Rauf Mirqədirovun məhkəməsi başlandı - vəkil həbs sifarişinin Rusiyadan gəldiyini bildirir
Rəfiqə İsayeva: “Oğlum daim xalqımızı fikirləşib”
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun məhkəməsi başladı. Prosesdə ölkəmizin tanınmış siyasətçiləri - MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəallar iştirak edirdilər.
Hakim Əlisultan Osmanov, digər hakimlər Cavid Hüseynov və Eldar İsmayılov, dövlət ittihamçısı isə Mübariz Mirili idi. Prosesin ilkin hazırlıq iclası açıq olsa da, məhkəmə zalına buraxılanlar az oldu. Xüsusilə, jurnalistlərin böyük əksəriyyəti bayırda qaldılar.
Proses məhkəmə tərkibinin elan olunması ilə başladı. Rauf Mirqədirov indiki mərhələdə məhkəmə heyətinə etirazının olmadığını bildirdi.
Müdafiə tərəfinin vəkili Fuad Ağayev ilkin olaraq, Mirqədirovun “şüşə qəfəs”dən çıxarılması ilə bağlı şifahi vəsatət qaldırdı. Vəkil qeyd etdi ki, mədəni dövlətlərdə belədir. Lakin məhkəmə vəkilin vəsatətinə heç bir reaksiya vermədi. Ardınca F.Ağayev cinayət işinə xitam verilməsi və ya işin ibtidai istintaqa qaldırılması ilə bağlı vəsatət verdi: “Rauf Mirqədirov 2010-14-cü illərdə “Ayna Zerkalo” qəzetinin Türkiyəyə akkreditasiya olunmuş müxbiri olub. Bu barədə Xarici İşlər Nazirliyində qeydiyyatdan keçib. Türkiyənin müvafiq mətbuat qurumunun bu barədə qərarı var. Ötən ilin aprel ayında Mirqədirovun akkreditasiyası ləğv olunub. Türkiyə qaydalarına görə, ona sənəd verilməli idi. Amma ona heç bir sənəd verilməyib. Akkreditasiyası ləğv olunduqdan sonra Mirqədirovun Türkiyədə qalmaq üçün 15 gün vaxtı qalmışdı. Onun bir övladı orada təhsil alırdı. Övladı təhsilini davam etdirsin deyə, Mirqədirov məcbur idi ki, ölkəni tərk eləsin və yenidən qayıtsın. Gürcüstana gedərkən Türkiyə polisi onun və ailəsinin olduğu avtobusu saxlayıb. Onu polis bölməsinə aparıblar. Ona bildirilib ki, deportasiya olunub. Mirqədirov deportasiya olunması barədə qərarı istəyib. Amma qərar ona verilməyib. Ertəsi gün o, təyyarəyə mindirilib və Bakıya göndərilib. Təyyarənin içərisinə MTN-in antiterror mərkəzinin əməkdaşları giriblər. Onu şübhəli şəxs qismində saxlayıblar. Heç bir əsas olmadan. Bununla bağlı Avropa Məhkəməsinə müvafiq şikayətlərimiz olub. İki gün sonra ona 274-cü maddə ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Mirqədirov onunla ittiham olunur ki, 2008-ci ilin fevral ayından guya o, iki nəfər- Laura Baqdasaryan, David Şahnazaryanın vasitəsilə casusluq fəaliyyətinə qoşulub. Şahnazaryan Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, Baqdasaryan isə QHT rəhbəri olub. Guya bu şəxslərin vasitəsilə Mirqədirov Ermənistanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. İttihamda Rauf Mirqədirova ictimai-siyasi məlumatları toplamaq tapşırığının verildiyi qeyd olunur. 2008-ci ilin 2 oktyabrında düşmən ölkəyə müvafiq məlumatları ötürdüyü deyilir. Onun Ermənistana səfərləri qanunvericiliklə qadağan olunmayıb. Ona görə də bu ağır cinayət sayıla bilməz. Avropa Konvensiyasının 10-cu maddəsində ifadə azadlığı verir. Bu hüquq jurnalistlər üçün müstəsna əhəmiyyət daşıyır. Mirqədirov bir sıra yüksək mükafatlar, eyni zamanda əməkdar jurnalist adını alıb. Onun 2008-ci ildən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi ittihamı tamamilə uydurmadır. Sadəcə maraqlıdır ki, niyə məhz 2008-ci ilin fevralından? Əgər bunlar Raufun Ermənistana getməsinə əsaslanırlarsa, o, 2000-ci illərdən Ermənistana gedib. İstintaq orqanı söz yazmalı yox, sübut ortaya qoymalı idi. Belə bir sübut yoxdur, ola da bilməz. Eyni məntiqlə Raufu digər ölkələrin xüsusi xidmət orqanlarına işləməkdə suçlamaq olar. Çünki digər ölkələrə də gedib. 30-cu illərin casusluq ittihamından bunu fərqləndirən odur ki, o vaxt bir yox, bir neçə dövlətin adını yazırdılar. Mirqədirov kiminsə vasitəsilə ələ alınmayıb. Şahnazaryanla görüşlərini casusluq kimi qiymətləndirirlər. Şahnazaryan bir il, Namiq Abbasov isə 10 il MTN rəhbəri olub. O , hazırda Özbəkistanda səfirdir. Belə çıxır ki, o, bu ölkədə səfir olduğu müddətdə Özbəkistandan kimsə onunla görüşməsin. Sonra onu ittiham edəcəklər ki, vaxtı ilə MTN rəhbəri olmusan, əməkdaşlıq etmisən. Mirqədirov heç bir dövlət sirrinin daşıyıcısı olmayıb. Azərbaycanın yüksək rütbəli bir şəxsi bildirdi ki, Sarkisyanın kabineti Azərbaycan xüsusi xidmət orqanları tərəfindən izlənilir. Özündə dövlət sirri olan bir şəxs belə bir məlumat yaydı, amma heç bir araşdırma aparılmadı”.
Vəkil çıxışında jurnalistin həbsində Rusiya izinin olduğunu da bəyan etdi: “Rauf Mirqədirov 2008-ci ildə Rusiyanın Gürcüstanda apardığı əməliyyatların işğalçılıq olması ilə bağlı kəskin yazı yazmışdı. “Ayna Zerkalo” isə, o vaxt Cənubi Qafqazda ən çox oxunan rusdilli qəzet idi. 2009-cu ilin oktyabrından Gürcüstan məsələsi aktuallığını itirdi. 2014-cü ildə Rusiya Ukraynaya müdaxilə etdi. Bu dəfə Rauf Mirqədirov Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı geniş yazı yazdı. Bu həbsdə Rusiya amili var. Ekspertizanın rəyi ilə biz tanış olmamışıq. Bütün bunlar nəzərə alınaraq, cinayət işi üzrə ittihama xitam verilməlidir. İş prokurorluğa qaytarılmalıdır”.
F.Ağayev həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə də vəsatət qaldırdı: “Mirqədirov barəsində həbs qərarının verilməsi, həbs müddətinin uzadılması qanun pozuntusudur. Keçən ilin noyabrında onun həbs müddətinin son günü idi. Uzadılması ilə bağlı heç bir qərar yox idi. Baş Prokurorluğa və MTN-ə teleqram vurduq ki, Mirqədirovun həbs müddəti bitib, azadlığa buraxın. Biz ora gedəndə dedilər ki, həkim müayinəsinə aparılıb. Sonra məlum oldu ki, məhkəməyə aparılıb, həbs müddətinin uzadılması üçün. O, əslində həmin vaxt azadlığa buraxılmalı idi. Bir il 7 aydır ki, o, həbsdədir. Heç bir sübut yoxdur. 8 cildlik işin 2 cildi Mirqədirova aid olar, ya da olmaz. Bundan ötrü 1 il 7 ay lazım deyildi. Bir ay kifayət edərdi. Sübut olmadan şəxsi bu qədər həbsdə saxlamaq olmaz. Sübut olmayan ittihamlar iş materiallarından çıxarılmalıdır. Bu barədə də vəsatətim var. Naməlum Ermənistan vətəndaşının göndərdiyi məlumat deyilir. Bu necə sübut ola bilər ki? Əlavə sübutlar məhkəməyə təqdim olunmalı, Laura Baqdasaryan, David Şahnazaryan şahid kimi dindirilməldir”.
Təqsirləndirilən şəxs bütün vəsatətləri müdafiə etdiyini bildirdi. Dövlət ittihamçısı çıxışında verilən vəsatətlərin heç birinin təmin olunmamasını istədi. M.Mirili məhkəmənin qapalı keçirilməsini təklif etdi. O, bunu dövlət sirri olması ilə əlaqələndirdi. İşə xitam verilməsi və sübut olunmayan ittihamların cinayət işindən xaric olunması vəsatətləri baxılmamış saxlanıldı. Digər vəsatətlər təmin olunmadı. Məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul edildi. Proses noyabrın 18-ə saat 10:30-a təxirə salındı.
Məhkəmədən sonra R.Mirqədirovun anası Rəfiqə İsayeva mətbuata açıqlama verdi: “Oğlum heç vaxt belə işlər görə bilməz. Onu dövlətə xəyanətlə ittiham etmək haqsızlıqdır. İşə təzədən baxılmasını xahiş edirəm. Oğlum daima xalqımızı fikirləşib. Orada etdikləri işlər daima dövlətimiz üçün olub. O, elə bir insandır ki, həmişə dövlət, xalq üçün işləyib.
Məhkəmədə diqqətlə ona baxa bilmədim. Gözlərim zəif görür. Ümid edirəm ki, prezidentimiz cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva hər halda bu işə diqqət yetirərlər”.
R.Mirqədirovun çalışdığı “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ümidli danışdı: “Ümidimi üzməmişəm. MTN-lə bağlı son prosesləri nəzərə alaraq, ümid edirəm ki, Raufun işində azacıq da olsa, müsbətə doğru ipucu ola bilər. Onun günahkar olduğuna inanmıram”.
Xatırladaq ki, Rauf Mirqədirov ötən ilin aprelində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) ittiham irəli sürülüb. İttiham üzrə o, ömürlük və ya 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Cavanşir ABBASLI
Fotolar müəllifindir






