İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazan bayramı ilə bağlı heyvanların qiyməti süni şəkildə artırılır- REPORTAJ, FOTOLAR

915 18.07.2015 13:55 Son xəbər A A

Heyvan bazarında qiymətlər süni şəkildə artırılır. Xüsusən diri satılan qoyunların qiyməti əhalini narazı salır. “Yeni Müsavat”ın müxbiri bununla bağlı Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində olan heyvan bazarında satıcılarla alıcılar arasında münaqişənin şahidi olub. Belə ki, bazarda qoyun ətinin qiyməti 9-10 manat arasında dəyişsə də, heyvan bazarında bəzi satıcılar qiyməti 11-12 manatdan hesablayırlar. 

Alıcılar deyir ki, iki gün əvvəl diri heyvanın kiloqramını 10 manatdan satan alverçilər, indi 12-13 manata təklif edirlər. Özümüzü müştəri kimi təqdim edib, qiymətlərlə maraqlanırıq. Satıcı 11-12 kiloqramlıq qoyunu 150 manata satacağını deyir. Bu zaman ətin kiloqramı 12 manatdan da baha düşür. Alıcıların bir narazılığı da odur ki, satıcılar heyvanların yaşı ilə bağlı da onları aldadır, 4-5 aylıq quzuları bazara çıxarıb satırlar. 

Qəsəbədə qiymətlərin yüksək olması səbəbindən Bakı kəndlərinə üz tutmağa məcbur olurlar. Qeyd edək ki, paytaxtdan bir qədər kənarda qiymətlər ətin hər kiloqramına görə, 1-2 manat daha ucuz təklif olunur. 

Abşeron rayonu, Qobu qəsəbəsində heyvan satışı həyata keçirən Ənvər adlı satıcı deyir ki, 6 aylıq 12 kiloqramlıq qoyunun qiyməti 120-130 manat arasında dəyişir.Bu zaman təklif olunan heyvanın 1 kiloqramının qiyməti 9-10 manata başa gəlir.

Satıcının sözlərinə görə, diri satılan heyvanın əti hesablanarkən bazar qiymətindən nisbətən ucuz hesablanmalıdır. Məsələn, bazarda quzu ətinin kiloqramı 10 manatdırsa, diri heyvanın kiloqramı 9 manatdan hesablanmalıdır. Bundan əlavə, heyvanın çəkisi artdıqca qiymətdə də güzəşt olunur: “18 kiloqramlıq heyvanı 160 manata təklif edirik. Diri heyvanda ətin kiloqramın qiyməti aşağı düşür, təqribən 8-9 manata hesablanır”.

Qiymətlərin baha olması ilə yanaşı qəsəbənin bəzi qəssabxanalarında antisanitar vəziyyət hökm  sürür. Belə ki, satılıq heyvanların saxlanıldığı tövlənin qarşısında heyvanlar kəsilərək asılır. Üfunət iyi və üstü açıq olan ətlərin üzərinə qonan həşəratlar alıcıların sağlamlığı üçün də potensial təhlükədir. 

Məğrur Salmanov
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR