bura toplaşıb. Onlar göbələk yetişdirirlər. Planlaşdırılır ki, erməni işçilərin burda yaşaması üçün əlavə 25 həyət evi tikilsin. Ancaq azərbaycanlılar hesab edir ki, burada məkrli niyyət var. İmkan düşən kimi ermənilər Sadaxlının dəhliz yolunu bağlayıb azərbaycanlı əhalini qovmaq istəyirlər. Ona görə də Marneulinin Saralı kəndi ilə Qırmızı körpü istiqamətində erməni  qəsəbəsi salırlar. Məqsəd Qırmızı Körpüyə nəzarəti ələ keçirməkdir. Söhbət gəzir ki, azərbaycanlı və ermənilər arasındakı Təkəli prosesində də məqsəd Ermənistanla İpək yolu arasında əlaqə yaratmaqdır.   

Ermənistanın “içində” Azərbaycan kəndləri

Ermənistana gedən dəhliz yolun keçdiyi Sadaxlı zonasında Azərbaycan kəndlərinin həm sağı, həm də solu Ermənistan kəndləridir. Dar yerlərdə ara məsafəsi 200-1000 metr arasında dəyişir. Sadaxlıdan keçib Gürcüstan-Ermənistan gömrük məntəqəsinə yetişdik. Təqribən 50 metrlikdə isə erməni gömrük məntəqəsi yerləşir. Gömrük postunun sağ tərəfindəki qrunt yol isə iki Azərbaycan kəndinə aparır. Sağ-soldan Ermənistan sərhədi ilə əhatəyə alınmış Təzəkənddə 120, Burmada isə 70 ev var. Təzəkənddə 3 otaqlı ev düz sərhədə düşüb. Otağın iki otağı Gürcüstan, 1 otağı Ermənistan ərazisinə düşüb. Çünki Ermənistan sərhədin yerini dəyişib və Sadaxlı ərazisinə girib. Bu kəndlərdə qazın olmaması, düşmən ölkə ilə üzbəüz yaşayan insanların təhlükəsizliyinin təmin olunmaması ciddi problemdir. 

O tayda Əli İnsanovun kəndi...

Geri dönərkən Ləmbəli (eks-nazir Əli İnsanovun ata yurdu) kəndinin yanı ilə keçib gedirik. Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev deyir ki, yayda mənbəyini indiki Ermənistandan götürən Bənövşə çayının bir tərəfində son vaxtlaradək Sadaxlı cavanları, o biri tayında isə ermənilər çimirdi. Çayın bir hissəsi Gürcüstan, digər hissəsi Ermənistanındır. Çay dadı ilə seçilən Xramuli balığının məskəni sayılır. 

Yolun sağ-solundan keçən qaz kəməri isə ermənilər üçün göz dağıdır. Sabir Mehdiyev deyir ki, ermənilər Azərbaycan şirkətinin bölgədəki işlərini görəndə havalanır. Yeri gəlmişkən, Ermənistana gedən yeganə yol Sadaxlının mərkəzindən keçir. İkinci yol Yırğançaydan keçir. Bu yollar azərbaycanlıların nəzarətindədir.

*    *    *    *

Sadaxlı ictimaiyyəti ilə görüş Mədəniyyət Mərkəzinin həyətində keçirildi. QAT sədri Akif  Nağı çıxış edərək nümayəndə heyətinin Gürcüstana səfəri barədə danışdı. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, şəhid olmuş Borçalının qəhrəman oğulları barədə danışdı. Bildirdi ki, bu gün də Borçalı camaatının əksəriyyəti Qarabağ uğrunda savaşa atılmağa hazırdır: “Gürcüstan elə bir yerdir ki, Qarabağ uğrunda mübarizə həm də burda gedir, çünki ermənilərlə bağlı böyük layihə işə salınıb. Ona görə də siz ata-baba yurdunuzda möhkəm dayanmalısınız”.  

Sadaxlı qəsəbə orta məktəbinin direktoru Sayad müəllim QAT-a bu missiyasına görə təşəkkür etdi: “Qarabağın azadlığı  Qafqazda sülhün, əmin-amanlığın yaranması deməkdir. Eyni zamanda bizim Abxaz, Cənubi Osetiya problemi var. Ermənilər heç vaxt bu addımı atmazdı, onların arxasında böyük Rusiya dövləti var, bunu açıq şəkildə deməliyik. Çox təəssüf ki, Azərbaycan hökuməti bunu demir. Biz Qafqazı iki əsr əvvəlki vəziyyətə qaytarmalıyıq, hər kəs burada mehriban yaşamalıdır. Erməni və Azərbaycan xalqı bir-birinə düşmən deyil, bu düşmənçiliyi siyasətbazlar yaradıblar, onlara qarşı mübarizə aparmalıyıq”.  

Azərbaycanlılara qeyri-rəsmi qadağa

Orta məktəb müəllimi Fərman Zeynalov dedi ki, Qarabağ diplomatiyası bu gün bizim üçün əlverişli deyil: “Sadaxlı 2 şəhid verib Qarabağda, 1 nəfər isə ağır xəsarət alıb, sağlamlığını itirib. Azərbaycan hökuməti Qarabağ müharibəsində iştirak edən insanlara böyük diqqət verməklə onların nüfuzunu artırmalıdır. Qarabağ müharibəsi iştirakçılarını bir axtaran yoxdur ki, görək onlar sağdırmı, ya yox. Bu gün Gürcüstan tarixini bizim uşaqlar çox gözəl bilir, amma Azərbaycan tarixini yox. Azərbaycan hökuməti bizə kömək etsin ki, tariximizi öyrənək, həm də uşaqlarımız Qarabağın bizim olduğunu bilsin. Gürcüstan hökuməti bizə tariximizi öyrənməyimizə kömək etmir . 83 faizində azərbaycanlılar yaşayan Marneulidə bir azərbaycanlının rayon rəhbəri seçməsinə imkan verilmədi. Belə hökumətə necə inanmaq olar ki, Qarabağ məsələsində bizə dayaq olacaq?” 

Sovet dövründə komsomol komitəsinin 1-ci katibi işləmiş Bəkir Dəmirçalov müəllim yerli hakimiyyətə qəzəbləndi: “Hanı bizim kənd soveti, bələdiyyə, niyə sizi qarşılamadı? Ermənilər bizim sağ-solumuzda gəlib qala tikiblər. Belə rəhbərlik olandan sonra biz nə edə bilərik? Bunları cəmiyyətdən uzaqlaşdırmaq lazımdır, bizim səsimizin Azərbaycana gedib çıxmasına imkan vermirlər. Xalq birləşib onları kənarlaşdırmalıdır. Gəlin ayılaq”. Bələdiyyəyə namizəd olan Bəkir müəllim ona qarşı addımları da pisləyib Borçalı əhalisini birliyə çağırdı.

Şuşa batalyonunun komandiri olmuş Fəxrəddin Səfərovun milli ruhlu çıxışı iştirakçıları heyran qoydu.

Ermənistana gedən maşınlar

Biz Sadaxlıda olarkən davamlı şəkildə Ermənistana gedən avtomobilləri və TIR-ları müşahidə etdik. Avtomobillər dar yolda tez-tez qəzalara səbəb olur. Sadaxlıda 10-a yaxın uşağı erməni maşınları vurub, 4 uşaq əlil olub. Düşmən ölkəyə gedən maşınların sürücü və sərnişinləri hətta düşüb Sadaxlıda alver edir, yanacaq doldurur vurur, yaxud maşınlarını təmir etdirirlər. 

Sadaxlıda deyirlər ki, Türkiyə nömrə nişanlı avtomaşınlar da Ermənistana yük daşıyır. Xüsusilə də axşam düşəndən sonra. Deyilənə görə, bir sutka ərzində ən azı 100-150 TIR keçib Ermənistana gedir. Əksəriyyəti gündəlik tələbat malları daşıyır. Hətta Gürcüstandan çox maşın Türkiyəyə məxsusdur. 

Ermənistandan gələn ermənilər Sadaxlıda odun yarır, yer belləyir, qoyun otarır və əvəzinə günəmuzd pul alırlar. İki nəfərə bir gün ərzində 1 maşın odunu yarmağa görə camaat 40 lari verir. Ermənilər 5 sot yeri belləyib 30-40 lari qazanır. Bura gələn ermənilər ölkələrindəki vəziyyətdən şikayətlənərək “Ermənistanda acından qırılırıq” deyir... 

Elşad PAŞASOY
FOTO: “YM”
Borçalı, Sadaxlı 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR