Partiya sədri Razi Nurullayev bu gün gündəmdə olan "Mirşahin və opponentləri" mövzusundakı mübahisələrə qoşularaq öz şəxsi prizmasını əks etdirən yazı qələmə alıb və sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com Razi Nurullayevin yazısını oxuculara təqdim edir:
***
Mir Shahin Agayevi Real Tv-nin lisenziya alması, fəaliyyətə başlaması və professional jurnalist komandasını bir yerə yığıb üfüqdə yenidən parlaması münasibətilə təbrik edirəm. ANS Tv bağlanan ilk saatlarda onu müdafiə etdim və bu müdafiə bu günə kimi davam edib və edəcək.
Nə olsun ki, ANS Tv son illər müxalifətə az-az yer verirdi. Öz şəxsi mənafeyimizə görə, şəxsi ambisiyalarımıza görə Azərbaycan əhalisinin həvəslə baxdığı və doğurdan da bir sıra sahələrdə yüz faiz obyektiv məlumat aldığı kanalın bağlanmasına sevinmək olmazdı. Bu gün başqa ad altında efirə qayıtmasına məyus olmaq sözün qurtardığı yerdir.
Bəs bu gün siyasi səhnədə, hərəkatda, siyasi təşkilatlarda olan siyasətçiləri Azərbaycan xalqına kim təqdim etmişdi? Onları kim tanıtmışdı, kim onlara sahib çıxmışdı? Siyasi tok şoularda, nəzər nöqtəsində, yeni tarixdə, hesabatda onları kim üzə çıxarmışdı?
Ölkədə hökm sürən siyasi konyuktura ucbatından hər kəs apardığı siyasətə dəyişiklik etmək zorunda qalmışdı. ANS də bunu etdi və onu düşmən elan etdiniz. Bəs sizə onilliklər boyu göstərdiyi əvəzsiz xidmət harada qalmışdı?
Verdiyi xidmətlər müqabilində onun bağlanmasına sevinmək və nəzir vermək demokratiya çarçılarına yaraşmayan hərəkət idi və bu gün də elə o cür hərəkət olaraq qalır.
Rauf Arifoglu onilliklər boyu biz müxalifətlə birlikdə olub, rəhbərlik etdiyi "Yeni Müsavat" qəzeti müxalifət camiyəsinə əvəzsiz olaraq xidmət edib, bu adam ölümlə üz-üzə gəlib, Norveç səfirinin evində gizlənərək həyatını xilas edib, amma yenə də rupor olaraq özünü demokratiya ruhaniləri elan edən ənənəvi müxalifət rəhbərlərinə dəstəyini davam etdirib. Elə ki, qəzetini, komandasını xilas yolunu seçib, o cümlədən aparılan ənənəvi siyasətin heç bir müsbət nəticəyə gətirib çıxarmayacağına əmin olub, doğru bildiyi yol ilə getməyə başlayıb. Elə bu andan da görünməyən, amma hər kəsin bildiyi və barmaq tuşladığı orkestr dirijorunun görünməz çubuğu ilə xalq düşməni elan edilib. Hamımız kimi.
Lakin, bir özünüzə də baxın, bir bizə də baxın! Bizlər xalqa xidməti davam etdiririk və bu xalq apardığımız siyasət nəticəsində daha da yaxşı yaşayacaq və daha da firavan olacaq. Buna əminəm.
Atalar sözü var: igid odur, atdan düşə atlana! Mir Shahin Agayev atdan düşdü və yenidən daha inamla atlandı. Rauf Arifoglu da dəfələrlə yenidən atlana bilməyi sübut edib. Bu cür onlarla digər adlar da var. Amma, atdan çoxdan düşmüsünüz, bir də atlana bilmirsiniz.
Bu xalq apardığımız fərqli siyasətlə, siyasi gedişlərlə, ağıl və zəka ilə daha gözəl yaşam tərzinə çatacaq. Hər şey ağıllı siyasətlə, proqramla, təkliflərlə, inandırmaqla, lazım olanda yavaşımaqla, lazım olanda sürətlənməklə, lazım olanda kənara çəkilməklə, lazım olanda qışqırmaq və susmaqla olur.
Siz siyasətlə partizançılığı səhv salırsınız!
Təhqir təhqir, söyüş söyüş doğurur. Bunu da unutmayaq!
Xalqıma əmin-amanlıq arzulayıram və ümidvaram ki, Real Tv xalqın məhəbbətini real olaraq qazanacaq! Yolunuz açıq olsun!






