İnsanlara hürriyət, millətlərə istiqlal!

QAZIN MƏNŞƏYİ

3228 02.07.2009 08:15 Yazarlar A A
Bu, xalqın seçmədiyi, ona zorla sırınmış bir hakimiyyətdir. Rusiya prezidenti Medvedyevə qazı 350 dollardan təzəcə satmışdılar, dərhal yerli əhaliyə də satılan qazın qiymətini qaldırmalıydılar. Onlar üçün azərbaycanlı, ya əcnəbi - heç bir fərqi yoxdur. Qınamaq olmaz, oturub hesablayırlar, görürlər ki, bu xalqa ucuz qaz satmaq sərf etmir. Bəlkə kimsə hesab edir ki, qaz bu xalqın özünə məxsus sərvətdir? Getsin ağlına dua yazdırsın. Qaz da, neft də hakimiyyətin malıdır. Məsələn, heç bilirsiniz bu torpaqda neft necə yaranıb? Bilmirsinizsə, deməli, Misir Mərdanov adına “uşqol”da yaxşı oxumamısınız. Məcburam izah edim.
Qədim dövrlərdə, neçə milyon il qabaq Azərbaycan ərazisində yaptokratlar çoxlu meşə əkmişdilər. İndiki, məlum adı daşıyan parklar onun qalıqlarıdır. Uzun sözün qısası, həmin meşələr çürüdü, üst-üstə yığıldı, nəticədə neft yarandı. Bu neftin keyfiyyətli olmağı həm də o səbəbdəndir ki, tərkibində Fəzail Ağamalı, Hafiz Hacıyev, Qulamhüseyn Əlibəyli, Fazil Mustafa və sair kimi əlavə, yüksək oktanlı qarışıqlar da vardır.
Bəs qaz? Onun yaranma səbəbini deyim. Azərbaycanda qədimlərdə yaşayan yapintroplar çoxlu yemək həzm etmək və qaz buraxmaq kimi xüsusiyyətlərə malik idilər. Həmin qazlar milyon illərlə torpağın altında yığıldı. Nəticə də məlumdur.
İndi, canım-gözüm, bu hakimiyyət öz qazını sənə niyə ucuz satmalıdır? Sən get bulvarda dombalaq aş. Hələ sevin ki, sənə rusa satdığı qiymətə satmır. Bəlkə sata bilməzdi? Satardı, qışqıra da bilməzdin. Sadəcə, sənə-mənə öz rəiyyəti kimi hörmət qoyub rusdan ucuz satır. Minnətdarıq. Qəlbimiz riqqətlə dolmuşdur. Bu saat durub gedirəm YAP rayon təşkilatının qapısı önündə baş əyəm. Urraaa! Nə qədər ki, qaz var, dörd yanında YAP var, kef elə!
Rəsmi statistika var: 2000-ci ildən 1 yanvar 2009-cu ilə qədər Azərbaycanda 1100 yeni, hündürmərtəbəli yaşayış binası tikilib və bunların cəmi 40 faizinə qaz xətti çəkilib. Qalanları yəqin odun sobası yandırır. Ya da mal təzəyi. Qədim adətlərimizi yaşatdığı üçün hökumətə bir tuş!
İsraildən tutmuş Gürcüstana, Yunanıstandan Avstriyaya, Rusiyadan Türkiyəyə qədər çox ölkələr Azərbaycan qazı ala bilər. Sən get təzək yandır. Buna layiqsən çünki. Bu hakimiyyətə layiqsən. Məşhur lətifədən nəzirə eləsək, adamı adam yanına göndəriblər, bu hökuməti də bizim yanımıza.
Sənin, ümumiyyətlə, hansı işin bəyəniləsidir? Bir az əziyyət çəkib, tənbəlliyin qılçını qırıb taxıl əkmişdin, onu da hökumət bəyənmədi. Dedi ki, bu taxıldan çörək bişirmək olmaz. Təsəvvür edirsənmi? Heç bir normal standarta uyğun gəlməyən bir hökumət sənin taxılını legitim saymadı. Di qal yana-yana. Taxılı da ver siçanlar yesin. Əslində səninçün nə fərqi var ki? Onsuz bir sürü kəsəyən, siçan-siçovul məmur daraşıb hər şeyini xırtaxırtla yeyir, qoy taxılı da təbii siçanlar yesin.
Ondan sonra istəsən Səməd Vurğunun şeirini mızıldanarsan: “Oturmuş palanın üstündə hambal, Dərin fikirlərə qərq olmuş yazıq...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR