İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəhim Qazıyev “Yeni Müsavat”ın yazdıqlarına reaksiya verdi

4577 19.06.2015 08:05 Siyasət A A

Sabiq müdafiə naziri Rəhim Qazıyev moderator.az-a açıqlamasında “Yeni Müsavat” qəzetində dərc olunan “22 il öncənin sirri: Elçibəy Kələkiyə getməsəydi...” yazısında yer alan bəzi fikirlərə etirazını bildirib: “Yeni Müsavat” qəzetində “22 il öncənin sirri: Elçibəy Kələkiyə getməsəydi” başlıqlı, Etibar Seyidağanın imzası olan məqalədə deyilir ki, 13 iyunda Müdafiə Nazirliyinin Rəhim Qazıyev, Etibar Məmmədov və Rəsul Quliyevin iştirakı ilə keçirilən müşavirəsində verdiyi qərarla, eləcə də İsa Qəmbərin Ali Sovetin sədri postundan istefa verməsi, 15 iyunda isə həmin posta Heydər Əliyevin seçilməsindən sonra AXC hakimiyyətinin taleyi həll olunmuş sayılırdı.

Bildirirəm ki, 13 iyun tarixində orda heç kim olmayıb, heç kim də müşavirə keçirməyib. Müşavirə deyilən görüş hərbçilərlə 17 iyun 1993-cü ildə, saat təxminən 2-3 arasında keçirilib. Yəni bu görüş 13-ü yox, 17-si tarixində reallaşıb".

R.Qazıyev Əbülfəz Elçibəyin Kələkiyə getməsini isə fərarilik adlandırıb: “Əbülfəz bəyin öldürülə biləcəyi ilə bağlı da fikirlər səsləndirilirdi. Bunların hamısı hakimiyyəti ələ keçirmək üçün yayılan şayiələr idi. İnsanları bununla aldatmağa çalışırdılar. Dövlət başçısı, Ali Baş Komandan nəyin bahasına olursa-olsun təhlükəsizliyinə and içdiyi dövləti, qorumalı olduğu vətəndaşları qoyub özbaşına getməməli idi...

İyunun 7-də Əbülfəz bəylə görüşüb təklif etdim ki, nüfuzlu bir heyət yaradılsın və həmin heyətlə birlikdə Gəncəyə getsin. Mən bildirdim ki, siz ora getsəniz bütün gərginlik azalacaq, hər şey qaydasına düşəcək. Bəyi inandıra bilmədim. Bəy təkidlə bildirdi ki, məni öldürəcəklər. Mən qeyd etdim ki, orda kimsə sizə güllə atmağa hazırlaşmır. Əgər sizə güllə atılarsa, mən sinəmi qabağa verərəm. Yox, məni öldürəndən sonra sizə də zorakılıq göstərərlərsə, bu həm Allah, həm də bəndə qarşısında sizə bəxş edilən xoşbəxtlik olar. Siz həm şəhid olarsınız, həm də vətəndaş müharibəsinin qarşısını almaq üçün öz canını fəda edən bir şəxs kimi tarixə düşərsiniz.

Bu, mənim bəylə sonuncu görüşüm oldu. Ondan sonra mən Əbülfəz bəylə görüşməmişəm. Mən son görüşümüzdə ona bildirdim ki, bu kabinetdə 10 gündən artıq otura bilməyəcəksiniz.
İyunun 17-də Müdafiə Nazirliyinə getdim. Etibar Məmmədov və Rəsul Quliyev də yanımda idilər. Onların heç biri ağzını açıb danışmadı. Mən zabitləri bir yerə yığdım. Bildirdim ki, parlamentin qərarı olmadan döyüşən əsgərləri ön xətdən gətirib daxili münaqişəyə qoşmaq qanunsuzdur. Bunun üçün prezidentin əmri yetərli deyil. Bundan ötrü parlament xüsusi qərar verməlidir. Bizim çıxışımızdan sonra öz aralarında məsləhətləşən zabitlər Ali Baş Komandana teleqram vurublar. Bildiriblər ki, Ali Sovetin qərarı olmalıdır və bunsuz Ali Baş Komandan kimi sizin əmrinizi yetərli hesab eləmirik. Əsgərləri döyüş bölgəsindən çıxarıb daxili münaqişəyə qoşmayacağıq.

Bu teleqram Əbülfəz bəyə çatandan sonra kimlərin ona nə məsləhət verdiyini bilmirəm. Amma fakt odur ki, o, 17-dən 18-nə keçən gecə Kələkiyə gedib. Hadisə belə olub. 
Mən Əbülfəz bəylə son görüşümdən sonra ardıcıl olaraq onun istefasını tələb eləmişəm. Mən illərlə dediyimi bu gün də deyirəm. E.Seyidağa 13 iyun tarixində bizim getməyimizi hardan alıb, buyurub desin. 

Çoxları deyir ki, Əbülfəz bəy getsəydi, sui-qəsdə məruz qalacaqdı. Bunlar yalandır. Ali Baş Komandan, dövlət başçısı müharibə gedən ölkəni başsız qoyub getməməli idi. Bu, birbaşa fərarilikdir. Bunu demişəm və ölənə kimi də deyəcəm. O, qalmalı idi. Xalqa müraciət edib, xalqa söykənib bu münaqişəni yatırmalı idi. Onun hakimiyyəti qoyub getməyə haqqı yox idi. Onun getməyi hər şeyi dəyişdi".

“Yeni Müsavat”ın 17 iyun tarixli sayında “22 il öncənin sirri: Elçibəy Kələkiyə getməsəydi” başlıqlı yazını oxuyanlar və R.Qazıyevin yuxarıdakı fikirlərinə nəzər yetirən diqqətli oxucular yəqin ki, sabiq nazirin əslində həmin məqalədə yazılanları təsdiqlədiyinin fərqindədirlər. R.Qazıyevin yeganə təkzib etdiyi məqam “Yeni Müsavat”ın iyunun 17-də Müdafiə Nazirliyində keçirilmiş görüşü iyunun 13-də keçirilmiş toplantı olaraq təqdim etməsidir. Göründüyü kimi, R.Qazıyev özünün, Etibar Məmmədovun və Rəsul Quliyevin iştirakı ilə Müdafiə Nazirliyində görüş keçirildiyi və həmin görüşdən sonra Gəncədə baş verən hadisələr siyasi məsələ olduğuna görə ordunun bu məsələlərə qarışmayacağı və kənarda qalacağını bəyan etdikləri, bununla əslində Ali Baş Komandana tabesizlik nümayiş etdirildiyi barədə “Yeni Müsavat”ın yazdıqlarını təsdiqləmiş, etiraf etmiş olub. 

Müdafiə Nazirliyində Ali Baş Komandana faktiki olaraq asi çıxılan toplantının tarixinin iyunun 17-də deyil, 13-ü olaraq qeyd edilməsi isə sırf texniki xəta üzündən baş verib. Əsas odur ki, R.Qazıyevin özü də təsdiqləyir ki, bəli belə bir toplantı olub və məlum mövqe ortaya qoyulub. 


Tanınmış ictimai-siyasi xadim, Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə facebook səhifəsində Rəhim Qazıyevin açıqlaması ilə bağlı maraqlı status paylaşıb: “Qısaca deyim ki, Ə.Elçibəyin Kələkiyə getməsini, onun guya öldürülməsindən qorxmasıyla əlaqələndirməyə çalışmaq sadəcə cahillikdir. Ölümdən qorxan adam təkbaşına sovet imperiyasına qarşı savaş elan etməzdi. Ölümdən qorxan adam rus imperiyasının 75.000-lik ordusunu ölkədən qovmazdı.

Gəncədə rus kəşfiyyatına bağlı snayperlər vardı ki, necə ki, Ukraynada xalqa atəş açıb 100-dən çox adamı öldürmüşdülər, eyni adamlar Gəncədə Prezident Qvardiyasının rəhbərini və qvardiyanın 22 əsgərini şəhid etdilər.

Barışıq yaratmaq üçün əlində ağ bayraq hökumət qüvvələrinə tərəf gedən Mehman bəyi də elə rus kəşfiyyatı vurdu. Elçibəy dəqiq bilirdi ki, Gəncəyə getsə, mütləq rus kəşfiyyatı onu öldürəcək! Elçibəy ölümdən qorxduğuna görə yox, vətəndaş müharibəsi ola biləcəyindən qorxduğu üçün Gəncəyə yox, Kələkiyə getdi! Vətəndaş müharibəsi planının Moskvada hazırlanmasından xəbəri vardı! Elçibəy həyatının heç bir dövründə özünü düşünmədi! Elçibəy hər zaman millətini və dövlətini düşündü! Elçibəy həyatının heç bir dönəmində özü üçün qorxmadı! Elçibəy hər zaman Vətəninin və dövlətinin itirilməsindən qorxdu! Şuşa işğaldadır- Rəhim Qazıyevə xatırlatma..."


Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Rəhim Qazıyevin dedikləri o qədər qəbul edilməzdir ki, sadəcə, Ramazan ayıdır deyə ona hansı ifadə ilə cavab verməsinə ehtiyat edir: “O qədər doğru olmayan, məqbul olmayan məsələdir ki, Rəhim Qazıyevin özünün əvvəl dedikləri ilə də ziddiyyət təşkil edir. Rəhim Qazıyev bir tərəfdən deyir ki, Elçibəydən ötrü sinəsini güllənin qabağına verməyə hazır idi, bir tərəfdən isə deyir fərarilik edib. Rəhim Qazıyevi də, Əbülfəz Elçibəyi də hər kəs tanıyır”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR