İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Qəzetimizə qarşı reklam ayrı-seçkiliyini Bəylər Əyyubov həyata keçirir”

2164 24.06.2014 08:45 Media A A

Bu yasağın arxasındakı “gizli əl”in kimliyi ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun müəyyən məlumatları var.

Baş yazar deyir ki, bir baş redaktor, menecer kimi çoxsaylı cəhdlərinə baxmayaraq, ölkənin 1 saylı KİV-i statusunda olan “Yeni Müsavat”a reklam cəlb etmək cəhdləri hər dəfə uğursuzluğa düçar olur. R.Arifoğlu bunun konkret səbəbləri barədə məlumatlı olduğunu dedi: “Bu səbəb təəssüf ki, siyasidir. Mənim reklam şirkətlərindən, ayrı-ayrı firmalardan aldığım reklamları nəticə etibarilə siyasi hakimiyyətin bir sıra təmsilçiləri sıradan çıxarırlar. Bir neçə belə fakt yaşamışıq. Ad da çəkə bilərəm. Çox təəssüf ki, mənim gəldiyim təhlillər, apardığım araşdırmalar bu nəticəni verib - hörmətli Bəylər Əyyubov bizim reklam fəaliyyətini əngəlləyir. 

Hazırda qəribə bir vəziyyət ondan ibarətdir ki, ölkə mediasının reklam siyasətinin başında Bəylər Əyyubov dayanır. Nə qədər təəccüblü olsa da, general çininə uyğun gəlməyən vəzifə icra etməkdədir və o, Azərbaycan mətbuatının hansı nümunələrinə reklam vermək olar, hansına olmaz kimi işləri müəyyən edir. Bort deyilən bir anlayış var, hər ay təkliflər ora gedir. Onun başında da strateji məsələ olduğu üçün Bəylər Əyyubov dayanır. ”Yeni Müsavat" və başqa  qəzetlərə gələn reklam tələblərinin üstündən xətt çəkir". 

R.Arifoğlu bildirdi ki, baş vermiş bu hadisə də siyasi ayrı-seçkilik yaradır, “Yeni Müsavat”ın işləməsinə, normal fəaliyyətinə mane olur. Eyni zamanda da ədalətsiz bazar münasibətlərinin yaranması nəticəsini ortaya çıxarır: “Biz reklam verənlərin diqqətini cəlb etmək üçün hər şey etmişik. Saytımız belə olduqca güclü vəziyyətdədir. Qəzetimizin imkanları son dövrə qədər çox yüksək səviyyədə idi. Amma biz fəaliyyətimizin heç bir dövründə ürəyimizdən tikan çıxaracaq, fəaliyyətimizi təmin edəcək qədər reklam ala bilməmişik və bu proses davam etməkdədir.

 Və mən bunu ictimaiyyətin, siyasi hakimiyyətin və xüsusilə Bəylər Əyyubovun diqqətinə çatdırmaq istəyirəm ki, bu cür münasibət yolverilməzdir. Xüsusən də Azərbaycan prezidenti İlham Əliyev bir neçə dəfə media orqanlarına fərq qoyulmadan televiziya və qəzetlərə reklamların bərabər şəkildə verilməsi ilə bağlı fikir bildirib. Mətbuat Şurasında keçirilən tədbirdə geniş şəkildə bu barədə danışıb. Bundan başqa, heç bir fərq qoymadan KİV rəhbərlərini də qəbul edib. Onların sırasında tənqidçi medianın təmsilçisi kimi  mən də olmuşam, məni də qəbul edib, dinləyib, fikrimə münasibət bildirib”.

Baş yazar dedi ki, bu baş verənlər müstəqil mediaya qarşı reklam ayrı-seçkiliyinin Bəylər Əyyubov səviyyəsində olmasını bir daha sübut edir. R.Arifoğlu hesab edir ki, bu da generalın “Yeni Müsavat”a qarşı şəxsi antipatiyasının nəticəsidir: “Mən bu cür vəziyyətə etiraz edirəm”.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR