Rauf Arifoğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi - YENİLƏNİB, SƏNƏD
R.Arifoğlu öncə naziri baş vermiş hüquq pozuntusu barədə məlumatlandırıb. Baş yazar yazıb ki, Azərbaycan Respublikasının vətəndaşı Anar Ziya oğlu Məmmədov 2012- ci ildən başlayaraq “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə terroru həyata keçirdiyi üçün son vasitə olaraq, hüquqlarının müdafəsi üçün Məhkəmə - Hüquq Şurasının sədri olaraq F.Məmmədova müraciət ediblər: “Çünki, qanun və hüququn açıq aşkar bizim tərəfimizdə olmasına baxmayaraq ayrı–ayrı hakimlər bu şəxsdən çəkinərək qanunu və hüququ yox, onun maraq və mənafeyini əsas götürülər. Bizim gəldiyimiz qənaət odur ki, buna səbəb Anar Məmmədovun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu və Azərbaycanda ən varlı sərvət sahiblərindən biri olmasıdır”.
R.Arifoğlu baş vermiş pozuntunun detallarını da açıqlayıb. Bildirib ki, Azərbaycan respublikası prezidenti cənab İlham Əliyevin son dövrdə Azərbaycanda məhkəmə sistemində ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi sahəsində inqilabi dəyişikliklərin əsasını qoyan “Elektron məhkəmə” informasiya sisteminin yaradılması” haqqındakı 13 fevral 2014- cü il tarixli fərmanından sonra da, bu istiqamətdə vəziyyəti təkmilləşdirməyib: “Bunun əvəzinə, Nizami rayon məhkəməsinin hakimi İmran Burcayev və Bakı Apellyasiya məhkəməsinin hakimləri (sədr Azad İmanov) ölkədə ən tirajlı KİV olan “Yeni Müsavat” qəzetini məlumatlandırmadan və ya onun nümayəndələrinin iştirakı olmadan maraq və mənafelərimizə zidd qərarlar qəbul ediblər. Təsəvvür edin, özünü müdafiə imkanlara malik , 70- ə qədər əməkdaşı olan, Cənubu Qafqazın ən böyük KİV- inə qarşı bu cür hərəkət edilirsə, belə hakimlər sadə vətəndaşlara qarşı hansı münasibəti nümayiş etdirirlər? Məhz belə hakimlərin qanunsuzluqlarının nəticəsidir ki, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan əleyhinə çıxarılan qərarlar ildən ilə artır”.
R.Arifoğlu işin mahiyyəti, prosessual və s. təfərrüatları barədə geniş arayışı da müraciətə əlavə etdikdən sonra xahişini açıqlayıb: “Xahiş edirəm, işi şəxsən nəzarətə götürəsiniz və hüquqlarınız çərçivəsində qanununun aliliyinin təmin edilməsi üçün müvafiq araşdırmanın aparılıb lazımı tədbirlərin görülməsi üçün tapşırıq verəsiniz”.
Sevinc TELMANQIZI
****
1.1. Yasamal rayon məhkəməsinin 2 (004) 49/2012 saylı 23.01.2012-ci tarixli qətnaməsi ilə “Azadlıq” qəzetinin 02 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı və “Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manata “fövqəlnazir”in restoranındakı ayını kəsdirərək kabab bişirtdirirb”, “Yeni Musavat” qəzetinin 03 iyul 2010-cu il tarixli, 168 (4484) sayında “Azadlıq” qəzetinə istinadən “”Fövqəlnazir”lə nazir oğlu arasında ayı kababı söhbəti” başlığı “Anar Məmmədov Kəmaləddin Heydərovun restoranındakı əyripəncəni 1 milyon manata kəsdirib kabab bişirtdirib”, “Yeni Musavat” qəzetinin 21 iyul 2010-cu il tarixli 186 (4502) sayında “Prezident Ziya Məmmədovu danlayıb” başlıqlı və “Anar Məmmədovun ayı kababı yeməsinin və yaxta avtoşluğunun hesabını atasına ödətdirir”, “Yeni Musavat” qəzetinin 05 avqust 2010-cu il tarixli 201 (4517) sayında “Anar Məmmədov ayını kimlərlə yeyib” başlıqlı və “Ölkəyə səs salan məclisdə Cavid Qurbanovla Arif Əsgərovun oğulları da olub; məmur balalarının macərasının videosu ölkə rəhbərliyinə təqdim edilib;“Yeni Musavat” qəzetinin 14 sentyabr 2010-cu il tarixli 239 (4555) sayında “Turan” İnformasiya agentliyinə istinadən “Şeyx Anar Məmmədovu Dubaydan qovub” başlıqlı və “Azərbaycanlı kişilərin dubayda səfərinə qadağa qoyulmasına nazir övladının davranışı səbəb olub”, “Burc Xəlifdə müdhiş dava”, “Yeni Musavat” qəzetinin 15 sentyabr 2010-cu il tarixli 240 (4556) sayında “Turan” İnformasiya agentliyinə istinadən “Anar Məmmədovun yaratdığı beynəlxalq qalmaqala reaksiya verilmir” başlıqlı və “Nəqliyyat Nazirinin oğlunun “ərköyünlükləri” artıq dövlətə də problemlər yaradıb” məlumatların qəzet materiallarının verildiyi səhifədə “Təkzib” başlığı altında eyni şriftlə və eyni həcmdə dərc olunmaqla təkzib verilməsi, təkzibin qətnamə icraya yönəldiyi və təkzibin verilməsi tələbinin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə daxil olduğu gündən sonrakı nömrədə verilməsi, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 4000 (dörd min) manat tutularaq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Ruhi Əsəb Əlil Qocalaq Evinin hesabına köçürülməsi qərara alınmışdır.
1.3. 20 oktyabr 2012-ci -ci il tarixdə iddiaçılara Nizami rayon icra şöbəsindən 23.01 2012-cu il tarixli 2 (004),-49 saylıicra sənədi üzrə icraata başlamaq haqqında 17.10.2012-ci il tarixli qərar və bildiriş daxil olmuşdur.
1.4. Tərəflər arasında müzakirələrin nəticəsi olaraq tələbkar A.Z. Məmmədovun nümayəndəsi R. Məmmədov öncə 27 fevral 2013-cü il tarixli məktubla icraatın dayandırılmasını xahiş etmiş, bu ərizə Bakı şəhər Nizami rayon məhkəməsi tərəfindən təmin edilərək 15 mart 2013-cü il tarixli 8(007)-362/2013 saylı qərardadla Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004) -49/12 saylı 23 yanvar 2012-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bu qərardaddan tərəflərin heç biri şikayət etməmişdir.
1.5. Daha sonra tələbkar A.Z. Məmmədovun nümayəndəsi R. Məmmədov 21.01.2014-cü il tarixdə Bakı şəhər Nizami Rayon İcra şöbəsinə müraciət edərək və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 21-ci maddələrini rəhbər tutaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004) -49/12 saylı 23 yanvar 2012-ci il tarixli icra sənədi üzrə tərəflər arasında razılaşma əldə olunduğunu bildirərək tələbkarın tələbdən imtina etməsi əsası ilə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş etmişdir.
1.6. Bakı şəhər Nizami Rayon məhkəməsi təqdimatın təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən verilmiş 2 (004) 49/2012 saylı 23.01.2012-ci tarixli icra sənədi üzrə icraat xitam verilməsi haqqında 14 fevral 2014-cü il tarixli, 8(007)-174/2014 saylı qərardad qəbul etmişdir.
1.7. Lakin qərardadın qəbul edilməsindən 5 ay keçdikdən sonra “Yeni Müsavat” qəzetinə məlum olmayan səbəblərdən, tələbkar A. Məmmədovun nümayəndəsi R. Məmmədov 19.06.2014cü il tarixdə yenidən şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər Nizami Rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli, 8(007)-174/2014 saylı qərardadının ləğv olunmasını və Nizami Rayon icra şöbəsinin təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
1.8. Bakı şəhər Nizami Rayon Məhkəməsi Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004) -49/12 saylı 23 yanvar 2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Bakı şəhər Nizami Rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadından tələbkar A. Məmmədovun nümayəndəsi Məmmədov R. tərəfindən verilmiş şikayətə baxaraq şikayətin təmin edilməsi, Bakı şəhər Nizami Rayon məhkəməsinin icra sənədi üzrə icraat xitam verilməsi barədə 14 fevral 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadının ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardad qəbul etmişdir.
1.9. “Yeni Müsavat” qəzeti Bakı şəhər Nizami Rayon məhkəməsinin icra sənədi üzrə icraat xitam verilməsi barədə 14 fevral 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadının ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadından şikayət vermişdir.
“Yeni Müsavat” qəzeti Bakı şəhər Nizami Rayon məhkəməsinin 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadı qanunsuz, əsassız və hüquqa zidd olduğunu göstərərək qərardad AR Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrinin norma, qayda və tələblərinin və hüquqlarımızın kobud şəkildə pozulması şəraitində qəbul edildiyini bildirmişdir. Belə ki:
MPM-nin 268.1. maddəsinə görə qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
MPM-in 130.3.maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
İş materiallarından göründüyü kimi tələbkarın nümayəndəsi R. Məmmədov şikayətini qərardad çıxarıldıqdan 125 gün sonra vermişdir. Bu zaman prosessual müddətin bərpa olunması üçün vəsatət verilməmişdir. Qarşı tərəf deyə bilər ki, konkret bu halda prosessual müddət keçməmişdi və odur ki, müddətin bərpası üçün vəsatətə də ehtiyac yoxdur, çünki, şikayətlərinin predmeti olan qərardad onlara rəsmi qaydada 17 iyun 2014- cü il tarixdə özlərinin məhkəməyə müraciətindən sonra verilib və müddət axımı da bundan sonra başlanıb.
Lakin tələbkarın guya qərardadın həmin tarixə qədər rəsmi qaydada onlara təqdim edilməməsi barəsindəki iddiasının doğru olduğunun müəyyən edilməsi istiqamətində məhkəmə özü hər hansı hərəkəti həyata keçirməmiş, habelə bunun üçün maraqlı tərəf olan “Yeni Musavat”a da şərait yaratmamış, əksinə onu məlumatlandırmamaqla bu imkandan məhrum etmişdir. Məhkəmənin bu hərəkətsizliyi onun qərəzsizliyi və obyektivliyinə dair ciddi suallar doğurur və beləliklə qərardadın qanuniliyini şübhə altına alır. Belə ki, MPM–nin Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə verilməsini tənzimləyən 266-cı maddəsi bu məsələni ciddi şəkildə tənzimləyir.
266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.
266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir.
Göründüyü kimi məhkəmə qərardadlarının surətlərinin işdə iştirak edən tərəflərə göndərilməsi və ya rəsmən təqdim olunması məhkəmənin vəzifəsidir. Ayrıca akt halında çıxarılmış qərardadların surətlərinin işdə iştirak edən tərəflərə göndərilməsi isə 266- cı maddəyə görə məcburidir. Bu məsələnin əhəmiyyəti onunla vurğulanır ki, qərardadın surətlərinin rəsmi qaydada təqdim olunması barədə məhkəməyə məlumat verilməsi MPM- in 266.2. maddəsində birbaşa təsbit edilmişdir. Odur ki, məhkəmə tələbkar tərəfdən şikayət ərizəsini qəbul edərkən əvvəlcə bu halın mövcudluğunu yoxlamalı və gəldiyi nəticəni iş materiallarında əks etdirməli idi. İş materiallarında isə məhkəmə tərəfindən 14 fevral 2014 – cü il tarixli qərardadın Anar Məmmədova və ya onun nümayəndəsinə rəsmi qaydada təqdim edilmədiyini müəyyyən edən har hansı təhqiqat, məlumat, qərardad, arayış və ya digər hər hansı sənəd yoxdur. İş materiallarında 14 fevral tarixli qərardadın surətinin icra məmuruna, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə göndərilməsi barədə müşayiət məktubunda tələbkar Anar Məmmədov və ya onun nümayəndəsinə göndərilməsi barədə qeyd yoxdur. Lakin bu əlavə bir müşayiət məktubu ilə qərardadın tələbkara göndərilmədiyini istisna etmir. Məhkəmənin diqqətini ona cəlb edirəm ki, 14 fevral tarixli məhkəmə iclası haqqında bildiriş məktubu da icra məmuruna, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə göndərildiyi göstərilib. Lakin həm 14 fevral tarixli qərardadın mətnində, həm də 14 fevral tarixli məhkəmə iclas protokolunda tələbkarın qanunda nəzərdə tutulmuş qaydada xəbərdar edildikləri qeyd olunmuşdur və tələbkar tərəfindən bunlara düzəliş haqqında qeyd təqdim edilməmişdir.
Beləliklə ortada qeyri qanuni yolla prosessual müddətin mövcudluğu situasiyası yaratmaq məqsədi ilə sənədlərin gizlədilməsi, iş materiallarından götürülməsi, və ya vəzifəli şəxslərlə qeyri- qanuni əlaqəyə girərək hüquqi hiylə işlədilməsi ehtimalına dair əsaslı şübhə yaradan hallar vardır. Məsələn Anar Məmmədovun nümayəndəsinin 14 fevral tarixli qərardadın ona və ya təmsil etdiyi şəxsə göndərilmədiyini bildirərək həmin qərarın surətini istədiyi barədə məhkəməyə müraciətində 14 fevral qərardadının bütün rekvizitləri göstərilib. Əgər onlara həmin qərardadı almamışdılarsa bu rekvizitlər onlara haradan məlum idi?
Məhkəmə 19 iyunda Anar Məmmədovun nümayəndəsinin şikayəti daxil olduqdan dərhal sonra, deyilən hal barədə heç bir araşdırma aparmadan - çünki bu araşdırma barədə iş materiallarında hər hansı bir qeydə rast gəlinmir - elə həmin gün şikayətə baxışı bir gün sonrakı tarixə - 20 iyuna təyin etmiş, maraqlı tərəflərə məlumat vermədən şikayət baxıb heç bir əsas göstərmədən öz əvvəlki 14 fevral 2014- c il tarixli qərardadını ləğv etmişdir.
Məhkəmə qərardadlarının çıxarılması qaydasına dair MPM- in 263. 6. maddəsinə görə “Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
Bakı şəhər Nizami Rayon məhkəməsinin 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadının məzmunundan və iş materiallarından, o cümlədən 20 iyun 2014 tarixli məhkəmə iclas protokolundan göründüyü kimi qərardad çıxarılan zaman iş üzrə məhkəmə iclasına “Yeni Müsavat” qəzeti bu hərəkətlər barədə məlumatlandırılmamış, tərəf olaraq dəvət edilməmiş bununla da məhkəmə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi kimi fundamental prinsipi və prosessual hüquqlarımız kobud surətdə pozmaqla çıxarmışdır ki, bu da həmin aktın ləğv edilməsi üçün əsasdır.
264.0. maddəsində göstərilir ki, ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:
264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb;
264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;
Bakı şəhər Nizami Rayon məhkəməsinin icra sənədi üzrə icraat xitam verilməsi barədə 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadın mətni 264- cü maddənin müddəalarının pozulması ilə tərtib edilərək çıxarıldığı aşkar olaraq görünür.
Belə ki, qərardadda işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələblər barədə məlumatlar natamamadır, işdə iştirak edən şəxslər barədə isə heç bir məlumata rast gəlinmir.
Qərardadda MPM- in 264.0.5. maddənin tələbləri xüsusilə kobud şəkildə pozulub. Belə ki, qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi ilə bağlı hər hansı fikir, mülahizə, fakt, ümumiyyətlə yoxdur. Faktiki olaraq hakim qərardadın təsviri və əsaslandırma hissəsini yazmamışdır. Qərardadda məhkəmənin özünün gəldiyi nəticələrin səbəbləri barədə heç nə yoxdur. Məhkəmə heç bir əsas göstərmədən, heç bir müddəaya istinad etmədən şikayəti təmin edərək, Bakı şəhər Nizami Rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli, 8(007)-174/2014 saylı qərardadı ləğv etmiş, lakin hansı səbəbdən ləğv etdiyini göstərməmişdir. Hakim yalnız Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin qərardadla bağlı şikayət verilməsi qaydalarını ehtiva edən 269.-cu maddəsini xatırlatmaqla kifayətlənmişdir. Belə çıxır ki, tələbkarın sadəcə şikayəti məhkəmənin gəldiyi nəticə üçün həm səbəb və həm də əsas kimi kafi sayılmışdır. Bu olduqca ciddi prossesual qanun pozuntusudur və Bakı şəhər Nizami Rayon məhkəməsi 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadın ləğv edilməsi üçün əsasdır.
3.1. Tələbkar A. Məmmədovun nümayəndəsi R. Məmmədovun Nəsimi rayon məhkəməsinin 14 fevral 2014- cü il tarixli şikayətində göstərilir ki, Yasamal rayon məhkəməsinin 2 (004)- 49/12 saylı 23 yanvar 2012- ci il tarixli icra sənədi üzrə tərəflər arasında razılaşma əldə olunduğundan, o, tələbkarın tələbdən imtina etməsi əsası ilə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verməsini Nəsimi rayon icra şöbəsindən xahiş etmişdir.
İş materiallarında olan R. Məmmədovun Nəsimi rayon icra şöbəsinə göndərdiyi həmin müraciətin mətnində isə hər hansı bir razılaşma barədə xatırlatma belə yoxdur.
Belə olan halda tələbkarın nümayəndəsinin 19 iyun tarixli şikayətində “Tərəflər arasında əldə olunmuş razılaşmaya borclu “Yeni Müsavat” qəzeti tərəfindən əməl olunmamışdır”, - deyərkən nəyi nəzərdə tutduğu aydın deyildir. Lakin onun bu iddianı irəli sürməsinin məqsədi tamamilə aydındır. Belə ki, tələbkarın birinci instansiya məhkəməsinin 14 fevral tarixli qərardadının ləğv edilməsi tələbini əsaslandırmaq üçün heç bir dəlili olmamışdır. Odur ki, gerçəkdə olmayan razılaşma və ona “Yeni Müsavatın” əməl etməməsi uydurması lazım gəlmişdir ki, sonra da “əgər məhkəmənin 14 fevral tarixli iclası barədə məlumatlandırılsaydıq və iclasda iştirak etmiş olsaydıq dərhal 8(007)- 174/ 2014- cü il tarixli qərardaddan şikayət verərdik”, - demək mümkün olsun. İndi mən belə bir sual qoyuram: əgər tələbkar birinci instansiya məhkəməsinin 14 fevral tarixli iclası barədə məlumatlandırılsaydı və həmin iclasda iştirak etmiş olsaydı hansı, dəlil, sübut və əsasla dərhal həmin tarixdə qəbul edilən qərardaddan şikayət verərdi? İkinci sualım ondan ibarətdir ki, əgər o dediyi kimi birinci instansiya məhkəməsinin 14 fevral tarixli iclası barədə məlumatlandırılsaydı və həmin iclasda iştirak etmiş olsaydı məhkəmə icra məmurunun onun, yəni tələbkarın nümayəndəsinin özünün müraciəti əsasında məhkəməyə müraciəti əleyhinə çıxardımı və əgər çıxardısa hansı əsasla çıxardı? Üçüncü sualım ondan ibarətdir ki, “Yeni Müsavat” qəzeti və tələbkar arasında axırıncının icra məmuruna icra sənədinə xitam verilməsi barədə məhkəməyə təqdimat verməsi xahişi ilə müraciətindən qabaq hansı razılaşma əldə olunmuşdu, bu razılaşma kimlər arasında müzakirə edilib razılaşdırılmışdı, hansı formada əldə olunmuşdu məsələsinə sübutlu aydınlıq gətirsin?
Bu iş üzrə məhkəmə və icra müddətində “Yeni Müsavat” qəzetinin rəhbəri olaraq bildirirəm ki, Tələbkarın öz təşəbbüsü ilə, öz suveren iradəsi ilə, heç bir qeyd şərt qoymadan, barışıq sazişi imzalamadan, təminat tələb etmədən icraya xitam verməsi məni xeyli təəccübləndirmiş və məmnun etmiş və açıqcası tələbkar tərəfə də xoş hisslər doğurmuşdu.
Hörmətli Sədr,
Diqqətinizi ona cəlb edirəm ki, tələbkarın 19 iyun tarixli şikayət ərizəsində həqiqətən iddia tələbini əsaslandırmaq üçün yuxarıda göstərilən və uydurma olduğu açıq aşkar olan, heç bir sübutla əsaslandırılmayan, dəlilə bənzər ziddiyyətli mülahizədən başqa heç bir şey olmamışdır. Tələbkar tərəf məhkəmənin 20 iyun tarixli iclasında da iştirak etməmişdir.
Deməli məhkəmə iclasında da hər hansı yeni, əlavə dəlil sübut ortaya qoyulmamışdır. 20 iyun tarixli iclasda məhkəmə işə baxarkən tələbkarın şikayətindən başqa iş materiallarına yeni heç bir əlavə material daxil olmamışdır. Belə olan halda hakim hansı əsasla tələbkarın iddiasını haqlı sayaraq, hansı yeni halı araşdıraraq qanunun hansı maddəsinə istinad edərək, hətta borclu tərəfi dəvət edib dinləməyi belə lazım saymadan özü öz qərardadını ləğv etmişdir və icra məmurunun təqdimatını rədd etmişdir. Təsadüfi deyildir ki, bu barədə qərardadın mətnində də hər hansı xatırlatma, təsvir, əsaslandırma yoxdur.
Qeyd edilməlidir ki, məhz tələbkarın tələbi ilə icra işi üzrə icraata xitam verilmişdir. Tələbkarın özü icra işinə xitam verilməsini yazılı şəkildə tələb etdikdən sonra icraata xitam verilməsi barədə qərardaddan məlumatsız olması mümkün deyildir. Belə ki, tələbkar tərəf 21.01.2013-cü il tarixli məktubla Bakı şəhər Nizami Rayon İcra şöbəsinə özü müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004) -49/12 saylı 23 yanvar 2012-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtina əsası ilə icraata xitam verilməsi barədə məhkəməyə təqdimatla müraciət olunmasını xahiş etmişdir. Bakı şəhər Nizami Rayon məhkəməsi təqdimatın təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən verilmiş 2 (004) 49/2012 saylı 23.01.2012-ci tarixli icra sənədi üzrə icraat xitam verilməsi haqqında 14 fevral 2014-cü il tarixli, 8(007)-174/2014 saylı qərardad qəbul etmişdir.
Azərbaycan Respublikası “İcra Haqqında” qanunun 20.1.1 maddəsinə əsasən məhkəmə . tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verir. Beləliklə Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən verilmiş 2 (004) 49/2012 saylı 23.01.2012-ci tarixli icra sənədi üzrə icraat xitam verilməsi üçün tərəfin tələbdən imtinası barədə iradə bildirməsi məhkəmənin icra sənədi üzrə icraata xitam verməsi üçün kifayətdir.
4. Məsələnin digər bir tərəfi “Yeni Müsavat” qəzetinin işdə borclu olaraq qalıb - qalması ilə bağlıdır. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2 (004) -49/12 saylı 23 yanvar 2012-ci il tarixli qətnaməsindən də göründüyü kimi həm “Yeni Müsavat”, həm də “Azadlıq” qəzetləri işdə birgə borclu kimi iştirak edirlər. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, aralarındakı razılaşmaya əsasən digər borclu Azadlıq” qəzeti tərəfindən 23.11.2012-ci il tarixdə təkzib verilmiş və tələbkar A. Məmmədovdan üzr istənilmişdir.
Bunun müqabilində tələbkar A. Məmmədov “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən məhkəmə qaydasında müştərək qaydada tutulmuş 4000 (dörd min) manatdan “Azadlıq” qəzetinin xeyrinə vaz keçdiyini bildirmiş, Yasamal Rayon İcra Şöbəsi tələbkar A. Məmmədovun nümayəndəsi R. Məmmədovun 23.11.2012 ci il tarixli ərizəsi əsasında 14 dekabr 2014-cü il tarixli qərarla icra sənədini icra etmədən məhkəməyə geri qaytarmışdır.
Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 226.1. maddəsinə əsasən Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
Həmin Məcəllənin 226.2. maddəsinə əsasən Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.
Azərbaycan Respublikası Mülki-Məcəllənin 500.1. maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
MM-in 500.2. maddəsinə əsasən Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Azərbaycan Respublikası Mülki-Məcəllənin 503-cü maddəsinə əsasən Borclulardan birinin öhdəliyin tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.
Yuxarıda göstərildiyi kimi məhkəmə qətnaməsinə müvafiq olaraq “Azadlıq” qəzeti tərəfindən təkzib mətni yayınlandığına və tələbkar A. Məmmədovun xeyrinə tələbin 2-ci hissəsi olan 4000(dörd min) manatın tutulmasından tələbkar tərəfindən vaz keçildiyinə görə qətnamə icra olunmuş hesab edilməli, “Yeni Müsavat” qəzeti icradan azad edilməlidir. Belə ki, icra müştərək qaydada nəzərdə tutulduğundan Anar Məmmədovun məhkəmə qətnaməsinə zidd olaraq “Azadlıq” qəzetini icradan azad edib icranı digər borclunun üzərinə qoya bilməz. Anar Məmmədov “Azadlıq” qəzetinə qarşı tələbdən imtina etməklə əslində bütün icra tələbindən imtina etmiş olur.
5. Bütün göstərdiyimiz hüquqi dəlillərə rəğmən Bakı Apellyasiya Məhkəməsi 18 avqust 2014-cü il tarixdə keçirilən məhkəmə iclasında işə nümayəndəmizin üzrlü səbəblərlə məhkəməyə müraciət etməsinə rəğmən iştirakı olmadan, həm şikayətimizin təmin edilməməsi və Bakı şəhər Nizami Rayon məhkəməsinin 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadının qüvvədə saxlanılması haqqında qərardad qəbul etmişdir. (Müraciət edilən zaman Qərardad tərəfimizə təqdim edilməmişdir.)
Hesab edirik ki, Bakı şəhər Apellyasiya Məhkəməsinin Bakı şəhər Nizami Rayon məhkəməsinin 20 iyun 2014-cü il tarixli 8(007)-174/2014 saylı qərardadının qüvvədə saxlanılması və “Yeni Müsavat” qəzetinin verilmiş şikayətin rədd edilməsi haqqında qərardadı qanunsuz, əsassız və hüquqa ziddir. Belə ki həmin qərardad AR Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrinin norma, qayda və tələblərinin və hüquqlarımızın kobud şəkildə pozulması şəraitində qəbul edilmişdir.
İlk öncə onu bildirmək istərdik ki, Bakı Apellyasiya Məhkəməsində 18 avqust 2014-cü il tarixdə hakim Azad İmanovun sədrliyi ilə keçən prosesdə “Yeni Müsavat”ın nümayəndəsinin iştirakı olmadan şikayət müzakirə edilib və təmin edilməyib. Qeyd edək ki, əvvəlcədən “Yeni Müsavat”ın nümayəndəsi Vaqif Hüseyn prosesdən 3 (üç) gün öncə üzrlü səbəbdən məhkəməyə gecikəcəyi ilə bağlı hakimə ərizə ilə müraciət edib. O, hakimdən xahiş edib ki, proses başqa tarixə, hətta 1 günlüyə yaxud 1 saatlığa olsa belə, təxirə salınsın. Nümayəndəmiz iclasa sədrlik edəcək hakim Azad İmanovla şəxsən telefonla əlaqə saxlayıb xahiş etmişdir ki, iclas heç olmasa bir saatlığa təxirə salınsın ki, o yetişə bilsin. Hakim ona bununla bağlı heç bir problem olmadığını bildirib. Nümayəndə məhkəmə iclas saatının başlamasından (12- 30) cəmi 15 dəqiqə sonra, yəni 12. 45- də iclas zalının qabağında olduğu zaman məhkəmə zalının artıq bağlı olduğunu görüb.
Nümayəndəmiz məhkəmə iclas zalına gələn vaxt hətta əks tərəfin nümayəndəsi Nihad Axundov hələ də iclas zalının qarşısında olub. Məlum oldu ki, artıq iclas qurtarıb, müşavirə olub və qərardad da elan edilib. Lakin nümayəndəmizin prosesə 10-15 dəqiqə gecikməsi, hakimin qanunsuz qərarına mane olmayıb. 11-12 dəqiqə çəkən məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Halbuki Hakim Azad İmanov Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin tələbinə görə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı idi. Ən azı hüquq etikası baxımından şikayətçinin nümayəndəsi gəlmədiyi, həm də bunu üzrlü səbəblərlə əsaslandırdığı halda məhkəmə prosesi keçirilməməli və təxirə salınmalı idi. Bütün bunlara rəğmən Bakı Apellyasiya Məhkəməsi hakimi Azad İmanovun 1-ci instansiya məhkəməsinin hakimi İmran Burcayev kimi tərəfləri dinləmədən, onların hüquqlarının təmin olunmasına heç bir məhəl qoymadan tələm-tələsik bir qərar verməsi hüquq adına böyük bir skandaldır. Həm Bakı şəhər Nizami Rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin prosesin tezliklə başa çatdırılmasında nümayiş etdirdikləri xüsusi canfəşanlıq bir çox şübhəli məqamdan xəbər verir. Öncə Bakı şəhər Nizami rayon Məhkəməsinin heç bir hüquq məntiqinə sığmayan skandal qərarı, daha sonra Bakı Apellyasiya Məhkəməsi hakimi Azad İmanovun “Yeni Müsavat” qəzetinin nümayəndəsini dinləməyə lüzum belə görmədən prosesi sürətlə bitirməklə bağlı hərəkətləri hüquqa, onun ali prinsiplərinə, dövlətçiliyimizə və onun sivil inkişaf yoluna yönəlik sui-qəsddən başqa bir şey deyildir.
Hörmətlə:
Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin
təsisçisi və baş redaktoru






