“Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı haqqında artıq filmlər istehsal etməyin zamanı çatıb. Bu filmlər əvvəlkilərdən fərqli olaraq qalib əsgərləri özündə təcəssüm etdirəcək”.
Bu sözləri tanınmış prodüser-rejissor Fehruz Şamıyev Musavat.com-a açıqlamasında bildirib. Fehruz Şamıyev qeyd edib ki, Azərbaycan kinosunda da artıq qarşıdakı hədəflər dəyişməkdədir:
“Vətənə müharibəsinin ölkəmizə diktə etdiyi yeni qaydaları artıq həyatımızda hiss etməkdəyik. İlk olaraq psixoloji məqama diqqət edək, ölkədə yetərincə baxış bucağı dəyişib. İnsanların psixoloji durumu əvvəlki kimi deyil.
Demək istəyirəm ki, cəmiyyətdə bu qədər dəyişkənlik baş verdiyi halda təbii ki, bu proses incəsənətə və digər sahələrə də təsirsiz ötüşməyəcək. Eləcə də Azərbaycan kinosunda da artıq qarşıdakı hədəflər dəyişməkdədir. 30 ilə yaxındır döyüşdə məğlub olmuş bir xalqın bu mövzuda film istehsal etməyində müəyyən problemlər var idi. İndi isə situasiya dəyişib. Qalib xalq öz qəhrəmanlığını ekranda da görmək istəyir.
Məlumdur ki, Vətən müharibəsində onlarla qəhrəmanlıq hadisəsi oldu, onlarla qəhrəmanımızı xalq tanıdı. Onları ekrana gətirməyin zamanıdır”.
Fehruz Şamıyev qeyd edib ki, məsələ ilə bağlı milli kinematoqrafiyanın üzərinə böyük iş düşür:
“Azərbaycanda keyfiyyətli filmlərin istehsalı üçün texniki baxımdan yetərincə imkanlar var. Qalır maraqlı ssenari və rejissor həlli. İnanıram ki, məsələnin yaradıcı tərəfi də tədricən öz həllini tapacaq. Üstəlik, qeyd edim ki, döyüş filməri üçün maliyyə önəmli amildir. İnanıram ki, bu filmlərin istehsalına təkcə dövlət yox, özəl qurumlar da kömək edəcəklər”.
Xalidə, Musavat.com






