İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - II

4668 14.01.2009 03:19 Yazarlar A A

(əvvəli ötən sayımızda)

***

Rəfael müəllim bu yaxınlarda bizimlə əlaqə saxlamışdı. Evinə dəvət etmişdi. “Ailəlikcə gəlin, xanımım da sizlərlə tanış olmaq istəyir”- demişdi. Xeyli sevinmişdim. Sevinmişdim ki, təhlükə arxada qalıb. Getməyə də hazırlaşırdıq. Son anda xəbər gəldi ki, Rəfael müəllim müayinə üçün xəstəxanaya dönməlidir.

HAŞİYƏ:
Yazının bu yerində İsveçrədə mühacirətdə olan dostumuz Hacı Hacılıdan zəng gəldi. R.Allahverdiyevin ölüm xəbəri ona indi çatıbmış. Xeyli dərdləşdik. Soruşdum ki, bəy, Rəfael müəllimlə bağlı yadında qalanlar barədə nə deyərdin?
Hacının dediklərindən: “Rəhmətliklə bağlı onu deyim ki, sonuncu dəfə onu qatarla yola salanda bir daha xatırlatdı ki, Montroda yaxşı ceyran kababı verirlər, gərək sizi bir gün ora qonaq aparım. Qatara minəndəsə dedi ki, kaş Azərbaycanın ən ucqar kəndində qatara minəydim və biləydim ki, bu qatar məni Bakıya aparacaq. Bu sözü məni kövrəltdi. Rəhmətliyin ən çox işlətdiyi söz  “Bakı” idi...”

***

Xəstəxanada vəziyyətinin ağırlaşmasından dekabrın 5-də xəbər tutdum. O gündən də Zakirə xanımla tez-tez əlaqə saxladım. Elə dostlarımız da onu arayırdı. Rəfael müəllimi ziyarət etmək istəyirdik. Sabiq mer isə onu ölüm yatağında görməyimizə heç cür razı olmurdu.

***

Zakirə xanım haqqında danışarkən deyim ki, Azərbaycanda hər kəsin duyduğu məşhur bir mahnı var - Aygün Bəylərin ifa etdiyi “Tut ağacı” mahnısı. Onun sözlərini Zakirə xanım yazıb. Onunla söhbətlərimizdə yaddaqalan bir sıra məqamlar özümdən xəbərsiz yaddaşımın bir ucuna ilişib qalmışdı. Düşünürdüm ki, Montroya gedib ondan müsahibə götürüm. Razılıq da vermişdi. Çox ümid edirdi ki, tezliklə rəsmilərimizdən R.Allahverdiyevin Bakıya aparılması ilə bağlı xəbər çıxacaq. Gözü yolda, könlü intizarda qaldı...

Zakirə xanımın dediklərindən:

1-ci epizod: “Heydər Əliyevin Bakıya dönüşü yadınızdadırmı? Yəqin ki, siz də o tarixi kadrları görmüsüz. Bilirsiz o proses necə lentə alınıb? Qonşumuz teleoperator idi. Onu xahiş-minnətlə Bakı hava limanına aparıb Əliyevin gəlişini lentə aldırdım. Rəfael də orada idi. Amma indi ortada meydan sulayanların çoxunu orada görməmişdim. Çəkiliş başa çatan kimi qonşumdan lenti alıb gizlətdim. Düşündüm ki, çıxışda polis lenti ələ keçirər. Hər dəfə o lentə baxanda həmin günü yenidən yaşayıram...”

2-ci epizod: “Bir gün xəbər gəldi ki, Heydər Əliyevin arxivini küçəyə töküblər. Rəfael adam qalmadı zəng vurmasın. Heç kim özünü qabağa vermək istəmirdi. Axırda gecə yarısı onunla ikimiz həmin arxivi maşına yükləyib aradan çıxardıq. İndi belə şeylərə qiymət verən kimdir? Rəfael Əbülfəz Elçibəyin də arxivinə sahib çıxdı. Onu da qorudu. Dedi bu, bizim tariximizdir, tarixi isə qorumaq lazımdır. Gedib Heydər Əliyevə xəbərçilik etmişdilər. Bu məsələyə görə Rəfaelin başı o qədər ağrıdı ki...”

3-cü epizod: “Bilirsiz ki, bunlar Rəfaeli necə biabır etdilər. O qadın məsələsini deyirəm. Bu, mənim üçün bir qadın olaraq çox sarsıdıcı olay idi. Amma mən övladlarımı, nəvələrimi, qohum-əqrəbamı düşündüm. Biz əslən Fatmayi kəndindənik. Düşündüm ki, bu, bizim nəslin adına ləkə olar. Ona görə də var gücümlə çalışdım ki, o biabırçı kadrlar ekrana çıxmasın. Daha kimlərə zəng vurmadım?! Yalvarıb-yaxardım. Mümkün olmadı. Başa düşürəm ki, belə hadisələr bir çox kişinin başına gəlib. Amma belə şeyləri ekrana çıxarmazlar axı... Rəfaeli bakılılar arasında hörmətdən salmaq üçün bu məsələdən sui-istifadə etdilər. Gərək belə olmayaydı”.

4-cü epizod: “Yadınızdadı, Rəfael haqda daha nələr demirdilər?! Ona ”budka Rəfael" deyən tərbiyəsizlər də vardı. Belə şeyləri oxuyanda istəyirdim etiraz edim. Çünki bilirdim ki, budka məsələsi onluq deyil. Rəfael mer olanda Heydər Əliyev ona tapşırmışdı ki, vəziyyət yaxşı deyil, ölkədə ciddi problemlər var. İnsanların dolanışığı üçün nə mümkündürsə et, xüsusən xırda ticarətə şərait yarat. Axı kasıb ölkələrin çoxunda küçə alverinə, xırda ticarətə geniş imkan yaradılır ki, insanların başı belə şeylərə qarışsın. Rəfael də mer təyin olunanda ölkə ağır vəziyyətdə idi. Heydər Əliyev tapşırmışdı ki, insanların dolanışığına şərait yarat. O da yaratmışdı. Yoxsa o, paytaxtda bu qədər budkaya özbaşına icazə verərdimi? Mən tənqidi də qəbul edən adamam. Amma tənqid ədalətli olmalıdır".

5-ci epizod: “Bu gün vəziyyəti çox yaxşı idi. Əvvəllər həkimlər hər şey yeməyə icazə vermirdi. Çünki xəstəliyin inkişafı sürətlənə bilərdi. Rəfael də gileylənirdi ki, istədiyimi yemək istəyirəm. Axırda uşaqlarım dedi ana, imkan ver, nə istəyir yesin, yoxsa bir şey olsa, bu da bizə dərd olar. Yaxşı yeyir. Kababdan tutmuş dolmaya qədər. Bəzən o qədər yaxşılaşır ki, xəstə olmağına da inanmıram. Amma həkimlər deyir ki, bunlar aldadıcıdır, xəstə istənilən vaxt komaya düşə bilər”.

6-cı epizod: “Bir az özünü yaxşı hiss edəndə ürəklənir. Deyir görürsənmi, dünən belə deyildim. Amma görürəm tibb bacısı çaşıb iynəni onun bədəninə sancdı, Rəfaeldən heç səs də çıxmadı. Daha bədənini də hiss etmir. O gün Bakı ilə bağlı lentlərə baxdı, gözü doldu. Elə hey ”can Bakı, sənə qurban olum" deyirdi. Fikir vermişəm, bəzən danışığını itirir, sayıqlayır, rabitəsiz sözlər danışır. Bəzən də yaddaşı bərpa olunur".

7-ci epizod: “Əlaltından sənədləri hazırlamışam ki, bir şey olsa, yubanmayaq. 85 yaşlı atamla danışdım. Dedim qədeş,- bizdə böyüyə belə deyirlər,- vəziyyət yaxşı deyil. Dedi götür gəl. Dedim axı necə gətirim, gəlmək istəmir, gətir deyən də yoxdur (iqtidarı nəzərdə tutur - E.H.). O gün bir qrup azərbaycanlı gəlib Rəfaeli ziyarət elədi. Sonra qəzetlərdə oxudum ki, gələnlər arasında hökumətə xəbər çatdıran birisi də olub. Elə olsa yaxşıdır. Kişi ölür də. Bircə onu Bakıya salamat apara bilsəydim. Kaş doğmalarının yanında öləydi...”

8-ci epizod: “Bilirsiz ki, Rəfael İlham Əliyevlə də çox yaxın olub. Bir-biri ilə ərklə danışardılar. Bir-birinə ”qardaş" deyərdilər. Sonra nə oldu, necə oldu - bilmədim. Bildiyim o idi ki, getdikcə bizə təzyiqlər artırdı. Yadınıza gələr, ABŞ səfirliyi üçün bina tikilməli idi. Tikiləcək ərazidəki insanlara pul verilməli idi. O işdə o qədər dolaşıq şeylər ortaya çıxdı ki. Bütün günahları da Rəfaelin üstünə atdılar. Başımıza nə müsibətlər gəlmədi daha! Rəfael də qəzetə müsahibə verəndə oğlum Xanəlinin günü prokurorluqda keçirdi. Evimizin qabağında piket-mitinq olurdu. Halbuki biz yaşayan əraziyə icazəsiz kimsə girə bilməzdi. İnsanları öyrədib üstümüzə qaldırırdılar. Həmişə də gözləyirdim ki, prezidentimiz bu haqsızlığa müdaxilə edəcək. Elə indi də düşünürəm ki, bir vaxtlar qardaş dediyi şəxsin xaricdə ölməsinə imkan verməz".

***

Dekabrın 24-də Zakirə xanımın cib telefonuna zəng vurmalı oldum. Çünki 4-5 gün idi ki, ev telefonu susurdu. Dedi ürəkaçan bir şey yoxdur, Rəfael müəllim əldən gedir: “Həkimlər də ondan əlini üzüb. Gözləyirik ki, bəlkə Bakıdan bir xəbər gəldi".
Bunu deyib kövrəldi. Zəng vurmağıma da peşman oldum. Belə mövzularda danışmaq mənim üçün çox ağırdı. Rəfael müəllimə birtəhər şəfa arzulayıb Zakirə xanımla vidalaşdım. Və... Bir neçə dəqiqədən sonra Zakirə xanımdan zəng gəldi. Dedi Rəfael müəllim sizinlə danışmaq istəyir, sizdən zəng gələndə eşitdi.
Danışdıq. Son dərəcə qısa çəkən bu danışıq mənə çox uzun gəldi. Rəfael müəllimin səsi xırıldayırdı. Onun dediklərini güclə başa düşürdüm. Can verən adamla telefonla danışmaq qədər əzablı nə ola bilər?! Mən ömrümdə bu qədər yalan danışmamışdım. Onu inandırmağa çalışırdım ki, möhkəm olmalıdır. Ürəkaçan şeylərdən danışmağa çalışdım. Haradansa ağlıma Sürixdə açdığımız məktəb gəldi. Dedim xəstə olduğunuz üçün sizi açılışa dəvət edə bilmədik, amma xəstəxanadan çıxan kimi sizi məktəbdə gözləyəcəyik. Sadəcə onu dedi ki, məktəb açmaqda yaxşı iş görmüsünüz: “Mən gəlməsəm də oğlum-qızım ora gələcək. Gərək belə olmayaydı”.
Sonradan dedikləri isə anlaşılmaz oldu. Bütün diqqətimi o səsin üzərində cəmləsəm də alınmadı. Bu, əslində danışıqdan da çox bir insanın zarıltısına bənzəyirdi. Xırıltılı səsi birdən kəsildi. Zakirə xanım dedi ki, Rəfael müəllim bir az yoruldu elə bil...
Bu söhbətlə bağlı çox düşündüm. Rəfael müəllim mənə niyə zəng vurdurdu? Mənə nə demək istəyirdi? Bilmədim. Bəlkə də sadəcə səsimi eşitmək istəyirdi? Kim bilir, bəlkə də halallaşmaq istəyirmiş. Bu suallara yəqin ki, heç vaxt cavab tapmayacam...

***

Yeni il ərəfəsində isə Rəfael müəllimin oğlu Xanəli ilə danışdım. Bakıda belə xəbər yayılmışdı ki, Rəfael Allahverdiyevi Bakıdakı “Neftçilər” xəstəxanasına aparıblar. Əslində bu şayiənin yayılmasında da maraqlı məqam var. Çoxları zənn edirdi ki, belə ağır durumda olan birisini mütləq Bakıya buraxarlar.
Xanəli bu xəbəri təkzib etdi. Hiss edirdim ki, mənimlə çox ehtiyatla danışır. Təbii ki, hər xırda şeydən ötrü dərhal prokurorluğa çağırılan birisindən qətiyyət gözləmək sadəlövhlük olardı. O, ümid edirdi ki, iqtidardan nəsə bir xəbər çıxacaq. Amma onun deyəcəyi hər hansı söz problemin həllinə mənfi təsir göstərə bilərdi. Elə bu üzdən də onu bir daha aramadım.
Və sonda Rəfael müəllimin ölüm xəbəri gəldi.

***

Əlbəttə, ölüm haqqdır. Amma onun QÜRBƏTDƏ bu qədər əzab-əziyyət içində ölməsi biz mühacirlərə xüsusilə ağır təsir etdi. Olmazdımı ki, Rəfael müəllimin Bakıya dönməsinə vaxtında şərait yaradılaydı? Dünyamı dağılardı? Canı ilə əlləşən birisi gəlib Bakıda inqilabmı edəsiydi?..

***

...Bir vaxtlar Fatmayi kəndində bir tut ağacı vardı. Rəfael və Zakirə adlı iki gənc o ağacın altında görüşərdi. Mənə nədənsə elə gəlir ki, indi o tut ağacının başı üstündə bir ruh dolaşır. Və “Tut ağacı, tut ağacı. Aman yerim, güman yerim” deyə ahəstəcə bir mahnı oxuyur. Nə yazıq ki, o ifanı yalnız tut ağacı eşidir...
Allah rəhmət eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR