“Suriyanın Ayn El Arab, digər adı ilə Kobani qəsəbəsinə yönəlik terror hücumu bəhanə edilərək Türkiyənin bir neçə şəhərində yaşanan zorakılıq səhnələri, insan ölümləri ən böyük üzüntü qaynağımızdır”. Bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son 3 gündə Türkiyənin güney-doğu bölgəsində 22 insanın ölümü ilə nəticələnən kütləvi aksiyalara yazılıq açıqlamasındandır. Açıqlama Türkiyə prezidentinin rəsmi səhifəsində yerləşdirilib.
Prezident yazır ki, şəxsi mülklərə, maşınlara, rəsmi binalara, özəlliklə məktəblərə, Qızıl Ayın maşınlarına, bələdiyyə avtobuslarına edilən hücumlar Türkiyənin daxili sabitliyinin pozulmasına yönəlib: “Bu durum heç bir halda qəbul edilə bilməz. Zorakılıq aksiyalarının Kobaniyə hücumlar yaxından-uzaqdan heç bir bağlılığı olmadığı gün kimi aydındır. Kobaniyə terror hücumlarının arxasına sığınan qüvvələr Türkiyədə zorakılıq aksiyalarının genişlənməsinə çalışır. Daxili və xarici siyasətimizi şəkilləndirməyə yönəlik bu cür provokasiyalar yaxın tarix də daxil olmaqla dəfələrlə yaşanıb. Ölkəmiz buna qədər olan cəhdlərdəki kimi bu dəfə də bu cür əməliyyatları və provokasiyaları dəf edəcək”.
Prezident deyib ki, Türkiyə bütün terror quruluşlarının qarşısındadır:“Terror səbəbi ilə çox itkilər verən Türkiyə bütün dünyadakı terror quruşuşlarının qarşısındadır. Türkiyə humanitar yardım məsələsində dünyanın ən diqqətli ölkələri sırasındadır. Kobanidən qaçan 200 min qardaşımıza sərhədlərimizi açmaqla ağır durumda olan bu insanlara qoruyucu və şəfqətli əlimizi uzatmışıq. Yaşadığımız həssas sürəcdə insani, demokratik və xoşniyyətli davranışımızın istismar edilməsinə dözümlü yanaşmamız mümkün deyil. Dövlətimiz sərgilənən şiddət, vandalizm və yağmaçılıqla ən sərt şəkildə, demokratiya və hüquq çərçivəsində mübarizə aparacaq”.
Türkiyə dövlətinin başçsı bildirir ki, qarşıdurma və iğtişaş yaradanların əsas hədəfi çözüm sürəcidir: “Səhnələşdirilən bu oyunun çözüm sürəcini, qədim qardaşlığımızı sabotaj etmək məqsədi daşıdığı, doğu və güneydoğudakı sabitlik ortamını hədəf aldığı aşkardır”.
Aygün Muradxanlı