İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reinteqrasiya ilə paralel mütləq Qərbi Azərbaycanlılar da öz yurd yerlərinə dönməlidirlər”-deputat  

431 09.03.2023 16:56 Siyasət A A

 

“Qarabağdakı hayların bizim cəmiyyətə reinterqarsiyaları üçün azərbaycanlıların da heç də hamısının ürəyi getmir. Açıq deməliyik ki, hayların ötən əsrin sonlarında  xalqımıza qarşı etdikləri vəhşilikləri, törətdikləri soyqırımları unutmaq, onlarla heç nə olmamış kimi davranmaq elə də asan deyil”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, bu regionda hər kəs, o sıradan haylar da gözəl bilirlər ki,  Qərbi Azərbaycanlılar indi Ermənistan adalanan ölkədə öz yurd yerlərində yaşamağa onların Qarabağda qalmalarından qat-qat çox haqq edirlər: “Özü də təkcə ona görə yox ki, birincilər o torpaqlarda avtoxton, haylar isə bura gəlmədirlər. İlk növbədə ona görə ki, Qərbi Azərbaycanlılar  Ermənistanda Qarabağdakı hayların Azərbaycandakı yumşaq desək,  mərdimazarlıqları etməyiblər.  Ancaq biz bir sıra reallıqları, o cümlədən də dövlətimizin, dövlət başçımızın mövqeyini nəzərə alaraq Qarabağdakı hayların cəmiyyətimizə reinteqrasiyasının əleyhinə çıxmırıq.  Bununla yanaşı, məsələn, mən bu fikirdəyəm ki, bu reinteqrasiya ilə paralel mütləq Qərbi Azərbaycnlılar da öz yurd yerlərinə dönməlidirlər.  Təkcə ona görə yox ki, beynəlxalq normalar, ədalət bunu tələb edir.  Unutmamalıyıq ki, bu gün Qarabağ hayları üçün status arzulayanlar  bütün hallarda  onlardan 5-ci kolon kimi faydalanmağa çalışacaqlar. Qərbi Azərbacanlıların Ermənistana dönüşü  belə bir niyyətlərin qarşısında bir növ sipər rolu  oynayacaq”.

Qarabağın baş separatçısı Arayik Arutyunyanın son açıqlamasına gəldikdə,  S.Alıyev dedi ki, onun dediklərinin mənası yoxdur: “Ya o,  reinteqrasiya əleyhinə çıxdığını dedi, ya Qarabağdakı hər hansı bir Vartan, hər ikisi eyni şeydir.  Bu separatçı ünsür heç kimdir.  Arutyunyanın   dediklərinə sadəcə ona görə diqqət yetirmək lazım gəlir ki, öz fikirlərini deyil, bu yaxınlarda çağırıb təlimatlandırdıqlarının niyyətini açıqlayır.  Amma orası da var ki, onu təlimatlandıranlar ötən ilin fevralında Kiyevdə parad keçirməyi düşünürdülər, keçirə bildilərmi? Baxın, əgər Samvel Babayan kimi separatçıların ilk “baş hərbçi”si olmuş quzğun belə bizimlə hesablaşmaq lazım gəldiyini, “Qızılbulaq”la “Dəmirli” yataqlarından imtina etməli olduqlarını deyirsə, görün Qarabağdakı digər haylar, özəlliklə də əli azərbaycanlıların qanına batmayanlar nə düşünürlər. Əgər Rusiya hərbi kontingenti bu gün Qarabağdan çıxarsa, mən əminəm ki, heç bir ay keçməmiş oradakı hayların hamısı da olmasa çoxu, Azərbaycan vətəndaşı kimi qalıb orada yaşamaq istədiklərini bildirəcək və arutyunyanlara “rədd olun, burdan gedin, sizdən bezmişik”,- deyəcəklər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR