İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayon qeydiyyatlı maşınların Bakıya buraxılması ilə bağlı yeni vəziyyət… - REPORTAJ, VİDEO, FOTOLAR

4519 27.07.2015 19:30 Reportaj A A
Rayonlardan gələn maşınlarını paytaxta buraxılması ilə bağlı məsələ hələ də gündəmdədir. Rayon qeydiyyatı olan maşınların şəhərə girişinin qadağası ilə bağlı qərar verilsə də, hələlik tətbiqinə başlanılmayıb. 

Məsələ ilə bağlı musavat.com-un müxbiri Lökbatan qəsəbəsində yerləşən rayon maşınları üçün nəzərdə tutulmuş dayanacaqlara baş çəkib. Qaradağdakı polis postu istiqamətində gələn avtomobillərin heç bir mane olmadan şəhərə buraxıldığının şahidi olduq. Yəni rayon qeydiyyatı olan avtomobillərin hərəkəti məhdudlaşdırılmır. 

Müxtəlif istiqamətlərdən sərnişin daşıyan sürücülərlə də həmsöhbət olduq.

Akif adlı sürücü deyir ki, indi hər şey yaxşıdır: "Əvvəl I Avropa Oyunları ilə bağlı problemlər var idi. Maşınım rayon qeydiyyatında olduğu üçün Qaradağ postunda saxlayırdılar. Gediş-gəliş üçün çətinlik yaranırdı. İndi hələ ki, belə bir qadağa yoxdur. Deyilənə görə, yalnız şəhərə girmək olmaz".
 
Avtomobili Ucar rayonunda qeydiyyatda olan Alış adlı sürücü deyir ki, həftədə iki dəfə Bakıya müalicə üçün gəlir: “Bu qadağanın tətbiq olunması işimi əngələ salacaq. Hər gələndə gərək maşını dayanacaqda saxlayım, sonra da 15 kilometr avtobusla gedim. Yaşlı adam üçün bu, çox çətin olacaq".

Şirvan rayonunda sürücü işləyən İlkin adlı sürücü isə deyir: "Əvvəl Qaradağ postunda dayanacaqlar yaradılmışdı. Rayondan gələndə postda saxlayıb, şəhərə marşrutla gedirdim. Gətirdiyim mütəriləri isə Qaradağ postuna kimi gətirirdim. Təbii ki, bu da qiymətlərə təsir edirdi. 10 manatlıq yolu 8 manata gətirirdim. İndi şükür ki, hər şey qaydasına düşüb".

Digər bir sərnişin isə bildirdi ki, Qaradağ postunda rayon qeydiyyatında olan maşınların saxlanması halları indi də baş verir. Müsahibim dedi ki, maşınları axşam saat 19:00-da şəhərə buraxırlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov isə mətbuatda açıqlamasında bildirib ki, rayonlardan gələn avtomobillər yalnız axşam saat 22:00-dan səhər saat 07:00-a kimi şəhərə girə bilərlər: "Daha tez gələn sürücülər isə xüsusi dayanacaqlarda gözləməli olacaqlar".

Məğrur Salmanov,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR