İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejissor Yusif Əkbərovun 70 illik yubileyi qeyd olunub – FOTOLAR

540 06.10.2019 16:40 Mədəniyyət A A

Oktyabrın 5-də Akademik Musiqili Teatrda Yusif Əkbərovun 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə teatrda “Qızıl toy” (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 47-ci dəfə nümayiş olunub.

Tamaşa təqdim olunmazdan əvvəl tanınmış telejurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum sənətkarın həyat və yaradıcılığından bəhs edib:
“Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının) quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və "Qızıl toy”, "Hərənin öz ulduzu”, “Əlin cibində olsun”, "Səhnədə məhəbbət”, “Ər və arvad”, "Qısqanc ürəklər”, “Matəm marşı” və s. tamaşalara quruluş verib.

O, prezident mükafatçısı idi. 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Qeyd edim ki, Yusif Əkbərov çox sakit, təvazökar insan idi. O, təkcə quruluşçu rejissor deyil, həm də teatrdakı bütün aktyorların dostu idi. Bu da çox önəmli məsələdir. Bununla da aktyorlar tamaşada bir yumruq, vəhdət kimi rejissorun ətrafında birləşir və rejissor istədiyini tamaşaçıya çatdıra bilir”.



Daha sonra tamaşa təqdim olunub. Qeyd edək ki, səhnə əsərində rolları əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov, Elnur Zeynalov və digərləri ifa edib.

Qeyd edək ki, “Qızıl toy” komediyasının sonuncu quruluşları (1996-cı və 2014-cü illərdə) Yusif Əkbərovun adı ilə bağlıdır.

Tamaşada valideynlərə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.

Quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor asisstenti Tamilla Aslanovadır.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR