İnsanlara hürriyət, millətlərə istiqlal!

RAMİL USUBOV JURNALİSTİ DÖYƏNLƏRİN TAPILMASI ÜÇÜN GÖSTƏRİŞ VERDİ

7082 29.03.2011 09:02 Media A A

Seymur HəziyevTəzyiq prosesini videolentə çəkən maskalılar həmçinin S.Həziyevin iki mobil telefonunu götürüb, şəxsi kompyuterinin bazasını, çantasını yoxlayıblar: “Döyə-döyə deyirdilər ki, ağıllı ol, camaat necə yaşayırsa, sən də elə yaşa”.
Dünənsə bu insident Daxili İşlər Nazirliyində keçirilən görüşdə müzakirə olunub. Görüşdə daxili işlər naziri Ramil Usubov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev iştirak edib. Bu barədə MŞ-nin yaydığı bülletendə bildirilib. Mətbuat Şurasının DİN-ə müraciəti əsasında baş tutan görüşdə hadisə ilə bağlı araşdırmanın aparılması məqsədilə DİN-in və Baş Prokurorluğun xüsusi nümayəndələrinin olay yerinə ezam edilmək üçün ayrıldıqları bildirilib. Nazir R.Usubov ibtidai araşdırmanın təşkilini, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-mayor Sərvər Mehraliyevə həvalə edib.
Görüşdə həmçinin razılığa gəlinib ki, araşdırma ilə bağlı proseslərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, «Turan» İA-nın baş direktoru Mehman Əliyevin, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılının iştirakı qanuna müvafiq surətdə təmin ediləcək və ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.
Rəşid HacılıR.Hacılı da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, görüşdə nazir bu olayla bağlı narahat olduğunu və araşdırma aparıldığını bildirib. Müsahibimizin sözlərinə görə, görüşdə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sadiq Gözlov iştirak edib: “Nazir tapşırıq verdi ki, bu olaya maksimum diqqət ayrılsın. Lazım olsa, nazir özü də istintaqla məşğul olacağını və bunun kimlər tərəfindən edilməsinin tapılmasında maraqlı olduğunu dedi. Ramil Usubov bildirdi ki, araşdırma ilə bağlı məlumatların ictimaiyyətə açıq olmasını istəyir. Bu işlə bağlı daimi məlumatlandıra bilən bir qrup yaradıldı. Bu qrupa Respublika Prokurorluğundan və Daxili İşlər Nazirliyindən bir nəfər daxil ediləcək”.
R.Hacılı dedi ki, nazirliyin indiki reaksiyası çevik olub. Onun sözlərinə görə, R.Usubov buna vaxtını sərf edib və xoş məramını ortaya qoyub: “Hər halda, bu gün üçün bu, xoş məramdır. Ona görə də biz ümid etməyə borcluyuq ki, günahkarlar tapılacaq. Nazir buna nəzarət olunacağını deyib”.
Bu arada xatırladaq ki, S.Həziyevin hüquqi müdafiəsi ilə R.Hacılı və Elçin Sadıqov məşğul olacaq.
Xatırladaq ki, görüşdən əvvəl MŞ sədri DİN-ə müraciət edərək S.Həziyevin oğurlanaraq döyülməsi faktını operativ araşdırmağa çağırmışdı. MŞ sədri daxili işlər naziri R.Usubova məktub göndərməklə yanaşı, Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovla da söhbət edib.
Bundan başqa, dünən ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter S.Həziyevlə görüşüb. Görüş “Azadlıq” qəzetinin redaksiyasında olub.
S. Həziyev ATƏT-in nümayəndəsinə hadisə haqqında və bu çağacan peşə fəaliyyəti ilə bağlı üzləşdiyi zorakılıq hallarından danışıb. Şərhçi ona qarşı qanundan kənar, zorakı hərəkətləri hakimiyyətə qarşı sərt mövqeli yazıları ilə əlaqələndirib.
S.Həziyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünən həkim müayinəsindən keçib. Yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulan jurnalist ağrılarının davam etdiyini dedi. Müsahibimiz fərdi qaydada heç bir yerə müraciət etməyəcəyini söylədi. Onun sözlərinə görə, qanuni araşdırmaya başlamaq üçün heç bir maneə görmür: “Cinayət-Prosessual Məcəlləyə görə, döyülmə faktı ilə əlaqədar məlumat yayıldığı gündən Respublika Prokurorluğu iş üzrə araşdırmaya başlamalıdır. Mətbuatda, saytlarda mənim döyülməyimlə bağlı məlumat yayılıb, amma Ombudsman Aparatı hələ bu olayla maraqlanmayıb. Daxili İşlər Nazirliyinin sözçüsü mətbuata açıqlamasında bildirib ki, hadisə ilə bağlı guya mənim özüm müraciət etməliyəmmiş. Məntiq nəyi deyir? Əgər mən oğurlanaraq, telefonlarım əlimdən alınaraq işgəncəyə məruz qalıramsa, nazirliyin 102 xidmətinə necə zəng vura bilərdim? Bəlkə mənim dilim yoxdur, ya da belə müraciət etməyə savadım çatmır? Bundan əlavə, bu ölkədə Ombudsman Aparatında qəzet oxuyan yoxdur?”
Sözügedən faktla əlaqədar bu gün “Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun” devizi ilə ictimai forum keçiriləcək. Forumda azad mediaya təzyiqlərin, tənqidə kobud üsullara reaksiya verilməsi kimi qanunsuz halların dayandırılması tələbləri irəli sürüləcək.
Dunya MiyatoviçQeyd edək ki, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç S.Həziyevin oğurlanmasını və döyülməsini pisləyib. “Turan”ın məlumatına görə, o, dünən yaydığı bəyanatda Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılığa son qoyulması üçün təcili tədbirlər görməyə çağırıb: “Hakimiyyət jurnalistlərə qarşı zorakılığa son qoymaq və onların işi üçün əlverişli şərait yaratmaq üçün fəal tədbirlər görməlidir. Bu, hakimiyyətin əsas öhdəliyidir, lakin Azərbaycan hökuməti bu tələbə riayət etmir. Hakimiyyət jurnalistin oğurlanmasını ictimai qaydada pisləməli və bu hadisəni, o cümlədən jurnalistlərə qarşı buna qədər yol verilmiş bütün cinayətləri, habelə 2005-ci ildə Elmar Hüseynovun qətlə yetirilməsi ilə bağlı məsələni araşdırmalıdır».

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR