Mərhumun “üçü”ndə başsağlığına gələnlərin bir çoxu vaxtı ilə Rəfael Allahverdiyevlə birlikdə işləmiş şəxslər idi. Bundan əlavə, onun bir sıra partiya yoldaşları - Yeni Azərbaycan Partiyasının ilk yaradıcıları, Siyasi Şurasının keçmiş üzvləri də hüzr mərasimində idilər. Onlar məclisdən reportaj hazırlandığını bilincə, adlarının qəzetdə çəkilməməsini xahiş etdilər. Səbəbini isə belə izah etdilər ki, onlar hazırda özlərinin və övladlarının çalışdıqları kiçik vəzifələrdən uzaqlaşdırılacağından, təqiblərə məruz qalacaqlarından ehtiyat edirlər. Nə qədər acı olsa da, bu, bir Azərbaycan reallığıdır...
Buradaca bir məqamı qeyd edək ki, əski YAP-çılar partiya rəhbərliyində təmsil olunan şəxslərin belə bir mövqe tutmasından təəssüfləndiklərini bildirir, bir çoxlarını çörək itirməkdə ittiham edirdilər. R.Allahverdiyevlə yaxın olmuş YAP-çıları isə daha çox deputat Siyavuş Novruzovun mövqeyi hiddətləndirmişdi. Nəzərə çatdıraq ki, S.Novruzov YAP-ı quranlardan biri olan R.Allahverdiyevin yasına qatılıb-qatılmayacağı barədə suala heyrət doğuran cavab verib: “Azərbaycanda gündə yüz nəfər doğulur, yüz nəfər də ölür. İndi bütün rəhmətə gedənlərin yas mərasimində iştirak etməliyəm?”YAP Siyasi Şurasının üzvü olmuş şəxslərdən biri R.Allahverdiyevin S.Novruzova şəxsən yaxşılıq etdiyini dedi: “Rəfael Allahverdiyev kimin üçünsə yaxşı olmaya bilərdi. Amma Siyavuşa mənim yanımda şəxsən 8 min dollar pul verib ki, gedib özünə ev alsın.
Onda Siyavuş yataqxanada balaca bir otaqda qalırdı. O zamanlar Rəfael Allahverdiyev YAP-da ən imkanlı şəxslərdən idi. Gördü ki, Siyavuş ora-bura qaçır, partiya işlərinə can yandırır, şəxsən özü mənim yanımda Siyavuşa 8 min dollar verdi ki, gedib özünə ev alsın, xərclərini ödəsin. Hələ biz buna görə rəhmətlik Rəfaeli qınadıq ki, cavan uşaqdır, bunun nəyinə lazımdır 8 min dollar. Rəfael də dedi ki, cavan uşaqdır, gənc ailə başçısıdır, qoy özünə bir gün ağlasın...”
Yas məclisində R.Allahverdiyevin yaxın qohumlarından biri bildirdi ki, sabiq merin ölkəyə dönməsi ilə bağlı ölkə rəhbərliyinə edilən müraciət son günlərə qədər cavabsız qalıb. Nəhayət, ölümündən iki gün əvvəl Allahverdiyevin ailəsi çox çətinliklə daxili işlər naziri Ramil Usubovla əlaqəyə çıxıb. Nazirə bildiriblər ki, sabiq icra başçısı həyatının son günlərini yaşayır. Onlar DİN başçısından R.Allahverdiyevin ölkəyə təhlükəsiz dönməsi üçün zəmanət istəyiblər. R.Usubov isə R.Allahverdiyevin ölkəyə dönməsində heç bir problem olmadığını, onun bu vəziyyətində hər hansı təqibə məruz qalmayacağını deyib. Bunun səhəri gün isə R.Allahverdiyev Bakıya qayıdıb. Lakin vətənin havasını udmaq ona uzun müddət nəsib olmayıb. Bakıya gəldikdən bir neçə saat sonra dünyasını dəyişib. Qohumlarının bildirdiyinə görə, R.Allahverdiyevin ölümünü sürətləndirən amillərdən biri də məhz səhhətinin ağır günlərində vətənə dönə bilməməsi olub: “Yazıq, hər gün telefonda danışanda deyirdi ki, Bakıya gəlmək istəyir, buradan ötrü çox darıxır. Amma vaxtında gəlməyə imkan vermədilər...” Nəzərə çatdıraq ki, dünən mərhumun yasında bir sıra deputatlar da iştirak ediblər. Deputat Elmira Axundova da verdiyi vədinə əməl edərək, məclisə qatılıb. Biz dünən yasa gedərkən o artıq məclisi tərk edirdi.
Dünən onu da öyrəndik ki, müxalifət düşərgəsindən də Rəfael Allahverdiyevin yasına qatılanlar olub. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov başsağlığına qatılanlar sırasında olub. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə onun dəfn mərasimində də iştirak edib. Müsavat başqanının müavini Qabil Hüseynli də onun yaxınlarına başsağlığı verməyə getmək niyyətində olduğunu dedi...
Sonda onu da qeyd edək ki, mərhumun qardaşları və oğlu Xanəli Allahverdiyev mərasimlə əlaqədar hər hansı məsələ barədə danışa bilməyəcəklərini söylədilər.






