İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏFAEL ALLAHVERDİYEV VƏFAT ETDİ

10965 12.01.2009 09:59 Ölkə A A

Onun hakimiyyətin qəzəbinə tuş gəlməsinin səbəbləri barədə dəqiq bilgilər olmasa da, hamı bilirdi ki, keçmiş meri ölkəsinə dönməyə qoymurdular. Onu burada həbs təhlükəsi gözləyirdi. Keçmiş mer uzun illər beyin xərçəngindən əziyyət çəkib. Ötən ilin noyabr ayında isə onun səhhəti kəskin pisləşib və İsveçrədə xəstəxanaya yerləşdirilib. (Bu barədə qəzetimiz ötən ay təfsilatı ilə yazmışdı - red.) Bir neçə günlük müalicədən sonra həkimlər artıq hər şeyin gec olduğunu deyərək, müalicəni dayandırmağı məsləhət görüblər. Bundan sonra R.Allahverdiyevin ailəsi ilə əlaqə saxlayan İsveçrədə yaşayan müxbirimiz Elbəyi Həsənli qəzetimizə məlumat vermişdi ki, sabiq mer tez-tez huşunu itirir. Onun həyat yoldaşı Zakirə xanım R.Allahverdiyevin son günlərində Bakıya qayıtmasına şərait yaradılması üçün dekabrın əvvəllərində ölkə başçısı İlham Əliyevə müraciət də etmişdi. Bundan sonra iqtidara yaxın olan bir şəxs İsveçrədə keçmiş merə baş çəkərək, onun vəziyyətinin həddən artıq ağır olduğunu öz gözləri ilə görmüşdü. Gözlənilirdi ki, onun ölkəyə gətirilməsinə razılıq veriləcək.
Təxminən iki həftə əvvəl isə Allahverdiyevin Bakıya gətirilməsi və Neftçilər xəstəxanasına yerləşdirilməsi xəbəri yayıldı. Lakin yaxınları bu informasiyanı təkzib etdilər. Aldığımız son xəbərlərə görə, dekabrın sonlarında R.Allahverdiyevin ölkəyə gətirilməsinə razılıq verilib, lakin texniki səbəblərdən bunu etmək mümkün olmayıb.
Yaxınlarının bizə verdiyi informasiyaya görə, R.Allahverdiyev srağagün gecə saatlarında Bakıya ağır vəziyyətdə gətirilib. O, doğulduğu şəhərə çatdıqdan bir neçə saat sonra dünyasını dəyişib. Dünən isə Fatmaidə torpağa tapşırılıb.

Tərcümeyi-halı:
Rəfael Xanəli oğlu Allahverdiyev 1945-ci il mayın 9-da Bakıda neftçi ailəsində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib. 1974-cü ildə isə İctimai Elmlər Akademiyasının məzunu olub. Çox sonralar, 1994-cü ildə artıq Bakının meri vəzifəsini icra etdiyi vaxtlarda Qərb Universitetində “menecerlik” ixtisasına yiyələnib.
Gənclik illərində “Qaradağneft” zavodunun neft və qaz istehsal edən idarəsində operator kimi çalışıb. Həmçinin Serebrovski adına zavodda da əmək fəaliyyətini davam etdirib.
1971-83-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində instruktor, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub. 1983-88-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi olub. 1989-93-cü illərdə respublika “Sağlamlıq” cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb. 1993-cü ilin iyulundan 2000-ci ilə qədər Bakının meri olub. “Yeni Azərbaycan” partiyasının yaradıcılarından biri kimi sonralar partiyanın sədr müavini seçilib. 1995-ci ildə Bakının Nərimanov rayonundan Milli Məclisə deputat seçilib. 2000-ci ilin oktyabrında isə Bakının meri vəzifəsindən istefa verərək, həmin ilin noyabrında təkrar parlamentin üzvü seçilib. Bir müddət keçəndən sonra deputatlıqdan imtina edərək xaricdə yaşayıb.
R.Allahverdiyev mərhum Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi tanınırdı; onun hakimiyyətə dönüşündə mühüm rol oynayanlardan biri olub.
Sonda onu da nəzərə çatdıraq ki, İsveçrədə yaşayan müxbirimiz Elbəyi Həsənli R.Allahverdiyevin xəstəliyindən dolayı onun ailə üzvləri - həyat yoldaşı və oğlu Xanəli ilə söhbətlər aparıb. Mərhumun özü də ölümündən bir qədər əvvəl müxbirimizə telefon açıb və bəzi məsələlərlə bağlı fikirlərini söyləyib. Bu mövzuda Elbəyi Həsənlinin hazırladığı yazını sabahkı sayımızda oxuya biləcəksiniz. Hələliksə həmin yazıdan bir neçə anonsla tanış olun.

***

  • Mərhum R. Allahverdiyev Bakıya gəlməkdən niyə ehtiyat edirmiş?  
  • Niyə onun xanımının prezident İlham Əliyevə etdiyi müraciət cavabsız qalıb?
  • Ölümündən az əvvəl müxbirimizə telefon açan sabiq Bakı meri ona hansı xüsusi məqamları çatdırmışdı?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR