İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “İş çox bərbad görülür, keyfiyyət, dayanıqlıq sıfır, vaxtında təhvil verilmir”  

1059 24.06.2023 19:07 Siyasət A A

 

“Dövlət satınalmaları ilə bağlı hər şey gözəldir, şəffafdır, hər kəsin ürəyincədir demək tezdir. Amma, etiraf etməliyik ki, nəhəng işlər də görülüb və keçirilən tenderləri qanuni yollarla udmaq da olur”.

Musavat.com xəbər verir ki, deputat Razi Nurullayev bunu Milli Məclisdəki müzakirələr zamanı söylədi. Bildirdi ki, tender sonrası da bir sıra obyektiv səbəblərdən yenə qaranlıq proseslər var: “Nə etmək olar? Tender məsələləri o qədər maraqların toqquşduğu yerdir ki, bir neçə ayın içində şəffaf Qərbi Avropa standartları yaratmaq da mümkün deyil. Bunu anlayıram və qəbul edirəm. Ona görə də tenderdə iştirak edənlərlə bərabər gərək bu satınalmaları keçirən dövlət qurumunun da xidmətlərini deyək. Həqiqətən də çox gözəl aydın və hər kəsin əlçatanlığını təmin edən etender.gov.az portalı yaradılıb və hər kəs də dövlət satınalmalarından istifadə edə bilir. Bu faktın özü bizim ölkəmiz üçün gərək inqilabi addım hesab edilsin. Çünki, əvvəllər hər bir dövlət qurumunun yanında 10-15 firma yaradılırdı və tenderləri də onlar udurdu. Qalan arxasızlar isə boynubükük  dayanaraq parçalanan tortun heç qırıntılarına da yaxınlaşa bilmirdi. Qırıntıları da süpürüb atırdılar elə yerlərə ki, onu da özlərinə aid adamlar saf-çürük edib aparırdı. Belə bir vəziyyətlə müqayisədə indiki vəziyyətin fərqi Yer kürəsi ilə Mars arasında olan məsafə qədərdir”.

Deputat qeyd etdi ki, bu səbəbə görə qanun layihəsinin qəbul olunmasında maraqlıyam və dəstəkləyirəm. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə xitab etdi: “Məmməd müəllim sizə və kollektivinizə də təşəkkür edirəm ki, akulalarla mübarizə şəraitində indiki miqyasda müəyyən şəffaflıq ortaya qoya bilmisiniz. Təbii ki, İqtisadiyyat nazirliyinin də bu sahədə ciddi dəstəyi olmasaydı, heç nə də olmazdı. Şəffaflıq, dürüstlük, düzlük gözəldir. Dəstək olmadan da nailiyyət çətindir. Amma, üzərimizə qoyulan dövlət vəzifəsinin öhdəsindən gəlmək üçün bacarıq da lazımdır. O bacarıq və dirəniş sizdə var, hörmətli Məmməd müəllim!”

R.Nurullayev qeyd etdi ki, satınalmalarla bağlı bir çox iştirakçıların - istər dövlət qurumları, istərsə də adi vətəndaşların narazılığını da dilə gətirmək istəyir: “Deyək ki, tender zamanı bir işin bazar qiymətinin 100 manat olduğu halda 70 manat qiymət qoyanlar da olur və onlar qalibdir. Nəticə isə acınacaqlıdır. İş çox bərbad görülür, keyfiyyət sıfır, dayanıqlıq sıfır, vaxtında iş təhvil verilmir. Bir ildən sonra tökülüb dağılır və dövlətin qoyduğu vəsait göyə sovrulur. Bilirsiniz bu nəyə bənzəyir? Bazarda quzu əti 18 manatdır, kimsə 12 manata quzu əti təklif edir. Belə çıxır ki, 12 manata alınan quzu əti ya at əti, ya da xəstə, qoca heyvan ətidir. Gətirib közə qoyub kabab çəkdin, dadı yox, bərk, az qalır dişləri sındırsın. Atırlar itə, ya da pişiyə. Ona görə də bu məsələlər də nizamlanmalıdır. Işin real və keyfiyyətli yerinə yetirilməsi üçün real qiymətlər lazımdır. 

Amma, bu məsələdə də nəzərə alacağımız məqamlar var. Qanuna belə dəyişiklik çox əyri yollara da apara bilər. Qiyməti və bazarı bəhanə edib tenderləri razılaşdırılmış şirkətlərə ötürmək təhlükəsi də yaranır. Bunun qarşısı necə alınacaq, necə monitorinq aparılacaq və hansı nəzarət mexanizmləri işə salınacaq? Qanunu tam dəstəkləməyimiz üçün bu nüansları da bilməyimiz vacibdir”.

E.Paşasoy,

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR