İnsanlara hürriyət, millətlərə istiqlal!

RAMİL SƏFƏROVA MİLLİ QƏHRƏMAN ADI VERİLMƏLİDİRMİ?

8612 31.08.2010 08:30 Ölkə A A
Bir müddət öncə isə Milli Ordumuzun giziri Mübariz İbrahimov cəbhə bölgəsində düşməni ciddi canlı itkilərə məruz qoyaraq qəhrəmancasına həlak oldu. Bundan sonra ona milli qəhrəman adı verildi. Bu iki hadisə arasında oxşarlıq odur ki, hər iki gənc fərqli situasiyalarda olsa da, erməni ordusunun əsgərlərinə qarşı mübarizə aparıb. Maraqlıdır, Ramil Səfərova da Milli Qəhrəman adı verilə bilərmi?
Millət vəkili İqbal Ağazadəyə görə, R.Səfərova milli qəhrəman adı verilməsi Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər: “Bəlkə Azərbaycan acısından, problemləri baxımından o doğrudan da milli qəhrəman adına layiqdir. Amma Azərbaycanın beynəlxalq aləmdə adı baxımından bu ad ona verilməməlidir”.
Millət vəkili Fəzail Ağamalı da eyni fikirdədir: “Ramil Milli Ordunun çox qeyrətli əsgəridir. Burda mübahisə ola bilməz. Lakin onun həbs olunmasının motivləri başqadır və ona milli qəhrəman adının verilməsi Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərə bilər. Yaxınlarda Mübariz İbrahimov silahlandı və ermənilərlə vuruşaraq qəhrəmancasına həlak oldu. Bu, qəhrəmanlığın bütün parametrlərinə uyğun gəlir. Lakin Ramilin erməni əsgərini öldürməsi, orada kifayət qədər psixoloji məqamların olduğu halında belə ona bu adın verilməsi ilə uyğun gəlməz”.
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, R.Səfərova ad verməkdən daha çox məsələni hüquqi müstəvidə həll etməyə daha ciddi ehtiyac var: “Onu Macarıstana göndərən şəxslər çıxıb açıqlama verməliydilər ki, Türkiyədə yüksək təhsil görmüş, NATO standartlarına cavab verən məktəbdə təhsil alan birisini hansısa dil kurslarına göndərmək nəyə lazım idi? Kadr siyasətinə məsul olanlar buna cavab verməlidirlər. Onlar bilirdilər ki, Ramilin torpağı işğal olunub, erməninin özbaşınalığına göz yuman deyil. Ona görə də düşünmürəm ki, Ramilə milli qəhrəman adı verələr”.
Hüquqşünas Müzəffər Baxışova görə, məsələ müzakirə mövzusu ola bilər: “Milli qəhrəman adının verilməsi ilə bağlı qanun 1992-ci ildə qəbul edilib. Respublikanın yüksək fərqlənmə dərəcəsidir. Amma Ramilin hərəkəti psixoloji məqamlar nəzərə alınsa belə, qəsdən adam öldürmə kimi dəyərləndirilib. Bunu xalq qarşısında müstəsna xidmət sayılıb-sayılmaması haqda bir söz deyə bilmərəm. Mənim fikrimcə, bu məsələ müzakirə mövzusu ola bilər. Amma birmənalı onun hərəkətlərini milli qəhrəman səviyyəsinə qaldırıb hadisəyə düzgün qiymət vermədən ona bu adı vermək olmaz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR