“Rafiq Tağı” mükafatı mərhum yazıçının məzarı başında sahiblərinə təqdim olundu - REPORTAJ, FOTOLAR
Noyabrın 23-də mərhum yazar Rafiq Tağının ölümünün dördüncü ildönümü qeyd edildi. Yazarın anım mərasimi üçün onun ailə üzvləri, yaxın dostları, həmkarları, siyasi-ictimai xadimlər və jurnalistlər “Qurd qapısı” qəbiristanlığında yerləşən məzarı başına toplaşmışdılar.
“Azad Yazarlar Ocağı”nın üzvü, yazar Rasim Qaraca ilk sözə başlayaraq, anım tədbirinə gələnlərə minnətdarlığını bildirdi: “Rafiq Tağının ideyaları sizin timsalınızda yaşayır. Onun müəmmalı şəkildə vəfat etməsi bu günə qədər də sirr olaraq qalmaqdadır. Bu, onu sevənləri düşündürür, bizləri narahat edir. Onun ideyaları və əsərləri ölməzdir”.
R.Qaraca Rafiq Tağının xatirəsinin daim yaşayacağını bildirdi: “O, bizim Azərbaycan xalqının yetirdiyi nadir ziyalılardan biridir. O, dahi şəxsiyyətlərdən biridir”.
Daha sonra R. Qaraca mərhum yazıçının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istədi.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Rafiq Tağının dünyasını dəyişdiyi vaxt həbsdə olduğunu qeyd etdi: “20-25 gün olardı ki, həbs olunmuşdum. Mən onun ölüm xəbərini alanda çox sarsıldım. Çünki, o zamanlar mətbuatımızın üzərinə ölçüsüz, qeyri-mütənasib yürüş zamanları idi. Rafiq Tağının yazılarını dəyişmədən, senzura qoymadan dərc etmişəm. R.Tağı həbsdən çıxandan sonra da öz tərzinə davam etdirdi. Azərbaycan mətbuatının başı həmişə məşəqqətlər çəkmiş təmsilçisi kimi, o, həm Yazıçılar Birliyi, həm öz əqidədaşları, həm media, həm də baş redaktorlarla hər zaman sözün üstündə vuruşan adam olub”.
Ə.Zeynallı mərhum jurnalist Elmar Hüseynovla yazıçının qətllərinin oxşar olduğunu bildirdi: “Rasim Əliyev necə öldürüldü? Getdik, gəldik bir də gördük, öldürülüb. Eyni ilə də mən həbsxanadan mətbuatı izləməyə çalışdığım qədəri ilə Rafiq Tağı da evinə gedərkən, bıçaqlandı. Özü getdi, xəstəxanaya, hər şey yaxşı idi, ancaq qəfil öldü. Mən hesab edirəm ki, media mərhum yazıçının istintaq işinə yenidən baxılması üçün ölkə rəhbərliyinə çağırış etməlidir. Söz adamı ilə sözlə danışmaq lazımdır, güllə ilə yox... Düşünürəm ki, Rafiq Tağı irsi davam etdiriləcək. Bütün Azərbaycan ictimaiyyətinə başsağlığı verirəm”.
Jurnalist Samir Kazımlı R.Tağı bıçaqlanan yerdə 24 ədəd kamera saydıqlarını bildirdi: “O qədər kamera olan yerdə mümkün deyildi ki, qatil tapılmasın. Son zamanlar “facebook”da bayraq müzakirəsi getdi. Mən onu demək istəyirəm ki, əgər Rafiq Tağı kimi yazıçılar olsaydı, bu gün belə davalar olmazdı. Çünki, o, hər şeyi aydınlaşdırırdı, konfliktə olmadan yönəldirdi. Təəssüflər olsun ki, onu da əlimizdən aldılar. İnsanlar var ki, bir peşəni bacarmırlar, o isə yazıçı olmaqdan başqa, həm də həkim idi. Onun həkim dostları deyirdilər ki, heç bir xəstənin çağırışına gecikməzdi. Elə ki, işini bitirərdi, başlayardı dəftər qələmini götürüb, yazmağa... Ruhu şad olsun...”
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı “Dalğa” gənclər təşkilatının təsis etdiyi “Rafiq Tağı” mükafatını sahiblərinə təqdim etdi.
İlk mükafat yazar Nərmin Kamala təqdim edildi: “Rafiq Tağının ideyaları ölməzdir. Onun ideyalarını bu mükafatı alanlar yaşadır. Onu qətlə yetirənlər bilməlidirlər ki, R.Tağını öldürməklə onun ideyalarını öldürmək olmaz”.
İkinci mükafat yazıçı Şərif Ağayara təqdim olundu. Ş.Ağayar sözlərinə R.Tağı üçün yazdığı maqələdən sitat gətirərək başladı: “Bizim arxamızda qaranlıqda bir qatil var. Önümüzdə isə Rafiq Tağının ideyalarına bürünmüş işıq... Ustad, biz sənin qarşında namus sözü veririk ki, elə inkişaf edəcəyik, elə böyüyəcəyik ki, o qaranlıqdakı qatil bizə çata bilməyəcək... Allah rəhmət eləsin”.
Digər mükafata isə kitaba verdiyi dəstəyə görə Şahbaz Xuduoğlu layiq görüldü. Ölkə kənarında olduğu üçün mükafat Ş.Xuduoğluna sonradan təqdim ediləcək.
R.Hacılı bu günə kimi 9 nəfərin “Rafiq Tağı” mükafatına layiq görüldüyünü və bunun hər il olduğu kimi, növbəti illərdə də davam etdiriləcəyini qeyd etdi.
Yazar Azad Qaradərəli R.Tağının qeyr-adi adam olduğunu dedi: “O, həqiqəti heç kimə güzəştə getmədən yazırdı, Heydər Əliyev də, Elçibəy də daxil olmaqla, heç kimə güzəştə getmədən deyirdi. Onu mən özümə ustad bildiyim Sabir Əhmədli ilə müqayisə edərdim. S.Əhmədli romanları, R.Tağı isə hekayələri və publisistikası ilə son dövrün ən qüdrətli qələm sahibləri idilər. O, ölümü ilə şərə qalib gəldi. Bura yığışanlar onun zərrəcikləridir. Mən inanıram ki, onu öldürtdürən qatilin adı açıqlanacaq”.
Qardaşı Alim Tağıyev gələnlərə minnətdarlığını bildirdi: “O, ziyalı idi. Naqislər onu bizdən aldılar. O, haqsızlığa qarşı vuruşurdu. Naqislər ona sözlə cavab verə bilmədilər, alçaqcasına başqa yola əl atdılar”.
NİDA-çı Ülvi Həsənli R.Tağının müdafiə etdiyi dəyərlərin daşıyıcıları olduqlarını bildirdi: “R.Tağını qətlə yetirən geriçi zehniyyət onu öldürməklə əbədiləşdirdi, nəinki onun təbliğ elədiyi dəyərlərin qarşısını aldı”.
Qeyd edək ki, 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıblar. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi.
Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakıda 1 saylı xəstəxanada vəfat edib. O, üç övlad atası idi.
Aygün SƏFƏRLİ,
Musavat.com






