İnsanlara hürriyət, millətlərə istiqlal!

Raport: tibbi xətalar, səhv, ya da gecikən diaqnozlar

1488 28.06.2016 09:25 Son xəbər A A

Keçən  həftə ölkəmizdə səhiyyə sistemində baş verən, mətbuatdan öyrəndiyimiz xəbərlər biz həkimləri, eləcə də vətəndaşları kədərləndirdi. Sadəcə keçən həftə olmadı, tibbi xətalar tarix boyu var idi və olmağa davam edəcək. Gözlə görünən, bariz olan xətalar vaxtaşırı KİV-lərdə özünə yer tapsa da əksər hallarda xətalar  xəstəxana koridorlarından kənara çıxa bilmir, ya da həkimlər arasında sirr olub qalır.

Həkimlər bilir, Latın dilində belə bir deyim var: “Medicus curat, natura sanat”. Mənası “Həkim müalicə edər, təbiət sağaldar” . Adət-ənənələrimizə, dinimizə görə biz o  deyimdə “təbiət sağaldar” yerinə “Allah sağaldar” deməyə üstünlük veririk, buna inanırıq. Xəstə sağalanda “Allah qurtardı”, “Allah kömək etdi”, xəstə öləndə isə “həkim öldürdü”, “həkim şikəst elədi” deyirik. Təbiət, Allah insanı elə yaradıb ki, xəstənin orqanizması öz-özünü sağalda, ya da proqramlı şəkildə ölümə apara bilir. Həkim isə arada köməkçidir.  
22.09.2015  tarixində mərkəzi ABŞ-da yerləşən  “The  Institute of Medicine (Tibb İnstitutu)” adındakı təşkilat bir raport yayımlamışdı. Raportun adı “Səhiyyə sistemində diaqnozların təkmilləşdirilməsi”  dir. Raport tibbi xətalar, səhv, ya da gecikmiş diaqnozlar, onların nəticələri və  görüləsi tədbirlər haqqında  məlumatlardan ibarətdir.  Raportdakı bəzi məlumatlara nəzər salaq (raport 346 səhifədir);

* Diaqnostik xətalar  ABŞ-ın hər yerində, hər gün, bütün səhiyyə təşkilatlarında baş verir, ancaq  əksəriyyətini  kifayət qədər araşdırmaq mümkün olmur. 

* Heç kim neçə insanın səhv ya da gecikmiş diaqnozdan əziyyət çəkdiyini dəqiq bilmir. 
Ümumi götürəndə, insanların əksəriyyətinə ömrü boyu ən az 1 dəfə səhv diaqnoz qoyulmuşdur.

* Hər il təxminən 44 - 98 min insan qarşısı alına bilən tibbi xətalar səbəbiylə ölür.
Ambulatuar şəraitdə tibbi yardım axtaran yetkin insanların 5 %-i diaqnostik xətalardan 
əziyyət çəkir.

* Ölümdən sonrakı araşdırmalara əsasən səhv diaqnozlar ölümlərin 10 %-inə cavabdehdir.

* Xəstəxana şəraitində müalicə alanlarda fəsadlaşmaların 6-17 %-inin səbəbi diaqnostik xətalardır.

* Səhv diaqnozlar səbəbiylə ödənilən maddi təzminatlar, digər tibbi xətalar üçün ödənilənlərdən 2 dəfə artıqdır. 

* Diaqnostik səhvlərin bir çoxunda səbəb həkimlər, xəstəxana personalı arasındakı koordinasiya əskikliyindən irəli gəlir. 

* Düzgün diaqnoz qoymaq üçün həddən artıq analiz istəmək, bahalı aparatlara girmək kömək   etmir, hətta başqa problemlərə yol açır.

* Hər  5 tibbi xətadan 4-ü xəstə-həkim görüşməsi ərzində baş verir. Xəstənin dərdini düzgün izah etməsi, həkimin qulaq asması  diaqnostik xətalardan qorunmaq üçün başlıca yoldur. 

Eyni təşkilatın əvvəlki raportu ilk dəfə 1999-cu ildə yayınlanmışdı. O raportun adı belə idi: “İnsan səhv edər: daha təhlükəsiz səhiyyə sisteminin inşası”. İlk yayımlanan vaxt xətaların statistik rəqəmlərlə xalqa açıqlanması sərt tənqid atəşinə tutulumuşdur. 
Ölkəmizdə belə bir araşdırma indiyə qədər aparılmayıb və hal-hazırda da mümkün görünmür. Tibbi xətaların qarşısını günahı olan həkimi həbsə atmaq, xəstəxanaya hücum edib həkimi döymək, təhqir etməklə almaq mümkün  deyil. Tibbi xəta varsa, əlbəttə, xəstənin  haqları qorunmalı, xətası olanlar qanuna uyğun şəkildə cəzalandırılmalıdır. Səhiyyə sistemi elə qurulmalıdır ki, həkimin xətaya yol vermə ehtimalı ən aza ensin. 

Vüsal Vəliyev, kardioloq
 vveliyev@hotmail.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR