İnsanlara hürriyət, millətlərə istiqlal!

Reanimasiyada olan şəxsdən necə ifadə alınıb?- mağaza sahibinin ölüm işi

1460 15.02.2018 13:55 Ölkə A A

Mağaza sahibini öldürməkdə təqsirli bilinən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 1997-ci il təvəllüdlü Əlizadə Əmrah Xanlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi ifadə verib.

İttihamda yazılır ki, Əmrah Əlizadənin qonşuluqdakı mağaza sahibi Hacıbaba Məmmədova 30 manat borcu olub. Borcun bir hissəsini ödəyən zaman aralarında mübahisə yaranıb. H.Məmmədov borcun hamısını tələb edib.

Bu zaman mübahisə davaya çevrilib. Ə.Əlizadə cibindəki bıçaqla Hacıbaba Məmmədovun baş nahiyəsinə bir zərbə vurub. Əlindəki bıçaq sınıb. Daha sonra mağazada olan mətbəx bıçağını götürərək Hacıbaba Məmmədovun baş və boğaz nahiyələrinə zərbələr endirib. İttihamda qeyd edilir ki, həmin bıçaq əlindən düşəndən sonra Ə.Əlizadə daha bir mətbəx bıçağı götürərək Hacıbaba Məmmədova daha bir neçə zərbə endirib və oradan qaçıb.

Əmrah Əlizadə özünü qismən təqsirli bilib və deyib ki, istintaq qərəzli aparılıb. O söyləyib ki, mağaza sahibi onu boğmaq və bıçaqlamaq istəyərkən özünü müdafiə məqsədi ilə cibindəki bıçağa əl atıb.

Hazırda bu iş üzrə ən mübahisəli məsələ mərhum Hacıbaba Məmmədovun reanimasiyada olarkən verdiyi ifadədir.

Cinayət işi materiallarından məlum olur ki, mərhum Hacıbaba Məmmədov xəstəxanaya çatdırılanda sağ olub və reanimasiya şöbəsinə yerləşdirilib. O, müstəntiqə ifadə də verib.

Həmin ifadəsində təqsirləndirilən Əmrahdan şikayətçi olmadığını deyib.

Amma mərhumun xanımı Gülanarə Məmmədova buna etiraz edir. Söyləyir ki, həyat yoldaşı reanimasiyada olarkən huşsuz vəziyyətdə olub. Gülnarə Məmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirib.

Bu səbəbdən də ifadəni alan müstəntiq məhkəməyə çağırılıb.

Müstəntiq Muxtar Muxtarov istintaqa ifadəsini təsdiq edib.

Bu zaman məhkəmədə elan edilib ki, cinayət işi materiallarında həkim rəyi var ki, zərərçəkmiş reanimasiyada olduğu zaman ifadə vermək imkanı olmayıb.

Polis əməkdaşı deyib ki, əgər yaralının ifadə vermək imkanı olmasaydı, ondan ifadə alınmayacaqdı: "Düzdür, tam özündə deyildi. Amma danışa, suallara cavab verə bilirdi. Mən də suallar verdim, cavabını aldım. Dedi ki, aralarında borca görə mübahisə olub. Əmrahın ona borcu olduğu üçün söyüş qoyub. Səhərsi gün pulu çatdırmadığı üçün aralarında mübahisə düşüb. Sonda da belə hadisə baş verib".

Polis əməkdaşına sual verilib ki, həkim rəyində yaralının ifadə verə biləcək vəziyyətdə olmadığı göstərilir. Yəni reanimasiyada olan şəxsin həmin zaman huşu özündə olmayıb.

Bu suallara Muxtar Muxtarovun cavabı belə olub: "Mən 8 ildir müstəntiq işləyirəm. Dəfələrlə reanimasiyada zərərçəkmiş şəxslərdən ifadə almışam. Bu hadisə də onlardan biri idi. Mən yaralının yanına gedəndə orada həkim də var idi. Əgər onun ifadə vermək imkanı olmasaydı, həkim içəri buraxmazdı. Həm də mənim burada nə marağım ola bilər? İşi araşdırmaq üçün ifadə almalı idim".

Muxtar Muxtarov əlavə edib ki, heç bir zaman reanimasiyada olan şəxsdən ifadə alınarkən həkimdən yazılı şəkildə arayış və ya icazə almayıblar.

Dövlət ittihamçısı qətli tamah məqsədi ilə törədilib-törədilməməsi ilə bağlı da müstəntiqə sual verib: "Cinayət işi materiallarında görünür ki, hadisə yerində qana bulaşmış manat var. Siz araşdırma zamanı buna diqqət etdinizmi?".

M.Muxtarov qeyd edib ki, bu iddia əsassızdır: "Ola bilsin ki, zərərçəkmiş tərəf qətlin motvini dəyişmək istəyir. Ancaq hadisənin tamah məqsədi ilə törədildiyini düşünmürəm. Bunu sübut edən fakt yoxdur. Mərhum xəstəxanada olanda hadisənin baş vermə səbəbini demişdi".

Qeyd edək ki, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatının xilas etmək mümkün olmayıb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR