İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəfael Cəbrayılovun qanun layihəsinə sərt təpki

1494 10.03.2016 08:20 Ölkə A A

Azərbaycan parlamentində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından imtina ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bununla bağlı yayılan xəbərlər ölkə gündəmindən düşmür. 

İdeyanın müəllifi olan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılovun qanun layihəsi ilə bağlı “Yeni Müsavat”a verdiyi geniş müsahibədə səsləndirdiyi bəzi fikirlər ciddi müzakirələrə səbəb olub.

Yaxın günlərdə qanun layihəsini tam hazırlayacağını deyən deputat Rusiyanı nümunə gətirərək bildirib ki, Rusiyada bu tipli qanun layihəsi var. Cəbrayılov daha irəli gedərək onu da qeyd edib ki, Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinlə görüşərək, qanun layihəsini onunla müzakirə edib. Deputatın əsas narazılıq doğuran fikirləri də məhz budur. Çoxları hesab edir ki, bu fikirlər yumşalmaqda olan Azərbaycan-Qərb münasibətlərinə ciddi zərbə vura bilər. Çünki Azərbaycanın Rusiyanın təsiri ilə belə bir qanun layihəsini hazırlaması görüntüsü yaranar. Bu isə hazırkı durumda Azərbaycan tərəfə sərf etmir. 

Ekspertlər hesab edirlər ki, Avropa Məhkəməsinin qərarlardan imtina ilə bağlı qanun layihəsinin Milli Məclisdə qəbulu Azərbaycanla Qərb arasındakı münasibətlərin yenidən pisləşməsinə səbəb ola bilər. Bu baxımdan layihənin qəbul edilməyəcəyinə inananlar da az deyil.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev deputatın hazırladığı qanun layihəsinin xalqın və dövlətin maraqlarına zidd olduğunu söylədi: “Bu daha çox hakimiyyətdə olan qrupların maraqlarına uyğundur. Azərbaycanda məhkəmənin aliliyi yoxdur. Hesabatlar olmasa da, hamımıza məlumdur ki, ölkəmizdə müstəqil məhkəmə sistemi mövcud deyil. Ən böyük problemimiz budur. Avropa məhkəmələrinin bu günə qədər çıxardıqları qərarlar bunu sübut edib. Azərbaycan hakimiyyəti də o qərarları qəbul edib. Sadəcə olaraq, ölkə iqtidarı görür ki, bu qərarlar getdikcə onun üçün ciddi problemlərə çevrilir. Ona görə də bu prosesi dayandırmaq istəyir. Sözün açığı, burada alver predmeti də özünü göstərir. Yəni siz bizi sıxsanız, biz Rusiyaya tərəf gedəcəyik. Bir növ şantajdır. Aparılan müzakirələr, hazırlanan qanun layihəsi xalqın və dövlətin əleyhinədir. İllərdir ölkəmizdə azad məhkəmə, azad sahibkarlıq olmayıb. Bunu iqtisadi böhran da sübut etdi. Ona görə də xalq və dövlət çətin vəziyyətə düşüb. Bunun başında duran Rəfael Cəbrayılov kimi şəxslərdir. Bu tipli qərarlar, layihələr təsirsiz olacaq. Onsuz da hakimiyyət islahatlara getməyə məcbur olacaq. Artıq bu islahatlara da başlayıblar. Hazırlanan bu qanun layihəsi birbaşa hakimiyyətin apardığı islahatlara qarşıdır”.

 

“Turan” rəhbəri deputatın Avropa Şurası ilə bağlı dediklərinə də toxundu: “Bu, Avropa Şurasının daxili reqlamentidir. Azərbaycan o reqlamenti qəbul edib. Əgər razı deyillərsə, əvvəlcə gedib Avropa Şurasında o reqlamenti dəyişmək üçün təkliflər irəli sürsünlər. Bu təkliflər keçər-keçməz, sonrakı məsələsidir”.

Mehman bəy Cəbrayılovun Zorkinlə görüşünə də münasibət bildirdi: “O, sadəcə,  demək istəyib ki, Rusiyanın Konstitusiya Məhkəməsinin hakimi ilə görüşüb. Göstərmək istəyir ki, görün, biz nə qədər yaxınıq. Burada başqa bir şey yoxdur. Gözüm aydın ki, kimləsə görüşmüsən”.


Millət vəkili Fazil Mustafa həmkarının fikirlərini sərt tənqid edərək, belə bir qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılacağı təqdirdə, ona qarşı çıxacağını söylədi: “Əlbəttə, bu, Azərbaycan-Qərb münasibətlərini gərginləşdirə bilər. Çox yanlış yoldur. Rusiyaya sanksiya tətbiq olunub, ciddi problemləri var. Ona görə də Rusiya beynəlxalq qərarları qəbul etməməklə bağlı addım atıb. Onsuz da onların atdıqları addımlar beynəlxalq hüquq normalarına ziddir. Bizim də Rusiyanın yedəyində bu addımları atmağa çalışmağımız, hər halda, xoşagələn perspektiv vəd etmir. Düşünürəm ki, təhlükəli yol seçməkdəyik. Durduğumuz yerdə Avropa qurumları ilə müharibə vəziyyətinə gəlirik. Məncə, ölkəmizin dövlət maraqları bunu tələb etmir ki, belə təhlükəli yol seçək. Bu yol seçilərsə, hər halda, Avropa qurumları ilə əməkdaşlığa son qoyula bilər. Nə dərəcədə faydamız olacaq, açığı, bunu bilmirəm. Amma Rusiyanın buna görə bizi hansısa bir formada mükafatlandıracağını gözləmirəm. Qanun layihəsi müzakirəyə çıxarılarsa, kəskin şəkildə etiraz edəcəm. Əvvəldən də bildirmişəm ki, belə bir layihə olsa, əleyhinə səs verəcəm”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR